Onlayn ictimai-siyasi qəzet
“Stabil cəmiyyət olmasa, sivilizasiya mümkün deyil”
(Oldos Haksli, “Cəsur Yeni Dünya” romanından)
Deputatlardan kimsə deyib ki, hökumətdən uşaq pulu istəmək etik deyil. Doğrudan da, xalqımız abır-həya hissini yavaş-yavaş itirmək üzrədir. Köhnə vaxtlarda kişilər arvadından, uşağından danışanda “üzr istəyirəm, bizim uşaq, bizim arvad...” deyərdi. İndi isə nəinki uşağın söhbətini eləyirlər, hətta onu saxlamaq üçün hökumətdən pul istəyirlər.
Bunun axırı hara gedir? Efirdə özünə arvad axtaranda proses bura gəlib çıxmalıydı.
Əslində, robotlaşma dövründə hökumətin heç xalq və onun uşaqlarına ehtiyacı yoxdur. Şükür eləyin hələ bizi ərazidə saxlayırlar, qovmurlar. Yoxsa xalq hökumətin nəyinə lazımdır? Qabaqlar yetmiş sağıcı arvadın sağdığı bir ferma dolusu inəyi indi bir aparat sağır. Qoyunları helikopterlər, dronlar, insansız uçaqlar otarır. Suçu lazım deyil, damcılı suvarma var. Toyuq-cücə saxlamaq lazım deyil, broyler var. Minlərlə fəhlənin işlədiyi maşınqayırma sənayesini indi bir-iki robot konveyer xətti idarə edir. Saqqallı lətifədə deyilənə oxşatsaq, bəri başdan dəmiri basırsan, o biri başdan avtomobil çıxır.
Süni intellektin isə lap şıdırğı epoxasına düşmüşük. Artıq şeirləri, romanları, pyesləri, ssenariləri süni intellekt - bir növ kompüter proqramı yazır. Rəsm sənəti, musiqi, aktyorluq, rejissorluq... uzun sözün qısası, bütün incəsənət işsiz, avara qalmaq təhlükəsi ilə üzbəüzdür. Bütün dünyanı deyə bilmərəm, özəlliklə bizim ana yurdumuz Azərbaycanda bunun perspektivləri heç də yaxşı görünmür.
Məsələn, hökumətə qulluq edən Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar, Kinematoqrafiya İttifaqları (kino üzrə azı 2 ittifaqımız var, amöb kimi bölünməklə çoxalırlar) bir azdan əhəmiyyətini tamam itirəcəkdir. Əgər robotun xalq yazıçısı adına, orden-medala, uşağı vəzifəyə qoymağa, nə bilim, Yesentuki putyovkasına, rayonda bulaq başında icra hakiminin kəsdiyi qoyuna və sairə maddi dəyərlərə ehtiyacı yoxdursa, ən düzgünü AYB-ni ləğv eləyib Anar müəllimin yerinə hansısa süni intellekti oturtmaq olmazmı? Qurultay üçün pul istəmir, arenda yeri satmır. İdarə eləmək də asandır: istədiyin vaxt tokdan çıxart, sönsün. Yoxsa bizdə sənətçilər “sönəndən” sonra da bir sürü imtiyaz, güzəşt, “uşaq pulu” istəyirlər. Ona heykəl qoy, bunun qəbrini düzəlt, onun qaynanasının adını binaya yapışdır, bunun baldızının xatirəsini əbədiləşdir...
Hökumətimizin işi olduqca çətin, ağır, məsuliyyətli idi. Bəli, “idi”. Artıq deyil. Süni intellekt sənətçilərimizin, “süni” ziyalılarımızın işığını söndürmək üzrədir. Odur, orda-burda donquldanırlar, deyirlər daha kitab sata bilmirik. Kimə lazımdır sizin kitablar? Heç kimə. Bizim xalqımız heç zaman kitab oxuyan olmayıb, özünüzü aldatmayın. Çünki tarixən kitab oxumayanların kitab oxuyanları minib çapdığını görmüşük. Bu ellərdə hərf qanmayanlar həmişə daha yaxşı yaşamışlar. Sovet dövründə alınan beş-üç kitab da oxumaq üçün yox, interyer bəzək əşyası kimi gərəkliydi.
Bir az pandemiya dövründə ev-eşikdən canlı yayımlar olanda arxa fonda kitab-zad düzməyə ehtiyac olmuşdu, guya hamı oxuyan imiş. Allaha şükür, ta pandemiya bitdi, arxa fon məşəqqəti də bitdi.
Ümumən, klassik ədəbiyyatımızın da əhəmiyyəti itmək üzrədir. Məsələn, bu yaxında Şamaxıya hava şarları gətirdilər. Orda bu işin turizmini quracaqlar. Yerə diqqət etdinizmi? Sabirin qəbri ordadır. Beləcə, onun çox məşhur “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ aftamabil minməyiriz” misrası tamamilə arxaizm olacaq.
Ümid edirəm o uşaq pulu əleyhinə danışan deputatın da yerinə tezliklə əsl robot qoyarlar. Kompüter proqramı, süni intellekt daha mükəmməl qanunlar hazırlamağa qadirdir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ