İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Bəyannaməsinin 3 ili - hansı işlər görüldü?

Deputat: “Bu bəyannamə 2021-ci ildən sonra bütün ərazimizdə suverenliyimizin bərpa edilməsi istiqamətində mübarizədə mövqelərimizi gücləndirən amillərdən biri oldu”

2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. 

Bu bəyannamənin mühüm strateji, hərbi, siyasi, iqtisadi cəhətləri və bu kontekstdə dünyaya verilən mesajlarla yanaşı, sənəd iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. 

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir, eyni zamanda əhatəli sülhə və inteqrasiyaya yol açır.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin bütün sahələrdə müttəfiqliyini rəsmiləşdirən sənəddir.

Siyasi, hərbi, iqtisadi, mədəni əlaqələrin ən yüksək səviyyədə qurulmasını özündə ehtiva edən bu bəyannamə müasir Azərbaycan tarixində özünə ən çox diqqət çəkən sənəd kimi tarixə düşüb.

Azərbaycan müstəqilliyinin 30 ilində bir çox dövlətlərlə ən yüksək səviyyədə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalayıb, amma heç bir sənəd Şuşa Bəyannaməsi qədər önəmli və tarixi olmayıb. Bu bəyannaməni önəmli edən bir çox mühüm məqamlar var. Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi, hər iki ölkənin   sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış etmək, türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərdə regional və beynəlxalq səyləri birləşdirmək bu bəyannamənin əsas özəyini təşkil edir. Bu, “sərhədin sərhədim, dostun dostum, düşmənin düşmənimdir” demək anlamına gəlir.

44 günlük müharibədə zatən Türkiyə bu qardaşlıq prinsiplərinə sadiq olduğunu göstərmişdi. Şuşa Bəyannaməsi bu qardaşlığın qarşılıqlı təsdiqi idi. Prezident İlham Əliyev müharibə və ondan sonrakı dövrdə bu qardaşlığın sağlam təməllərə söykəndiyini dəfələrlə qeyd etmişdi.  İlham Əliyev  “bizim sözümüz imzamız qədər qiymətlidir” sözlərini həm də Şuşa Bəyannaməsinə imzası ilə təsdiq etdi.

Bəs, Bəyannamədən ötən 3 il ərzində bu sənəd üzrə konkret hansı işlər görüldü, hansı addımlar atıldı? Bəs bu bəyannamədən doğan bir amil kimi, Şuşada konsulluğun açılması nə zaman baş tuta bilər?

Aydın Hüseynov: Heydər Əliyevin fəaliyyətinin zirvəsi müstəqil Azərbaycan  dövlətini qurmasıdır | 1news.az | Xəbərlər

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, 2021-ci ilin 15 iyununda azad Şuşada imzalanan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə müttəfiqliyi rəsmiləşdirən sənəd olan Şuşa Bəyannaməsi 2022-ci ilin fevralında hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildi və dövlət rəhbərləri tərəfindən də təsdiqlənib. Həmin vaxtdan etibarən Şuşa Bəyannaməsi rəsmi qüvvəyə minən müttəfiqlik sənədidir: “Şuşa bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanmasının böyük simvolik mənası var idi. Tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ”Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Şuşa Bəyannaməsi milli iradənin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Bu, çox böyük strateji və tarixi müqavilədir. Bu sənəd iki qardaş dövlətin strateji, hərbi müttəfiqliyini rəsmiləşdirmiş oldu. 2010-cu ildə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım barədə imzalanmış müqavilə də mövcud idi. Ancaq Şuşa Bəyannaməsi yeni reallıqlar yarandıqdan sonra imzalanıb və daha dəqiq, daha geniş əhatəli müttəfiqlik sənədidir. Azərbaycan-Türkiyə müttəfiqliyi qədər səmimi, sıx ittifaq dünyada yoxdur. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Cəmi üç il zaman keçməsinə baxmayaraq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilib və keçirilməkdədir. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı dərinləşdirən bir sıra addımlar atılıb. Şuşa Bəyannaməsi 2021-ci ildən sonra Qarabağdakı keçmiş separatçı quldur rejimin torpaqlarımızdan silinib atılması və bütün ərazimizdə suverenliyimizin bərpa edilməsi istiqamətində mübarizəmizdə Azərbaycanın mövqelərini gücləndirən ciddi amillərdən biri oldu. 

Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin daha bir  strateji əhəmiyyəti həm də budur. Artıq Türkiyə ilə Azərbaycanın hərbi müttəfiqliyini rəsmiləşdirən ratifikasiya olunmuş sənəd mövcuddur. Bəyannamədə konkret qeyd edilir ki, tərəflərdən hər hansı birinin suverenliyinə, ərazi bütövlüyünə təhlükə olarsa, müdaxilə olarsa, müttəfiq tərəf müdaxilə edəcək və öz müttəfiqini qoruyacaq. Odur ki, Türkiyə bundan sonra istənilən vaxt öz silahlı qüvvələri ilə Azərbaycanın müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib".

A.Hüseynov qeyd etdi ki, iki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi sənəd eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır.

Deputatın sözlərinə görə, Şuşa Bəyannaməsi regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından da önəmlidir. Bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Üç il ərzində Azərbaycanla Türkiyə arasında iqtisadi, ticarət əlaqələri daha da genişlənib. Bütövlükdə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradıb.

Həmsöhbətimiz onu da dedi ki, Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına da ciddi stimul verib. Türk Dövlətləri Təşkilatının yenilənməsi, daha da dərinliyə nüfuz edən təşkilatlanmanın həyata keçirilməsi, intensiv zirvə toplantılar, imzalanan sənədlər bunu deməyə əsas verir: “Şuşa Bəyannaməsinin imzalamasından keçən üç ildə Şuşa Türk dünyasının bir araya gəldiyi paytaxtlardan birinə çevrilib.

Bu bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırıb. Türkiyə-Azərbaycan tandemi digər türk dövlətləri üçün də yeni fürsətlər yaradıb. 

Gələcəkdə Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğunun açılacağı da məhz Şuşa Bəyannaməsi imzalandıqdan sonra bəyan edilib. Gün gələcək biz konsulluğun açıldığını da qeyd edəcəyik". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR