Onlayn ictimai-siyasi qəzet
(II məqalə)
Bu Tar fabrikinin yanında, ordankı Şuşa gözəl görünür, Bəxtiyar müəllimin maşını dayandı. Təbii ki, biz də dayandıq. Bəxtiyar müəllim, Oktay Akbal və xanımı maşından yendilər…
Və gözlənilmədən Oktay Akbal otların üzərində uzanıb sürünməyə, torpağı öpməyə başladı. Bəxtiyar müəllimin gücü çatmadı onu yerdən qaldırmağa. Şahmar Əkbərzadə yüyürüb qonağı qucaqlayıb qaldırdı.
Bəxtiyar müəllim soruşdu:
- Oktay bəy, nə olub?
- Mən Pənah xanın nəslindənəm. Hamıdan gizlədirdim ki, birdən məni Şuşaya buraxmazlar. Uşaqlıqdan and içmişdim ki, Şuşanı görəndə dizin-dizin sürünəcəm.
Əynində ağ kostyum vardı, ot onu gömgöy göyərtmişdi.
Sonra Şuşanın birinci katibi Əhəd Kərimov ona təzə kostyum bağışlasa da kostyumunu dəyişmədi.
- Bu takım əlbisəylə əynimdə Türkiyəyə qayıdacam, sonra onu evin ən görkəmli yerindən asacam. Çünki onda Şuşa torpağının, otunun ətri var. Müsafirlərimə də lovğa-lovğa deyəcəm ki, mən getdim babamın tikdiyi şəhəri gördüm.
Mən bunu dəfələrlə yazmışam, dəfələrlə də xanımıma danışmışam. O da xətrimə dəyməmək üçün qulaq asır.
Ərimgəldiyə az qalmış yolun kənarında bir çayxana var, maşını orda saxlayıram.
Qacar Tiflisi yandırıb yenidən Şuşaya qayıdanda, bax, bu yerdə atını saxlayıb və Qalaya xəbər göndərib ki:
- Ya qapıları açın, ya da sizi Tiflisin gününə salaram.
Sonra qapılar açılır, Şuşanın axundu ağsaqqallarla birlikdə gəlib Qacarın hüzuruna, diz çöküb Şahənşahın atının ayağından öpüb və Qalanın açarlarını təqdim edir.
Xanımım deyinir:
- Bunu Batmanqılıncda yazmısan, oxumuşam da.
- Bunu məndən əvvəl Yusif Vəzir Çəmənzəminli yazıb. Qarabağnamələrdə də var.
Həmin yerdən ilk gözə dəyən Şuşa həbsxanasıdı. Yəqin çoxları bilmir ki, bu həbsxananı Xan qızı Natəvan tikdirib. Xan qızının qardaşı cinayət törətdiyinə görə həbs olunmuşdu, Sibirə göndərmək istəyirdilər, Xan qızı da Çara müraciət edir ki, icazə ver Qalada bir həbsxana tikim, qardaşım cəzasını orda çəksin. Çar da Xan qızının xətrinə dəymir. Təbii ki, həmin həbsxana indiki müasir həbsxanalardan fərqlənirdi. Zindan formasında tikilmişdi. 15 nömrəli kamerada da Xan qızının qardaşı yatmışdı. Bu kameraya burjuy kamerası deyirdilər. «Dolu» romanında bu barədə yazmışam. Bu kamerada yatanlar sonra lovğa-lovğa danışırdılar:
- Sən mənlə söhbət eləyə bilməzsən, mən on beş nömrəli kamerada yatmışam.
Nodar Dumbadzenin «Ağ bayraqlar» əsərində belə bir yer var. Yazır ki, Metex qalası (həbsxanası) Çar hökuməti vaxtı tikilmişdi. Sonra sovetlər hakimiyyətə gələndə bu həbsxanaya bir qədər əl gəzdirib adı və funksiyasını saxlamaqla verdilər zəhmətkeşlərin daimi istifadəsinə.
İndi sovetlər gələndən sonra Şuşa həbsxanasına da bir az əl gəzdirib adı və funksiyasını saxlamaqla vermişdilər zəhmətkeşlərin daimi istifadəsinə.
Yekə-yekə danışmaq olmasın, mənim Dəvəçi adlı (əsl adı Hafiz idi, amma Qarabağda hamı onu Dəvəçi çağırırdı) özündən razı bir dayım vardı. O da gəbəli-xəlili həmin kamerada yatmışdı. Əsgərlikdən imtina etdiyinə görə tutmuşdular.
Xanımım:
- Dayın Sovet ordusuna xidmət eləməyə etiraz etməmişdi ey, qorxusundan əsgərliyə getməmişdi.
Və əslində dediyi həqiqət idi.
1992-ci ilin mayından sonra bu həbsxanada ermənilər bizim əsirləri saxlayırdılar. Bu həbsxananın divarları bizim əsirlərə verilən işgəncələrin şahididi. Dilləri olsa nələr danışardı, onu bir Allah bilir.
Yəqin ki Şuşa bir mədəniyyət mərkəzi olduğuna görə daha burda həbsxana fəaliyyət göstərməz. Amma həmin həbsxananı təmir edib İşgəncələr muzeyinə çevirə bilərlər. Gələn turistlər də görər ki, ermənilər burda azərbaycanlı əsirlərin başına nə oyun açıblar, necə işgəncələr veriblər.
Nəhayət, polislər portalda adımızı yoxlayandan sonra bizi buraxırlar şəhərə, Gəncə qapısından giririk. Gözümün qabağına Şuşanın girişindəki çayxananın üstünə çıxıb şəkil çəkdirən ermənilər gəlir. İndi həmin çayxana yoxdu, söküblər.
Gəlirik «Şuşa» otelinə. Otelin əməkdaşları məni tanıyır.
Deyirlər:
- Aqil müəllim, siz Qarabağ komandasıyla da gəlmişdiniz
Resepşndə işləyən xanım qız nəzakətlə soruşur:
- Müəllim, keçən dəfəki otağınızı verim?
- Fərq etməz.
Ağdamdan Şuşaya yarım saatlıq yol olsa da biz bu yolu iki saata gəlmişik. Gəzə-gəzə gəlmişik, vaxtımızın çoxunu da Xankəndidə keçirmişik.
Bir saat istirahət edəndən sonra düşürük şəhəri gəzməyə.
Şuşaya ilk köçənlərdən, evinin açarlarını da Möhtərəm Prezidentdən alan Kərim Kərimliyə zəng edirəm. Təbii ki, birinci təbrik edirəm, «sağ əlin bizim başımıza» deyirəm, sonra da:
- Kərim, biz düşdük Qoç ətdə bir tikə çörək yeməyə, gəl ora.
Gəlirik «Qoç ət»ə. Hava yaxşı olmasına baxmayaraq, bayıra qulluq eləmirlər, deyirlər ki, keçin içəri.
Keçib bir stolun arxasında otururuq. Gözləyirik, yaxınlaşan yoxdur. Ofisiantı çağırmaqdan yorulmuşam:
- Ay qardaş, bir bəri bax.
Ofisiantın vecinə də deyil. Öz-özünə gileylənir:
- Mən neyləyim, tək qalmışam.
Yadıma köhnə bir rus anekdotu düşür. Bir rus bir yaponla Moskvada oturur restoranda, nə qədər gözləyirlər «Qoç ət»də olduğu kimi, ofisiant yaxınlaşmır. Yapon cibindən kibrit qutusu çıxarır və bir kibriti yandırıb tutur əlində, kibrit yanıb qurtarır, amma ofisiant gəlmir.
Yapon:
- İkinci kibriti də yandıracam ha.
Rus:
- Yandır da, nə olacaq?
- Əgər ikinci kibrit yanıb qurtaranacan ofisiant gəlməsə onu işdən çıxaracaqlar.
Rus gülüb deyir:
- O, Yaponiyadadı. İstəyirsən bütün qutunu yandır, heç kim onu işdən çıxarmayacaq.
«Qoç ət» əsl Avropa restoranıdı, Avropada da yarım saatdan çox ofisiant gözləyirsən.
Nəhayət, ofisiant menyünü gətirir. Menyüda ağız dadımıza uyğun nə isə axtarırıq. Hansını soruşuruqsa, ofisiant deyir, o yoxdur. Yaxud da deyir ki, hələ hazırlanmayıb.
- Bəs, nəyiniz var?
- Hazır şalanpurumuz var, bir də kabablar.
Bu vaxt Kərim gəlib çıxır.
- Kərim, deyirlər burda şuşalıların öz kafesi var, bizi apar ora, bir Qarabağ yeməyi yeyək.
- Var idi, kiminsə mülkündə yerləşmişdilər, mülk sahibləri şikayət etdilər çıxartdılar. İndi deyəsən, şəhərin aşağısında, hardasa bir yer götürüb işlədirlər. Qoy zəng edib yerini öyrənim gedək.
Yerini öyrənir, dururuq. Çıxanda istəyirəm «Qoç ət»i işlədənlərə «Məşədi İbad» kinosundakı kimi deyəm ki, mənim min manatlıq papağım burda qalsa, onun dalınca bura gəlmərəm. Demirəm, sadəcə istehza ilə süzüb çıxıram.
Şəhərin ucqar bir yerində axtarıb şuşalıların kafesini tapırıq. Bizi çox hörmətlə qarşılayırlar, xeyli də adam var. Bayırda stol azdı, dörd nəfər gənc tez ayağa qalxır ki:
- Buyurun, oturun. Biz çayı ayaq üstə də içərik.
Dərhal bir çay verirlər və soruşurlar ki, nə hazırlayaq?
- Əsl Qarabağ çığırtması.
Mənzərəli bir yerdi. İki göz istəyir tamaşa eləsin, hava da xoş.
Duranda hesabı almaq istəmirdilər, tək mənə görə yox, elə Kərim müəllimə görə də. Az qala əlbəyaxa olub hesabı ödəyirik.
Qorxuram mənim bu yazımdan sonra «Qoç ət»in sahibləri şuşalıların kafesini bağlada.
Xanımım:
- Kərim, burda bir məktəb direktoru vardı Arsen Xaçaturyan, biz atamla onun qonağı olmuşduq. O evi mənə göstərə bilərsən?
Kərim:
- Əvvəl çıxaq Cıdır düzünə, sonra tapıb göstərərəm…
Qalanı da qalsın sabaha.
Xanımımın «Yol» romanı var. Mən Laçın səfərini onun kimi yaza bilməsəm də, amma təxminən povest kimi yazacam. Əgər oxucular istəsə.
(Ardı var)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ