İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhə “Qarabağa status” əngəli ciddiləşir

Ermənistan “status” tələblərini əsas şərt olaraq gündəmə gətirməklə sülh danışıqlarının perspektivinə birdəfəlik son qoyur - “Sərt və qəti addımlar” tələbi

Ermənistandakı revanşistlərin çadırları sökülsə də, hələlik onların Qarabağla bağlı sərsəmləmələrinə son qoyulmayıb. Görünən budur ki, erməni rəsmilər özləri də bu gedişatdan məmnundurlar. Nikol Paşinyan anlayır ki, 2-3 min erməni etirazçının küçələrdə dolaşması, radikal şüarlar səsləndirməsi onun hakimiyyətinə təhdid yaratmır, ancaq bu aksiya görüntüsünə istinad edərək o, danışıqlarda manevr edəcəyini düşünür.

Vaxtaşırı Ermənistan XİN-in “xaric” səsləri ifadə etməsi, Azərbaycanın ərazi bütövlüyünə burun soxmağa cəhd göstərməsi də rəsmi İrəvanın götürdüyü öhdəliklərə xilaf çıxmasından xəbər verir. Lakin Azərbaycan artıq erməni oyunbazlığına göz yummaq niyyətində deyil, bunu dövlət başçımızın son xəbərdarlığından da gördük. Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində kifayət qədər ciddi mesajlar verdi. “Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin?”-dövlət başçısı bildirdi. Ölkə başçısının fikrincə, erməni hökuməti tərəfindən artıq leksikonumuzdan çıxarılmış “Dağlıq Qarabağ”ın statusu ilə bağlı fikirlərin səsləndirilməsi Ermənistanın özü üçün təhlükəlidir. Sitat: “Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq. Ermənistan hökuməti bunu anlamalı və tarixi yenidən yazmaq cəhdlərindən çəkinməlidir, çünki tarix artıq yazılıb. Status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq var idi. Təəssüflər olsun ki, bu baş verir və bunun çox ciddi nəticələri ola bilər. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq. Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə hüququmuz var. Ötən əsrin tarixində aydın göstərilir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşməsindən sonra sovet hakimiyyəti Azərbaycanın tarixi parçası olan Zəngəzuru Ermənistana birləşdirdi. Yəni Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etməyə cəhd edəcəksə, nə üçün azərbaycanlılar Qərbi Zəngəzurda özləri üçün status tələb etməsin? Həmin ərazilərin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.

Qeyd edək ki, Prezident Əliyevdən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “hansı bəyanatlar verilsə də, Artsax ermənilərinin təhlükəsizliyini və bütün hüquqlarını, eləcə də bu məsələdən irəli gələn Dağlıq Qarabağın statusunu qorumaq üçün kifayət qədər təminatlar təmin olunmayana qədər problemlər mövcud olmaqda davam edir”, - deyə bildirib. Erməni nazir iddia edib ki, guya Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün səylər göstərirlər, amma “Azərbaycan da bu istiqamətdə fəal və səmimi addımlar atmalıdır, sülhün bərqərar olması yalnız bir tərəfin səyinin nəticəsi ola bilməz”. Mirzoyanın “məntiqinə” görə, “rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatları Azərbaycan hakimiyyətinin sülhə nail olmaq istəyinin səmimiliyini şübhə altına alır”. Bütün bunlar o deməkdir ki, Ermənistan “status” tələblərini yenidən əsas şərt olaraq gündəmə gətirməklə sülh danışıqlarının perspektivinə birdəfəlik son qoyur.

Maraqlıdır, hazırda Ermənistana qondarma “status” mövzusu məsələsində dəstək verən və ya təhrik edən hansı dövlətlərdir? Ekspertlər necə düşünür, Ermənistan dəstək görməsə, Azərbaycanla yenidən qarşıdurmaya getməyə həvəslənərmi?

Arzu Nağıyev: Milli Məclis yaz sessiyasında öz hədəfinə çatdı | Kaspi.az

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistan hakimiyyətinin “arqument” kimi ortaya atdığı iki məqam var: “Qondarma status və dəhliz məsələsi. Hər ikisi də heç bir konkret faktlara söykənməyən absurd iddialardır. Maraqlı məqam da odur ki, dolayı yolla hər iki iddia ərazi bütövlüyümüzü tanımamaq üçün bir bəhanədir. Ararat Mirzoyan və digər erməni məmurları da bilirlər ki, Azərbaycan da onların ərazi bütövlüyünü tanımaya bilər və burada artıq söhbət Zəngəzur, Göyçə, Dərələyəz və s. ərazilərdən gedir. Təbii ki, bu iddialar həm Ermənistanın daxili auditoriyası üçün bir manipulyasiyadır, həm də bir sıra havadar dövlətlərin məhz hazırkı status-kvonu saxlama iddiasıdır”. A.Nağıyev Laçınla bağlı proseslərə də diqqət yetirməyi vacib sayır: “Məlumdur ki, yaxın zamanda Laçın dəhlizi məsələsi də öz həllini tapacaq və tərəfimizdən tam nəzarətə götürüləcəkdir. Bu, artıq ermənilərin bir sıra iddialarına da son qoymaq deməkdir. Təbii ki, danışıqlar gedir və müsbət nəticələr əldə edildikcə həm revanşist qüvvələr, həm də klanlar narahatlıq keçirirlər. Bu, həm daxildə, həm də xaricdə baş verir. Bütün bunlara baxmayaraq, Azərbaycan öz işini görməkdədir, qalib dövlət kimi iddialarını daima faktlarla əsaslandırır”. Deputat qeyd etdi ki, son vaxtlar Kəlbəcər istiqamətində məhz dövlət sərhədində baş verən təxribatlar da danışıqlara mane olmaq üçündür: “Zənnimcə, proseslər sona çatacaq və ermənilər həm Avropa İttifaqının, həm də havadarlarının belə, təsiri və təzyiqi ilə sülh müqaviləsini imzalayacaqlar...”

Möcüzə baş verməyəcək, qəti addımlar atmalıyıq"

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovun qənaəti belədir ki, Ermənistanın belə özbaşına və yekəxana davranmasının əsas səbəbləri dərin məsələlər olsa da, onların xüsusən son aylar belə çıxışlar etməsi, təxribatlar törətməsinin müəyyən günahını həm də biz özümüzdə axtarmalıyıq: “Baxın, bu ölkənin siyasi-hərbi rəhbərliyi son vaxtlar necə ”cəsarətlənib". Əvvəllər “Dağlıq Qarabağ” ifadəsini dilinə gətirməyə ehtiyat edən ermənilər günü-gündən hansısa “status”a, “öz müqəddəratını təyin etmək” kimi separatçı fikirlərə müraciət edirlər. Onlardan daha çox bizim bu haqda danışmağa haqqımız olduğu halda, biz çalışırıq ki, yaxın perspektivdə danışıqlar prosesinə xələl gətirməmək üçün maksimum səbir nümayiş etdiririk, nəticədə bu da ermənilərin “qanacağı”. Sözsüz ki, onları bu addımlara təhrik edən görünən və görünməyən dövlətlər var. Elə yaxın saatlarda Bakıya iki günlük rəsmi səfərlə gələcək Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov da İrəvanda olarkən bu və ya digər şəkildə Ermənistanın separatçıları dəstəkləyən addımlarına rəvac verən bir neçə açıqlamalarla çıxış etmişdi". Polkovnikin sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyannaməsinin müddəalarının hələ də tam şəkildə yerinə yetirilməməsi onu deməyə əsas verir ki, bəzi qüvvələr hələ də Ermənistan “kartı”ndan Cənubi Qafqazda istifadə etmək fikrindədirlər: “Bu isə o qədər də xoş niyyətdən xəbər vermir. Aprel ayında görülməli işlər artıq iyun ayı başa çatır, hələ də yerində sayır. Belə gedişlə yenə aylar illəri, illər isə çox böyük bir zamanı əvəz edəcək. Süni şəkildə yaradılan və 30 ilə yaxın uzadılan münaqişənin dərsləri bizə məgər sübut etmədimi ki, biz ermənilərə zaman tanıdıqca, onlar daha da azğınlaşacaq və yenə Azərbaycan əsgəri düşməni başa salmaq üçün dövriyyəyə girməyə məcbur olacaq?” Ü.Cəfərov hesab edir ki, sərt və qəti addımlar atılmalıdır: “Qalib dövlət bizik və diktəni də biz etməliyik. Zatən, biz öz halal haqqımızdan kənar heç nəyi istəməmişik və istəmirik. Vaxt keçdikcə isə ermənilər və havadarları bizə ünvanlı yeni-yeni şərtlər, absurd iddialar səsləndirirlər”.

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

 İlyas Hüseynov

Politoloq İlyas Hüseynov bildirdi ki, Prezident İlham Əliyev Bakı Qlobal Forumundakı dərin məzmun daşıyan çıxışında bir sıra mesajlar verdi: “Məhz bu çıxış zamanı məlum oldu ki, Gürcüstanda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş təşkil olunub, lakin Ermənistan bu görüşdən imtina etdi. Digər tərəfdən, əgər Ermənistan Azərbaycanın ərazilərinə iddia edəcəksə və status tələblərini geri çəkməyəcəksə, onda Azərbaycan da haqlı olaraq Qərbi Zəngəzur üçün status tələb edəcək. Bununla yanaşı, Azərbaycanda ”Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur və Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar formalaşıb. Xüsusilə qeyd etmək lazımdır ki, danışıqlarda statusla bağlı istənilən məsələnin qaldırılmasının yolverilməzliyi ilə əlaqədar Ermənistan üzərinə öhdəlik götürsə də, buna riayət etmir. Buna görə də cənab Prezident məntiqli olaraq bildirir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq". Lakin İ.Hüseynovun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mövqeyindən aydın olur ki, Ermənistan “status” tələblərini yenidən əsas şərt olaraq gündəmə gətirməklə, sülh danışıqlarının perspektivinə birdəfəlik son qoyur: “Azərbaycanın mövqeyi bundan ibarətdir ki, ölkə ərazisində yaşayan ermənilərin hüquqları ilə bağlı bütün məsələlər Azərbaycanın daxili işidir və digər etnik azlıqlara verilən bütün hüquqlar ermənilərə də şamil olunacaq. Ermənistanın bu mövzuda hər hansı tələblə çıxış etməsi qarşıdurma riskini gücləndirir və danışıqlarda vasitəçi kimi çıxış edən güclər də bu reallığı qəbul etməlidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel 22 mayda Ermənistan və Azərbaycan lideri arasında keçirilmiş danışıqlardan sonra yaydığı bəyanatda erməni əhali terminologiyasından istifadə etməsi düzgün yanaşmadır və bu yanaşmaya xələl gətirən istənilən addımlar regional sülhə təhdid yaradır və pozucu xarakter daşıyır”.

Bu yerdə qeyd edək ki, Ermənistanın artıq arxaikləşmiş ifadələri yenidən masaya gətirmək cəhdləri həm də onlara stimul verən çevrələrin canfəşanlığının məntiqi nəticəsidir. Bu mənada ermənilər növbəti dəfə fəlakətlərlə üzləşmək istəmirlərsə, onlardan “maşa” kimi istifadə cəhdlərinə “yox” deməyi bacarmalıdırlar. Əks təqdirdə, “Dəmir Yumruq” sözünü deyəcək... Hər halda, Kəlbəcər istiqamətində atəşkəsin davamlı şəkildə pozulmasına Azərbaycan əsgəri sonsuzadək səbirli davranmaycaq...

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR