İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya hökuməti bəyanat yaydı: O qətliam video və şəkilləri yeni deyil...

Suriya İnformasiya Nazirliyi ölkənin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmaların davam etdiyi qərb əyalətlərində dinc əhalinin kütləvi şəkildə öldürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edən bəyanatla çıxış edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, nazirlik əhalinin kütləvi öldürülməsinə dair xarici mediada yayılan videogörüntü və fotoların köhnə olduğunu bildirir: "Son iki gündə köhnə foto və videoların yenidən yayılması üçün sistematik cəhdlər qeydə alınıb. Onların bəziləri əvvəlki illərə aiddir, digərləri isə ölkədən kənarda lentə alınıb. Bu materiallar bilərəkdən Suriyanın sahil əyalətlərində cari hadisələr kimi təqdim olunur ki, bu da açıq şəkildə ictimai rəyi manipulyasiya etmək, nifaq salmaq və vəziyyəti destabilləşdirmək məqsədi daşıyır".

Nazirlik foto və videoların yayılmasının arxasında “mətbuat vasitəsilə təhrik kampaniyalarını gücləndirən, xaos səpmək və dezinformasiya yaymaq istəyən düşmən tərəflər”in dayandığını qeyd edir.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumətinin təhlükəsizlik qüvvələri ilə Suriyanın keçmiş prezidentinin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli döyüşlər Bəşər Əsəd ailəsinin mənsub olduğu etnik və dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib. Yeni hakimiyyət yuxarıda adı çəkilən əyalətlərə ordu hissələri və zirehli texnika yerləşdirib, əsas şəhərlərdə komendant saatı tətbiq edildi. Davam edən toqquşmalar ölkədə hakimiyyət dəyişikliyindən sonra keçid hökuməti üçün ən ciddi çağırışa çevrilib.

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaraa ölkənin qərbindəki hadisələrlə bağlı xalqa etdiyi ilk müraciətində “bu döyüşə qoşulan bütün qüvvələri komandanlığa tabe olmağa” çağırıb. Bu tələb ilk növbədə yeni Müdafiə Nazirliyinin strukturuna rəsmən daxil olmayan, lakin yeni hakimiyyətin tərəfində hərbi əməliyyatlarda iştirak edən qruplaşmalardan olan silahlılara ünvanlanıb. Dəməşq rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar bütün qeyri-hökumət qruplarını tərksilah etməyə çalışacaqlar.

Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri keçmiş prezidentin 250 silahlı tərəfdarı öldürülüb, yeni hakimiyyətin tabeliyində olan təhlükəsizlik qüvvələri isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında ölənlərin sayı 800-ü ötüb, əksəriyyəti Ələvi icmasındandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR