Onlayn ictimai-siyasi qəzet
Parisdə “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı keçirilib
Parisdə Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifi və “Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brənin (Jean-Michel Brun) həmmüəllifi olduğu “Qafqazın mirvarisi - Şuşa” kitabının təqdimatı olmuşdur.
Tədbirdə Fransadakı səfirimiz Leyla Abdullayeva çıxış edərək, Azərbaycanın tarixi-mədəni həyatının ən vacib mərkəzi olan Şuşa haqqında məlumat vermişdir. O, bildirmişdir ki, Şuşa böyük tarixi-mədəni əhəmiyyətə, eləcə də Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malikdir. Səfir ölkəmizin ən məşhur mədəniyyət xadimləri, musiqi korifeyləri, bəstəkarları və müğənnilərinin məhz Şuşadan olduğunu vurğulayaraq, mədəniyyət paytaxtımızın bütün Qafqazın incisi adlandırıldığını diqqətə çatdırmışdır.
Sonra “Qafqazın mirvarisi - Şuşa” kitabının müəllifi, Şuşada anadan olmuş Elçin Əhmədov və həmmüəllif Jan Mişel Brənin birgə hazırladıqları videoçarx nümayiş olunmuşdur.
Şuşadan hazırlanmış videoçarxda professor Elçin Əhmədovun doğma şəhərdə tanınmış jurnalist Jan Mişel Brənə Ermənistan silahlı birləşmələrinin işğalından azad edilməsindən sonra Azərbaycanın maarifçilik beşiyi və mədəniyyət paytaxtının qədim tarixi yerləri və memarlıq abidələri haqqında geniş müsahibsi təqdim edilir. Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi oduğunu vurğulamaqla yanaşı, Şuşanın işğalından əvvəl tarixi yerləri və memarlıq abidələrinin fotoları da videomüsahibədə Fransa ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Bununla yanaşı professor, XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Şuşanın işğalı və şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalmasını fotolarla nümayiş etdirmişdir. Videomüsahibədə Elçin Əhmədov tərəfindən Şuşadakı 17 məhəllədən biri olan Mamayı məhəlləsi, bulağı və həmin məhəllədəki işğaldan əvvəl yaşadığı iki əsrlik qədim evin tamamilə yer üzündən silindiyi haqqında məlumat vermişdir. O, qeyd edib ki, Şuşada 17 məhəllənin qədim yaşayış evlərinin mütləq əksəriyyəti yarıuçuq vəziyyətdədir, bəzi evlərin isə izi belə qalmmışdır.
Bununla yanaşı, tədbirdə Elçin Əhmədovun kitabın müəllifi kimi videomüraciəti də təqdim edilmişdir. O, 28 ildən çox işğal altında qalmış Şuşanın azad edilməsindən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü hərbi yolla rellaşdrmasından danışmış, “Qafqazın mirvarisi - Şuşa” kitabının hazırlanması, məzmunu haqqında ətraflı məlumat vermişdir. Azərbaycanın mədəniyyət beşiyi Şuşanın Ermənistanın işğalı dövründə vandalizmə məruz qalmasından, işğalçılarını bu şəhərdəki Azərbaycan izini tamamilə silməyə çalışdıqlarından söz açmışdır. Şuşa azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan və həyata keçirilmiş bərpa-quruculuq işləri haqqında məlumat vermişdir.
Professor Şuşa haqında fransızdilli oxuculara təqdim edilən ilk kitabda bu qədim Azərbaycan şəhərinin tarixi, mədəniyyəti, həmçinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətləri olmuş tanınmış görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verildiyini diqqətə çatdırmışdır.
Kitabın həmmüəllifi Jan Mişel Brən nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə, kitabın işıq üzü gördüyü nəşriyyat evinin nümayəndələrinə minnətdarlığını bildirmişdir. J.M.Brən Azərbaycana, eləcə də Şuşaya səfərindən söz açaraq, qala-şəhərin ölkəmizin mədəniyyət mərkəzi olmasından ətraflı danışmışdır.
Fransa mətbuatında və televiziya kanallarında Qafqazla bağlı məqalə və reportajlarda qərəzlilik olduğunu deyərək, Fransa mətbuatının həmişə birtərəfli mövqe tutduğunu tənqid edib. J.M.Brən Şuşaya səfəri, tanınmış fotoqraf Reza Deqati, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçılarla görüşü ilə bağlı xatirələrini bölüşmüşdür.
Tədbirin bədii hissəsində vəkil Alən Tremolyer “Qafqazın mirvarisi - Şuşa” kitabında yer almış Günel Anarqızının “Qarabağ” poemasını səsləndirib. Fransada yaşayan istedadlı azərbaycanlı Səddam Novruzbəyov balabanda “Laçın” mahnısını ifa etmişdir.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ