Onlayn ictimai-siyasi qəzet
“Məlumdur ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi artıq 90% razılaşdırılıb. Həlli açıq qalan iki mühüm məsələ var ki, onlardan biri Ermənistan Konstitusiyasında qonşu dövlətlərə, o cümlədən Azərbaycana ərazi iddialarını özündə ehtiva edən müddəaların ləğv olunması; ikincisi isə ATƏT-in Minsk Qrupu kimi qeyri-işlək, artıq de-fakto mövcud olmayan, faydasız bir mexanizmin de-yure, yəni hüquqi olaraq ləğv olunmasıdır. Bu məsələdə Azərbaycan dəfələrlə Ermənistanla birgə müraciət edilməsini tələb edib, bu barədə Prezident İlham Əliyevin açıq bəyanları olub. Prezidentin 7 yanvar 2025-ci il tarixində yerli TV kanallara müsahibəsində bununla bağlı ortaya qoyduğu mövqe isə yetəri qədər sərt və konkret idi. Sitat: “Bu məsələlər həll olunmazsa, sülh müqaviləsi mümkün deyil və Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil”.
Bunu özləri üçün təhdid olaraq qəbul edən Ermənistan tərəfi dərhal cavab verməyə məcbur oldu. Ermənistan baş naziri Nikol Paşinyanın ən son media açıqlaması Prezident İlham Əliyevin 7 yanvar tarixli müsahibəsində səsləndirdiyi fikirlərə cavab idi”.
Bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə mütəxəssis Şəhla Cəlilzadə bildirib.
O, Paşinyanın sülh istəklərində qətiyyətli olduqlarını bəyan etdiyinə diqqət çəkib:
“Azərbaycanın Ermənistanı sülhə məcburetmə əməliyyatlarının və Prezidentin qətiyyətli mövqeyinin nəticəsidir ki, indi Ermənistan tərəfindən sülh mesajlarının verildiyinə şahid oluruq. Ermənistanın Minsk Qrupu ilə bağlı yeni rəsmi mövqeyi Azərbaycanın mövqeyi ilə səsləşir. Ermənistanın Minsk Qrupunun ləğv olunması ilə bağlı rəsmi açıqlaması Azərbaycanın sülh şərtləri ilə bağlı qəti mövqeyinin nəticəsi olub sülh prosesini irəliyə aparan addım kimi mühüm əhəmiyyət daşıyır. Odur ki, iki ölkə arasında mövqelərin razılaşdırılması addım-addım sülhə yaxınlaşma olaraq şərh oluna bilər. Düşünürəm ki, 2024-cü ildə Qazaxın 4 kəndi, delimitasiya və demarkasiya ilə bağlı qarşılıqlı razılaşmanın əldə olunduğu kimi, 2025-ci ildə də Minsk Qrupunun ləğvinə də şahid olacağıq. Sülhün tam reallaşması isə Ermənistanın tarixi reallıqları olduğu kimi qəbul edib, doğru qiymətləndirməsini konstitusion-hüquqi bazasında əks etdirməsindən sonra mümkün olacaq”.
Şəhla Cəlilzadənin fikrincə, bu istiqamətdə ilkin impulslar var:
“Paşinyan Ermənistanın hazırkı ərazilərinin coğrafiyasını təqdim edir. O, Qərbi Ermənistanın Türkiyə ərazilərini əhatə etmədiyini deməyə çalışır. O, hətta Qərbi Azərbaycan İcmasının hüquqlarının təmin olunması istiqamətində işin aparıla biləcəyini etiraf edir, iradı sadəcə olaraq “Qərbi Azərbaycan” termini ilə bağlıdır. Paşinyan öz cavabında “Qərbi Azərbaycan” termininə qarşı çıxır, bunu Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə təhdid, gələcək iddialar üçün bazis kimi qiymətləndirir. Paşinyanın mövqeyi tarixi reallığın inkarı adlandırıla bilər. Bu gün İran ərazisində də Şərqi və Qərbi Azərbaycan kimi coğrafi ərazi vahidləri vardır. Qərbi Azərbaycan termini sadəcə olaraq tarixi faktın ifadəsidir və Azərbaycan Ermənistana heç bir ərazi iddiası etmir. Azərbaycan Konstitusiyasında da qonşu ölkələrə ərazi iddiaları əks olunmur.
Ümid edək ki, Ermənistan tarixi reallığın doğru qiymətləndirməsini də aparacaq və bu, nəhayət ki, sülh müqaviləsinin imzalanması ilə nəticələnəcək. 2025-ci ilin sadəcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda “Suverenlik və Konstitusiya İli” olması diləyilə”.
Nigar HƏSƏNLİ,
Musavat.com
13 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ