İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa Bəyannaməsi: sərhədin sərhədim, düşmənin düşmənimdir!

Azərbaycanla Türkiyənin bütün sahələrdə müttəfiqliyini rəsmiləşdirən sənədin imzalanmasından 1 il keçdi

Bu gün 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından 1 il ötür. Siyasi, iqtisadi, mədəni əlaqələrin ən yüksək səviyyədə qurulmasını özündə ehtiva edən bu bəyannamə müasir Azərbaycan tarixində özünə ən çox diqqət çəkən sənəd kimi tarixə düşüb.

Azərbaycan müstəqilliyinin 30 ilində bir çox dövlətlərlə ən yüksək səviyyədə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalayıb, amma heç bir sənəd Şuşa Bəyannaməsi qədər önəmli və tarixi olmayıb. Bu bəyannaməni önəmli edən bir çox mühüm məqamlar var. Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi, hər iki ölkənin   sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış etmək, türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərdə regional və beynəlxalq səyləri birləşdirmək bu bəyannamənin əsas özəyini təşkil edir. Bu, “sərhədin sərhədim, dostun dostum, düşmənin düşmənimdir” demək anlamına gəlir.

44 günlük müharibədə zatən Türkiyə bu qardaşlıq prinsiplərinə sadiq olduğunu göstərmişdi. Şuşa Bəyannaməsi bu qardaşlığın qarşılıqlı təsdiqi idi. Prezident İlham Əliyev müharibə və ondan sonrakı dövrdə bu qardaşlığın sağlam təməllərə söykəndiyini dəfələrlə qeyd etmişdi.  İlham Əliyev  “bizim sözümüz imzamız qədər qiymətlidir” sözlərini bu dəfə həm də Şuşa Bəyannaməsinə imzası ilə təsdiq etdi.

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, 15 iyun Azərbaycan tarixinə həkk olunmuş iki çox böyük tarixi hadisənin yaşandığı böyük tarixi gündür. Birincisi 1993-cü ilin 15 iyunudur ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövlətimizin, xalqımızın Milli Qurtuluşu günü olaraq tarixə düşüb. İkincisi isə 2021-ci ilin 15 iyununda azad Şuşada Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə müttəfiqliyi rəsmiləşdirən sənəd olan Şuşa Bəyannaməsi imzalandı: “Şuşa Bəyannaməsi bu ilin fevralında hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edildi və dövlət rəhbərləri tərəfindən də təsdiqləndi. Artıq bu, rəsmi qüvvəyə minən müttəfiqlik sənədidir. Şuşa Bəyannaməsi çox böyük strateji və tarixi müqavilədir. Bu sənəd iki qardaş dövlətin strateji, hərbi müttəfiqliyini rəsmiləşdirmiş oldu. 2010-cu ildə Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım barədə imzalanmış müqavilə də mövcud idi. Ancaq Şuşa Bəyannaməsi yeni reallıqlar yarandıqdan sonra imzalanıb və daha dəqiq, daha geniş əhatəli müttəfiqlik sənədidir. Azərbaycan-Türkiyə müttəfiqliyi qədər səmimi, sıx ittifaq dünyada yoxdur. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Qısa zaman keçməsinə baxmayaraq artıq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır”.

Deputat Ceyhun Məmmədov – Müsəlman ölkələrində din təhsili

Ceyhun Məmmədov 

Deputat qeyd etdi ki, bu sənəd regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından da önəmlidir. Bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından çox mühüm məsələ hesab olunur: “Bu sırada Zəngəzur dəhlizindən danışmamaq mümkün deyil. Bəyannamədə Zəngəzur dəhlizi ilə əlaqələrin qurulması xüsusi əksini tapır. Bütövlükdə isə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradır”.

C.Məmmədov onu da dedi ki, Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına gətirib çıxarır: “Ümumilikdə götürdükdə isə Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsindən sonra Azərbaycanın təhlükəsizliyi üçün Türkiyənin önəmini bir daha təsdiqləyir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin daha bir  strateji əhəmiyyəti həm də budur. Artıq Türkiyə ilə Azərbaycanın hərbi müttəfiqliyini rəsmiləşdirən ratifikasiya olunmuş sənəd mövcuddur. Eyni zamanda gələcəkdə Azərbaycanın hazırda erməni separatçıları olan bölgəsində suverenliyimizin bərpası üçün də bu müttəfiqlik sənədinin çox böyük əhəmiyyəti var. Bəyannamədə konkret qeyd edilir ki, tərəflərdən hər hansı birinin suverenliyinə, ərazi bütövlüyünə təhlükə olarsa, müdaxilə olarsa, müttəfiq tərəf müdaxilə edəcək və öz müttəfiqini qoruyacaq. Odur ki, Türkiyə bundan sonra istənilən vaxt öz silahlı qüvvələri ilə Azərbaycanın müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”.

Aqil Məmmədov: Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə Kəlbəcərdə  də həyat öz axarına düşəcək - AZƏRTAC


Aqil Məmmədov

Milli Məclisin deputatı Aqil Məmmədov isə bildirdi ki, Şuşa Bəyannaməsinin imzalanmasının 1 illiyini bayram əhval-ruhiyyəsi ilə qeyd edirik: “Azərbaycan və Türkiyə arasında tarixi münasibətlərə əsaslanan Şuşa Bəyannaməsi qardaşlığın rəmzidir və çox böyük əhəmiyyətə malik müttəfiqlik sənədidir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında artıq yeni, keyfiyyətcə daha müasir münasibətlər, strateji tərəfdaşlıq formalaşdırır.  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymuşdur. Şuşa şəhərində imzalanan ”Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" qardaşlığın rəmzi olan bir bəyannamədir. Bu bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırıb.

Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır".

Deputatın sözlərinə görə, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməyi nəzərdə tutur: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edən Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir.

Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olmaqla, Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları daha da artıracaqdır.

Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlıq var və bu əməkdaşlıq sayəsində yaranan yeni iqtisadi perspektivlər, o cümlədən Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Geosiyasi əhəmiyyətə malik olan bu nəqliyyat layihəsi  reallığa çevrilir.

Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Bu səbəbdən Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev bəyan edib ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı və işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR