İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şuşa qlobal siyasi-iqtisadi gündəmin müzakirə olunduğu mərkəzlərdən birinə çevrilib”- Hikmət Babaoğlu

 

“Bu gün Şuşa Azərbaycanın təkcə mədəniyyət, musiqi paytaxtı deyil, həm də bir-birindən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi mühüm mərkəzlərindən biridir. Hər şeydən öncə bu Azərbaycanın hərbi-siyasi gücü və beynəlxalq nüfuzu ilə əlaqələdirilməlidir. Əgər bizim gücümüz olmasaydı, Şuşanı işğaldan azad edə bilməzdik. Beynəlxalq nüfuzumuz olmasaydı, Şuşada belə tədbirlər həyata keçirə bilməzdik”.

Deputat Hikmət Babaoğlu bu fikirləri Musavat.com-a Şuşada keçirilən beynəlxalq tədbirlər barədə danışarkən söylədi. Onun sözlərinə görə, belə tədbirlərin əhəmiyyəti isə çoxməqsədli və çoxşaxəlidir: “Diqqət etsək, görəcəyik ki, Şuşada milli musiqi və mədəniyyətimizin, poeziyamızın təbliğ olunması və tanıdılması istiqamətində ayrı, dini mədəni abidələrimizin tanıdılması istiqamətində, yaxud beynəlxalq siyasi proseslər və hadisələrlə bağlı tamam fərqli tədbirlər keçirilir. Ancaq istənilən halda Şuşaya gedən hər bir qonağın, xarici ölkə vətəndaşları və siyasətçilərin, mədəniyyət və ictimai xadimlərin ilk rastlaşdığı şey ermənilərin 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandallıq olur”.

H.Babaoğlu əlavə etdi ki, bu, erməni faşizmini ifşa etməyin ən yaxşı üsullarından biridir: “Ancaq şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev həm də Şuşadan dünyaya və Ermənistana siyasi masajlar vermək ənənəsini də yaradıb. Bu, özlüyündə tamamilə fərqli və yeni bir ənənədir. Şuşanın tarixi şöhrətinin özünə qaytarılmasıdır. İlk belə tədbirlər həyata keçirilərkən məğlub Ermənistan beynəlxalq təşkilatlara, iştirak edən xarici ölkə siyasətçi və diplomatlarına məktublar göndərərək buna etiraz etmək istəyirdi. Ancaq indi Şuşa qlobal siyasi-iqtisadi gündəmin müzakirə olunduğu mərkəzlərdən birinə çevrilib və özünəməxsus ənənə yaradıb”.

 Deputat bildirdi ki, elə 9-cu Qlobal Bakı Forumunun panel iclaslarından birinin Şuşada keçirilməsi də bu göstəricilərdən biridir:

“Şuşada IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasının gündəliyi isə “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonlarının Yenidənqurulması və İnkişafına Baxışı” mövzusunda idi. Göründüyü kimi gündəm qurmaq, yaratmaq,  inkişaf etdirmək, sülh və rifah gətirməkdir. Elə dünyaya verilən mesaj da bu idi. Biz işğaldan azad edilmiş ərazilərimizi bərpa edəcəyik, yenidən quracağıq və bu istiqamətdə bizimlə əməkdaşlıq etmək istəyən hər bir subyektə açığıq”.

E.Paşasoy,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR