Onlayn ictimai-siyasi qəzet
Gürcüstanla Rusiya arasındakı “Yuxarı Lars” keçid məntəqəsində yüzlərlə yük maşını uzun növbədə qalıb.
Musavat.com xəbər verir ki, Şimali Osetiyanın Yol Hərəkətinin Təşkili Mərkəzinin məlumatına görə, hazırda 1907 yük maşını keçid üçün növbəyə yazılıb. Onların arasında 600-dən çoxu Ermənistan dövlət nömrə nişanlıdır.
Son aylarda Ermənistan yük maşınlarının Rusiyaya girişində ciddi problemlər yaşanır.
Musavat.com-un araşdırmasına görə, artıq bir neçə aydır erməni daşımaları Rusiya ərazisinə daxil olmaqda çətinlik çəkir. Rəsmi izah verilməsə də, müşahidəçilər bu vəziyyəti Moskvanın İrəvana qarşı siyasi təzyiqi kimi qiymətləndirir.
Qeyd edək ki, bir tərəfdən Rusiya rəsmiləri, o cümlədən baş nazirin müavini Overçuk Ermənistan və Azərbaycanın Moskvanın müttəfiqi olduğunu bəyan edir. Digər tərəfdən isə real vəziyyət tam fərqli mənzərə yaradır – erməni maşınları günlərlə sərhəddə gözləməyə məcbur edilir, Azərbaycan tərəfinə isə müxtəlif sahələrdə əlavə çətinliklər yaradılır.
Beləliklə, “Yuxarı Lars” məntəqəsində yaranmış böhran təkcə nəqliyyat probleminə çevrilməyib, həm də Moskva ilə İrəvan arasındakı gərgin münasibətlərin yeni göstəricisi hesab olunur. Ermənistanda bu vəziyyət narazılıq doğurur, Rusiyanın “müttəfiqlik” iddiaları isə sözlərlə praktik addımlar arasında ciddi ziddiyyət kimi görünür.
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ