İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada döyüşüb, Azərbaycanda həbs yatanların cəzası yumşaldılacaqmı?

 

Suriyada müxalifət qüvvələri noyabrın 27-də başladılan genişmiqyaslı hücumlar nəticəsində paytaxt Dəməşqi ələ keçirərək prezident Bəşər Əsədi devirdilər. Bu əməliyyat ölkədə 13 ildir davam edən və yüz minlərlə insanın həyatını itirdiyi vətəndaş müharibəsinə qəfil son qoydu. Əsəd rejiminin ordusu müxaliflərin güclü hücumları qarşısında sürətlə geri çəkildi. İki həftə ərzində rejim qüvvələri ciddi müqavimət göstərə  və paytaxt Dəməşqin süqutuna mane ola bilmədi.

Suriya xalqı Bəşər Əsəd və atası Hafiz Əsədin təqribən yarım əsrlik dövrünü tarixin xarabalaqlarına gömdü. Əsədin tərəfdarları – İran, Rusiya, “Hizbullah” zəiflədiyindən ona dəstək verə bilmədilər və o, ailəsi ilə birgə Rusiyaya qaçdı.

Belə bir məqamda vaxtı ilə Suriyada döyüşən və sonradan Azərbaycanda həbs olunan azərbaycanlılarla bağlı məsələ ciddi və geniş müzakirələrə səbəb olub. Çünki İŞİD terror təşkilatı yaranandan bəri Azərbaycandan da Suriyaya gedərək qanunsuz silahlı qruplaşmalara qoşulanlar, döyüşənlər olub. Bu barədə dəfələrlə ölkə mətbuatında yazılıb, həbs olunanların məhkəməsi işıqlandırılıb. Ölkəni tərk edərək İŞİD, "Cəbhətül-Nusra", "Cundu Şam", "Ömər Şişani"nin dəstəsi, "Azəri camaatı", "Ceyşul-Mühacirun və Ənsar"və"Ceyşul Hur" kimi qanunsuz silahlı birləşmələrdə vuruşmaqda ittiham edilənlər, buna cəhd göstərənlərin barəsində cinayət işləri açılıb, mühakimə olunublar.

Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir və bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1-ci maddəsi ilə cəzalandırılır.

Suriyada döyüşən və Azərbaycanda həbs olunan şəxslərin dəqiq sayı ilə bağlı rəsmi və konkret məlumatlar məhduddur, çünki bu cür məlumatlar çox vaxt təhlükəsizlik məqsədilə tam açıqlanmır. Lakin müxtəlif mənbələrə və rəsmi bəyanatlara əsasən, onlarla azərbaycanlı Suriyada qeyri-qanuni silahlı birləşmələrdə iştirak etdiklərinə görə geri dönərkən həbs olunub.

Suriyada "döyüşən" azərbaycanlılar saxlanılıb - BBC News Azərbaycanca

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin açıqlamalarına əsasən deyə bilərik ki, 2020-ci ildən sonra terrorizm və radikalizm ittihamları ilə 80-dən çox azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.

Azərbaycan Cinayət Məcəlləsinin 283-1-ci maddəsi ("xarici silahlı münaqişələrdə iştirak") əsasında cinayət işi açılan və məhkəmə tərəfindən həbs olunan şəxslərin sayı müxtəlif dövrlərdə dəyişir. Ümumilikdə bu rəqəmin 100-dən çox olduğu ehtimal edilir.

Maraqlıdır Əsəd rejiminə qarşı döyüşmüş və Azərbaycanda həbs həyatı yaşayan şəxslərə qarşı münasibət yaranmış vəziyyətlə bağlı yumşaldıla bilərmi? Onlara tətbiq edilən cəzalarda dəyişikliyin olması mümkündürmü?

Mövzu ilə bağlı Musavat.com-a danışan hüquqşünas Vaqif Hüseyn deyir ki, Azərbaycanda terror cinayətləri xüsusi həssaslıqla izlənilir və onu edənlərə qarşı ağır cəzalar tətbiq edilir. 

"Bu şəxslərin adı əgər terrorçular siyahısına düşübsə və onların terror fəaliyyətlərində iştirakı sübut olunubsa, onların həbs olunmasında qeyri-adi heç bir şey yoxdur. Azərbaycan bu məsələdə digər ölkələrdə ciddi şəkildə əməkdaşlıq həyata keçirir. Həmin şəxslərin terror əməllərində iştirakı müəyyən olunarsa, onlar buna görə mühakimə oluna bilərlər.

Artıq həbs olunanlarla bağlı deyə bilərəm ki, terror məsələsi bir az həssas mövzudur. Ümumilikdə isə deyə bilərəm ki, hüquqi praktikada terrorçularla bağlı əfv məsələsinə rast gəlməmişəm.  Onların aldadılıb aparılması da cinayət məsuliyyətini azaltmır.

İstintaqla könüllü şəkildə əməkdaşlıq edən, şəbəkə, təşkilat haqqında mühüm məlumatları dövlətə ötürən şəxslər haqqında isə fərqli qərarlar verilə bilər".

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR