Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Musavat.com xəbər verir ki, görüş Dolmabaxça sarayında, prezidentin iş ofisində baş tutub.
Səfərin detalları və danışıqların əsas mövzusu hələlik açıqlanmayıb, lakin regional kontekst və dəyişən geosiyasi reallıqlar fonunda bu görüşün əhəmiyyəti danılmazdır.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə, Paşinyanın səfərinin əsas məqsədi Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasıdır. Deputat bildirir ki, İranla baş verənlər, Rusiya ilə münasibətlərdəki gərginlik və Gürcüstanın Avropa layihəsindən uzaqlaşması fonunda Ermənistanın siyasi manevr imkanları ciddi şəkildə məhdudlaşıb. Musabəyovun sözlərinə görə, Ermənistan üçün yeganə sabit Avropa çıxışı Türkiyədir və buna görə də Ankara ilə münasibətlərin normallaşdırılması İrəvan üçün həyati əhəmiyyət daşıyır.
Lakin Türkiyə bu məsələdə öz şərtlərini irəli sürür: Ermənistanla münasibətlərin qurulması Azərbaycanın razılığı və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından asılıdır.
Deputat qeyd edir ki, prezident İlham Əliyevin Paşinyanın səfərindən öncə Türkiyədə olması da təsadüfi deyil və bu prosesdə Bakının mövqeyi həlledici olacaq. Ermənistan bu oyunun qaydalarına uyğun oynamasa, regional təcriddən çıxışı mümkün görünmür.
Türkiyə-Kazaxıstan politoloqu, “Böyük Turan İttifaqı” Fondunun rəhbəri Serikjan Mambetalin də qeyd edir ki, Paşinyanın səfəri təkcə diplomatik jest deyil, Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş daha geniş strateji xəttin tərkib hissəsidir. Politoloqun fikrincə, Paşinyanın Ankaraya deyil, məhz İstanbula dəvət olunması xüsusi simvolik mənaya malikdir:
"Bu şəhərdə böyük erməni diasporası yaşayır, məktəblər, kilsələr, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mambetalin vurğulayır ki, İstanbulun zinət əşyaları bazarının böyük hissəsi ermənilərin nəzarətindədir və bu səfər tarixidir".
O həmçinin qeyd edir ki, İranla İsrail arasında artan gərginlik fonunda Tehran Ermənistan üçün artıq sabit dəstəkçi rolunu itirir. Bu isə Paşinyanı daha praqmatik mövqe tutmağa vadar edir. Onun əsas hədəfi münaqişəni Ermənistanın maraqlarına uyğun şəkildə sonlandırmaq və ölkəsinin iqtisadi və siyasi izolyasiyasını aradan qaldırmaqdır.
Ekspert praktiki məsələlərə toxunaraq qeyd edir ki, Zəngəzur dəhlizinin açılması danışıqlarda əsas müzakirə mövzularından biri olacaq. Ermənistan bu layihə ətrafında özünə sərfəli şərtləri əldə etməyə çalışacaq. Mambetalin bildirir ki, Rusiya daxili problemlər səbəbindən bölgədən uzaqlaşıb və Ermənistanın real iqtisadi partnyorları sıradan çıxıb. Bu səbəbdən Paşinyan coğrafi reallıqları nəzərə alaraq sərhədlərin açılması və “Orta Dəhliz”ə inteqrasiya kimi addımlara meyillidir.
Politoloq xatırladır ki, Ermənistan bu dəhlizin kritik hissəsi olmasa da, mövcud geosiyasi vəziyyət fonunda vaxt itirmək lüksünə malik deyil. Zəngəzur yeganə yol deyil – Gürcüstan və İran alternativ marşrutlardır. Amma İranda rejim dəyişikliyi ehtimalı və daxili gərginlik Ermənistanın tranzit əhəmiyyətini azalda bilər.
Mambetalin diqqət çəkir ki, Paşinyanın səfərindən bir gün əvvəl prezident İlham Əliyev Türkiyədə – Kahramanmaraşda zəlzələdən sonra inşa olunan evlərin açılışında iştirak edib. Bu, həm Paşinyana, həm də danışıqların kontekstinə ünvanlanmış vacib siqnaldır. Ekspert əmindir ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması artıq qapıdadır.
Sonda politoloq Paşinyanın siyasi müstəqilliyini xüsusi vurğulayır: “Müasir Ermənistan tarixində ilk dəfədir ki, bir lider Moskvanın təsirindən kənar, müstəqil addımlar atır. Ondan əvvəlki rəhbərlər daim Rusiya ilə razılaşdırılmış şəkildə hərəkət edirdi. Lakin indi Paşinyan anlayır ki, Azərbaycanla sülh müqaviləsi bağlanmadan, Türkiyə ilə münasibətlər bərpa olunmadan Ermənistanın və ümumilikdə Cənubi Qafqazın sabit gələcəyi mümkün deyil. Həll olunmamış münaqişələr bölgədəki sabitliyi pozmaq istəyən xarici qüvvələr üçün fürsətdir.//Mənbə: Caliber.az
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ