Onlayn ictimai-siyasi qəzet
"İyunun 13-nə keçən gecə başlayan İsrail İrana savaşımdan müxtəlif formada həm xeyirli çıxan, həm də zərər görən qüvvələr var. Bu savaş başlayarkən ağla ilk gələn Rusiya - Ukrayna cəbhəsi oldu".
Musavat.com bildirir ki, bu barədə politoloq Zeynal Əmrəliyev deyib.
Politoloqun fikrincə, baş vermiş savaş dünyanın diqqətini bu istiqamətdən yayındırdı ki, bu da Rusiyanın işinə yarayır:
"ABŞ-ın savaşın uzanması halında İsrailə əhəmiyyətli dəstək verəcəyi gözlənilir ki, bu, Ukrayna üçün ciddi problem yarada bilər. Çünki Vaşinqton əsas resursunu İsrailə yönəldəcək. Donald Trampın İsraildən daha çox Ukraynaya dəstək verəcəyi çox da inandırıcı deyil. Moskva isə vəziyyətdən istifadə edərək Ukrayna üzərində təzyiqi artırır. 16 iyun gecəsi Rusiya Kiyevə müharibə dövrünün ən böyük hücumlarından birini gerçəkləşdirib. Ehtimal ki, Rusiya Ukraynaya təzyiqi daha da artıracaq".
Zeynal Əmrəliyev qeyd edir ki, baş vermiş münaqişə Rusiya ilə bərabər Çinin də işinə yarayır:
"Rəsmi Pekinin son günlər Tayvan ətrafında aktivliyini artırması barədə informasiyalar dolaşır. Çin ABŞ-nin diqqətinin İrana yönəlməsindən istifadə edərək Tayvanda təzyiq siyasətini artırır. Ancaq Çinin müharibədən xeyri ilə bərabər zərəri də kifayət qədər çox olacaq. Baş vermiş müharibə "Şərq - Qərb nəqliyyat dəhlizi", həmçinin Pekinin Avropa bazarına çatmaq üçün icra etdiyi digər layihələrin də ləngiməsi və ya sıradan çıxmasına gətirib çıxara bilər.
İranın Yaxın Şərqdəki proksi qüvvələri də savaşdan istifadə edərək yenidən fəallaşırlar. Rəsmi Tehran ABŞ ilə Omanda danışıqlara başladıqdan sonra proksilərə dəstəyini azalmışdı. Ancaq savaşın baş verməsi Hizbullah, Həmas, Ənsarullah, həmçinin İraq və Suriyadakı silahlı şiə qruplarının İran üçün əhəmiyyətini artırır. Tehranın bu qruplara qarşı dəstəyi bərpa edilə bilər.
Münaqişə İranın və İsrailin özü ilə bərabər region ölkələrində ciddi problemlər yarada bilər. İsrail müharibəni uzada bilsə və prosesə öz müttəfiqlərini də qoşmağı bacararsa, o zaman İranın qonşuları ciddi qaçqın axını və humanitar böhranla üzləşə bilərlər. Savaşın uzanması həmçinin enerji bazarında qiymətlərin artmasına gətirib çıxaracaq ki, bu, Avropaya və İrandan neft alan Hindistana da sərf etmir".
Politoloq sonda qeys edib ki, savaş dünya ölkələrinə müxtəlif cür təzyiq etsə də, ən böyük zərər şübhəsiz ki, İran və İsrailin özünə dəyir.
"Dağılmış infrastruktur, baş verən insan tələfatı hər iki ölkə üçün ciddi problem yaradır", deyə Zeynal Əmrəliyev vurğulayıb.
Xalidə Gəray
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ