İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların “növbədənkənar” çıxarılması nümunəsi- Xocalı hava limanının ilk sərnişini O olacaq!  

Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasimə baxdıqca gözümün qarşısından o qədər hadisələr kino lenti kimi keçdi ki...Bu sıraya təkcə zamanımızda baş verənlər, şahidi olduqlarımız deyil, həm də uzaq tarixdə yaşananlar, oxuduqlarımız, eşitdiklərimizi aid etmək olar.

Bəli, Rusiya hərbi kontingenti Xocalıdan birdəfəlik getdilər. Heç şübhəsiz ki, özləri yox...Onları yola salan Azərbaycan dövlətinin qətiyyəti, prinsipial mövqeyi, həmçinin ikitərəfli münasibətlərə, əlaqələrə, imzasına sadiqliyi idi. Bir çoxlarının “rus ordusu girdiyi ölkədən çıxmır”, uzaqgörənliyi özünü doğrultmadı. Azərbaycan daha bir nümunə ortaya qoydu. Özü də belə yolasalmalar nadir hallarda olur, heç bir gərginlik yaşanmadan, qarşılıqlı hörmət əsasında, bir-birinə uğurlar arzulayaraq. Xocalı hava limanında keçirilən tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak etdilər, həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnlərinin səslənməsindən sonra Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edərək hərbi kontingentə təşəkkürünü bildirdi. Çıxışlardan, bədii hissədən sonra Rusiya sülhməramlıları “EV”-lərinə yola düşdülər.

9n14hc7abw_01_2_.jpg (128 KB)

10 noyabr 2020-ci ildə “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatda Qarabağda təmas xətti və Laçın yolu boyunca Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçu, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin yerləşdirilməsi razılaşdırılmışdı. Sənədin 4-cü bəndində bildirilirdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.

Rusiya hərbi kontingenti missiyasını başa vurmasına 1 il yarımdan da çox qalmış yola salındı. Bu, çox möhtəşəm tarixi hadisədir. Prezident İlham Əliyevlə prezident Vladimir Putin arasında yüksək səviyyədə qarşılıqlı etimadın heç şübhəsiz ki, burada mühüm rolu var. Eyni zamanda Rusiya lideri də bilir ki, İlham Əliyev imzasına sadiq olmaqla yanaşı, mövqeyində prinsipialdır və zamanında Azərbaycanın maraqlarının təmin olunması istiqamətində addım atmaq Rusiyanın reputasiyası üçün də vacibdir.

Rusiya hərbi kontingentinin çıxarılması Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcək, əksinə, iki ölkənin münasibətlər daha da irəliyə gedəcək. Çünki həm liderlər, həm də dövlətlər arasında qarşılıqlı etimad var!

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov mətbuata açıqlamasında bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün müddətində uğurla başa çatdırılıb. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının liderləri arasında imzalanmış üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları fəaliyyətə başlamışdı. 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra artıq bu missiyanın da fəaliyyətinə ehtiyac qalmayıb: “Sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsindən dərhal sonra Müdafiə Nazirliyinin müvafiq göstərişinə uyğun olaraq sülhməramlı kontingentin silah və texnikasının, şəxsi heyətinin Azərbaycan ərazisindən çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilir”. Nazirlik təmsilçisi bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsi prosesi hazırda davam edir və yaxın vaxtlarda yekunlaşacaq.

661ec79d5fb95661ec79d5fb961713293213661ec79d5fb91661ec79d5fb93.jpg (332 KB)

Rusiya hərbi kontingentinin yola salınması prosesində Azərbaycanın zəruri texnika və logistik dəstək göstərməsi də diqqətçəkən məqamdır. Bu, qarşılıqlı etimadın növbəti nümunəsidir. Bu yolasalmada “çıxın, gedin” ritorikası yox idi, olduqca yüksək səviyyədə nümayiş etdirilən diplomatik bacarığın məntiqi nəticəsidir kontingentin vaxtından tez geri qayıtması. Azərbaycan son illərdə bir neçə dəfə çox mərkəzlərin planlarını da pozmağa nail olaraq, növbədənkənar prezident və parlament seçkilərini keçirib, növbətisi də gözlənilir. Bu dəfə dövlətimiz hərbi kontingentin növbədənkənar, il yarım əvvəl suveren ərazilərimizdən çıxarmağa nail oldu, “məxməri” şəkildə.   

Heç şübhəsiz ki, asan olmadı, bu nəticənin əldə olunmasınadək çox uzun, həm də mürəkkəb hadisələrlə dolu yol qət edildi. Azərbaycan və Rusiyanın münasibətlərini pozmağa çalışan o qədər mərkəzlər, qüvvələr oldu ki...Hətta Rusiyada belə, Putinin “beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, mövqeyinə qarşı çıxan dairələr, şəxslər oldu. Rusiya hərbi kontingentinin ayrı-ayrı komandanlarının – Rustam Muradovun baş separatçı Araik Arutyunyanla dostluğunu da unutmadıq – Azərbaycanın heysiyyəti ilə oynaması, Rusiya sülhməramlılarının Qarabağdakı erməni hərbi qüvvələrinin silah və hərbi texnikasını müşayiət etməsinə, Qarabağdakı milli toponimlərimizə sayğısız yanaşmalarına və bu kimi çoxsaylı cinayətlərə müşahidəçi qalmalarına dəfələrlə rəsmi, qeyri-rəsmi səviyyələrdə etirazlar oldu. 44 günlük müharibədən sonra ərazilərimizdə basdırılan minaların 2021-ci il istehsalı olması da çox mətləblərdən xəbər verirdi. Təsadüfi deyildi ki, bir sıra hallarda cənab Prezident şəxsən neqativ hallarla bağlı məlumatlı olduğunu və bütün bunların yolverilməzliyini bəyan etmişdi. Fərrux əməliyyatında da qəhrəman ordumuzun yolunu kəsməyə çalışmışdı erməni separatçılarla işbirliyinə gedən bəzi rus zabitləri, amma heç bir xeyri olmadı. Vaxt var idi sülhməramlıların hazırladığı bülletenlərdə nəhayət, Xankəndi yazılmasına sevinirdik, indi Xocalıdan yola salınan sonuncu rus əsgərlərinə görə qürurlanırıq! Xatırlayırsınız yəqin, hərbi kontingentin gəlişindən sonra Xocalıda “heykəllər parkı” salınmışdı, sanki əbədilik gəliblər deyə...Doğrudur, sülhməramlı kontingentə Azərbaycan parlamenti tərəfindən xüsusi statusun verilməsi istəyi də var idi, amma dövlətimizin mövqeyi dəyişmədi: Azərbaycan öz daxilində təhlükəsizliyi ən yüksək səviyyədə qorumağa qadirdir!

435890280_321305737360134_6121044935572696552_n_01.jpg (56 KB)

Bir ay əvvəl 17 apreldə Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdığını elan etmişdi və təntənəli bağlanış mərasimi keçirilmişdi. Aprelin 18-də isə Rusiya öz sülhməramlılarını Qarabağdan çıxarmağa başladığını bildirmişdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev demişdi ki, Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı qərar qəbul edib. Bəli, məhz iki ölkə rəhbərinin qərarına əsasən çıxarıldı hərbi kontingent, ikitərəfli əsaslarla! Qəribəsi bu idi ki, rəsmi Vaşinqton bu anlaşmanı alqışlamaq əvəzinə, sülhməramlıların Qarabağdan çıxmasını şərh edərkən Rusiyanın “etibarlı müttəfiq və ya tərəfdaş olmadığını” bildirmişdi. Bu mövqe çox şeydən xəbər verir...

Beləcə, Qərbdəki ayrı-ayrı dairələrin, həmçinin ermənipərəst qüvvələrdən maliyyə almaq hesabına Azərbaycana qarşı fəaliyyət göstərən şəxslərin daha bir iddiası aradan qalxdı. Rusiya sülhməramlılarının “əbədi” Azərbaycan ərazisində qalacağını, hətta gələcəkdə baza şəklində mövcud olacaqlarını deyənlər də yanıldılar.

Bu iddiaların müəllifləri heç olmasa Qəbələ RLS-i belə xatırlamaq istəmədilər. 2013-cü ildə Azərbaycan dövləti Rusiya üçün mühüm əhəmiyyət kəsb edən bu obyektə nəzarəti öz əlinə aldı. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi. Amma nə olsun...

Prezident İlham Əliyevin 10 noyabr 2020-ci il tarixdə xalqa müraciətində dediklərini xatırlayıram: “Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!” Bilmədi də, bütün ərazilərimizdə varıq!

Stepanakert_Airport_Daytime.jpg (679 KB)

Azərbaycan və Ermənistan arasında ilk dəfə sərhəd-buraxılış məntəqəsi, hələ illər sonra qurulacaqdı, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə...hələ onda azad olunmamışdı, amma Ali Baş Komandan sözünü ilk gündən demişdi, dedikləri də zamanı gələndə həyata keçdi. Bu ay Şuşa ilk sakinlərini qəbul etdi, 32 ildən sonra doğma sakinlər evlərinə qayıtdılar! Qarşıdakı aylarda Xocalıya da tarixi qayıdış reallaşacaq!  Xocalının Azərbaycan dövləti və xalqı üçün hansı anlam kəsb etdiyini hətta düşmən də bilirdi. Əmin idik ki, Xocalısız olmayacaq, təkcə erməni silahlılarının ağ bayraq qaldırması ilə bu məsələ bitməyəcək, həm də Xocalıda faktiki olaraq baza qurmuş Rusiya kontingenti də geri göndəriləcək! Oldu! Azərbaycan Prezidenti İlham Əliyev bu tarixi qələbəni də xalqımızın, dövlətimizin şərəf tarixinə yazdı! Füzulidə, Zəngilanda tikilən və Laçında tikilməkdə olan hava limanlarından sonra Xocalı hava limanının üzərində Azərbaycan bayrağının asılması hər birimizdə qürur hissi yaradır. Soyqırıma məruz qalan xocalıların, Xocalı uğrunda canından, qanından keçən Əlif Hacıyev kimi igidlərimizin ruhu şaddır. Bir azdan Xocalı şəhərində də uşaqların gülüşü eşidiləcək, insanlarımız xoşbəxt həyata başlayacaqlar.

Bu yerdə Xocalı qatili Serj Sərkisyanın “Xocalının ilk sərnişini olacağam” cəfəngiyatını da xatırlamaq yerinə düşərdi. İllər öncə Ermənistana rəhbərlik edən Serjik iddia edirdi ki, hava limanını istismara verməyi bacaracaq, soyqırıma məruz qoyduğu insanların ruhlarına həqarət edib, Xocalı hava limanına enəcək. Azərbaycan dövləti onun arzusunu qursağında qoydu, hətta işğal zamanı bütün imkanlarını səfərbər edib, Xocalı hava limanının istismarına yaşıl işıq yandırmaq istəyənləri durdurmağı bacardı. Az sonra Rusiya sülhməramlılarının təntənəli şəkildə yola saldıqları o ünvan - Xocalı hava limanı müasir səviyyədə yenidən qurulacaq, beynəlxalq status alacaq! Nədənsə əminliyim var ki, Xocalı hava limanının ilk sərnişini Ali Baş Komandan, cənab Prezident İlham Əliyev olacaq! Buna haqq edib qalib dövlətimizin müzəffər lideri!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR