Onlayn ictimai-siyasi qəzet
Bakıda üzərində “etibarsızdır” yazılan 60 min dollar sataraq 102 min manat ələ keçirən şəxs bir neçə saat sonra saxlanılıb. O, ələ keçirdiyi pulun 9400 manatını xərcləməyə macal tapıb.
Musavat.com xəbər verir ki, 44 yaşlı Rövşən uzun müddət beynəlxalq maliyyə bazarlarında, investisiya sahəsində çalışıb, beynəlxalq birjalarda treninqlərin təşkili ilə məşğul olub.
Lakin bu sahədə son zamanlarda fəaliyyəti uğurlu alınmadığından borcları yaranıb, gündəlik xərclərini qarşılaya bilməyib.
Bundan sonra düşünüb ki, pul tapsın və birja sahəsində işini davam etdirsin. Ağlına saxta dollar əskinasları əldə edib onu Azərbaycan manatına çevirmək gəlib. Bu məqsədlə 60 minlik “etibarsızdır” dollar kağızları əldə edib. Həmin kağız pulların üzərindəki “etibarsızdır” yazılarının görünməməsi üçün rezinlə bağlayıb.
Rövşən saxta pulları manata çevirmək üçün adam axtarmağa başlayıb. O, tez-tez getdiyi “İçərişəhər”də yerləşən “Sehirli təndir” restoranında administrator işləyən Elxan adlı şəxsə müraciət edib. Elxan pulunun olmadığını deyib. Bir müddət sonra Elxan Rövşənə zəng edərək Elnur adlı tanışının dollar almaq istədiyini deyib.
Bundan sonra Rövşənin danışığı Elnur və Müzəffər adlı şəxslərlə olub. 60 min dolları 102 min manata dəyişməyə razılaşıblar. Görüşə gələn zaman Rövşən tələsdiyini deyib. 102 min manatı alandan sonra üzərində “etibarsızdır” yazılan 60 min kağız dolları Müzəffərə verib. Müzəffər dolları saymağa, açmağa macal tapmamış Rövşən oradan qaçıb. Sonra da telefonunu söndürüb.
Rövşən pulu aldıqdan sonra borclarını ödəyib, evə marketdən bazarlıq edib, icarəyə götürdüyü maşının pulunu ödəyib, cərimələrini ödəyib və qeyri-rəsmi münasibətdə olduğu xanımın bəzi xərclərini qarşılayıb. Özünə “iPhone” markalı telefon alsa da, sonradan onu da xanıma hədiyyə edib.
Rövşən icarəyə götürdüyü maşında olan zaman mülki geyimli polislər tərəfindən saxlanılıb. Pulun qalan hissəsi maşının yük yerindən aşkar edilib. Rövşən ələ keçirdiyi pulun 9400 manatını xərcləyibmiş.
Məhkəmənin hökmü ilə Rövşən 6 il 6 ay müdddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ