Onlayn ictimai-siyasi qəzet
Bakı-İrəvan danışıqları dalanda: sülh mətni hazırdır, amma qarşı tərəf iki tələbi icra etmir; bu gecikmə kimlərə sərf edir?
Rəsmi İrəvanın siyasəti üzündən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqlarında “böyük tənəffüs” yaranıb. Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa revanşist qüvvələrə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək. Bu səbəbdən Azərbaycan mövqeyində qətidir.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib ki, konstitusiyanın yeni mətni işlənmə mərhələsindədir və 10 aya hazır olacaq. Deməli, yeni layihə bu il üçün təqdim edilməyəcək. Təsadüfi deyil ki, həm Bakı, həm İrəvan son günlər sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlarda heç bir irəliləyiş olmadığını bəyan edirlər. Əvvəl bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib. “Əgər yeni bir şey olsa, ictimaiyyətə məlumat verəcəyik”, - Qriqoryan deyib.
Azərbaycanın xarici işlər naziri də oxşar açıqlama verib. Sanki hər iki tərəf bu il sülh müqaviləsinin imzalanmayacağı rəyi ilə razılaşıb. Bu arada Ermənistanın müdafiə naziri Suren Papikyanın ardıcıl səfərləri diqqət çəkir. Ötən həftə Yunanıstanda olan nazir indi də Almaniyaya səfər edib. Səfər barədə geniş məlumat verilmir, amma şübhə yoxdur ki, nazir silah sövdələşmələri üçün Avropanı gəzir.
Çünki ötən il Ermənistanla Almaniya arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı razılaşdırılaraq imzalanıb. Proqramda təcrübə mübadiləsi, təhsil və kadr hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran bir sıra istiqamətlər üzrə onlarla hərbi fəaliyyət nəzərdə tutulub.
Yunanıstana gəlincə, 2023-cü ilin dekabrında iki ölkənin müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Müqavilə silah, döyüş sursatı və partlayıcı maddələrin istehsalı üçün texnologiyanın və texniki dəstəyin ötürülməsi, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi təyinatlı mallar və onların istehsalı sahəsində tədqiqatlar, silah-sursat və silah istehsalı sahəsində təcrübə mübadiləsi kimi mühüm əməkdaşlıq sahələrini əhatə edir. Saziş hərbi-texniki əməkdaşlığın formaları, o cümlədən texniki kadrların hazırlanması, üçüncü ölkələrdə istehsal olunan hərbi təyinatlı məhsulların təmiri və istismarı ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı müddəaları nəzərdə tutur.
Avropa İttifaqının üzvlərinin Ermənistanın revanşist siyasətinə dəstək verməsi bu qurumun Ermənistandakı kəşfiyyat şəbəkəsinin genişlənməsi fonunda baş verir. Üstəlik, Fransa və Hindistan istehsalı olan silahların daşınması da Nikol Paşinyanın sülh bəyanatlarını səsləndirdiyi zaman daha intensiv şəkildə həyata keçirilir.
Pakistana dəstəyə görə Bakıdan “ağzı əyilən” Hindistanın isə iyulda Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcəyi məlum olub. Ötən il noyabrın sonlarında media Hindistanın Ermənistana “Akaş” hava hücumundan müdafiə sistemlərinin ilk akkumulyatorunu göndərməsi barədə məlumat vermişdi. “New Indian Express”in məlumatına görə, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
Müdafiə, Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanan “Akaş” sistemi döyüş təyyarələri, qanadlı və hava-yer tipli raketlər, pilotsuz təyyarələr və 25 kilometrə qədər məsafədə digər hava aktivlərini vura bilən yer-hava raketidir.
“Bharat Electronics Limited” tərəfindən istehsal olunan “Akaş” silah sisteminin hər bir batareyasını bir passiv 3D elektron skan edilmiş massiv radarı və hər biri bir-birinə bağlı olan üç raketi olan dörd buraxılış qurğusu müşayiət edir.
Beləliklə, Ermənistanı savaşa həvəsləndirənlər nə etmək istəyirlər? Sülh müqaviləsinin imzalanmasının ləngiməsi kimlərə sərf edir?
Züriyə Qarayeva
“Yeni Müsavat”a danışan siyasi təhlilçi Züriyə Qarayeva danışıqlarda pauza yaranmasının təbii səbəbləri olduğunu düşünür. Onun sözlərinə görə, danışıqlarda dinamika və passivlik dövrü olur: “Sülh mətni razılaşdırılana qədər aktiv müzakirələr gedirdi. Nəhayət ki, 15 maddənin hamısı razılaşdırıldı. Bundan sonra fasilə yarandı. Səbəb də Minsk Qrupunun ləğv edilməməsi və İrəvanın konstitusiya dəyişikliyinə getməməsidir. Bu iki şərt yerinə yetirilməlidir ki, yekun sənəd imzalansın. Bakının hər iki haqlı tələbi yerinə yetirilməyənə qədər danışıqlarda durğunluq olacağı gözləniləndir”.
Ekspert bu il yekun sənədin imzalanmasını gözləmir: “Çünki Ermənistan konstitusiya islahatlarını 2025-ci ildə keçirməyəcək. Azərbaycan isə bu məsələdə tələsmir. Bizə mükəmməl sülh müqaviləsi lazımdır ki, gələcəkdə Ermənistan iddialarla çıxış etməsin. Yəni hər hansı bəhanə qalmamalıdır, gələcək nəsillər də bundan əziyyət çəkməməlidir. Əgər Paşinyan ölkəsinin və xalqının təəssübünü çəkirsə, uzaqgörən gediş etməlidir. Ona görə indi danışıqların dalan nöqtəsinə çatmışıq: sülh mətni hazırdır, bu mövzuda razılaşdırılmalı məsələ qalmayıb, amma o iki tələb yerinə yetirilməyib. Başqa nəyi müzakirə etmək olar?”
Z.Qarayeva sülh prosesi ilə bərabər blokadada olan nəqliyyat kommunikasiyalarının açılması üçün aktiv danışıqlara ehtiyac görür: “Bu mövzuda da Ermənistan hərəkətsizdir. Düşünmürəm ki, Ermənistan yeni silahlarla müharibə aparmaq potensialına malikdir, sadəcə, vaxt udmağa çalışır, regionda hansısa geosiyasi dəyişikliklərin olacağına ümid edir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın baş nazirinin ölkədə sosial problemləri həll etmək əvəzinə silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur. Ekspert yada salır ki, Ermənistan öz ərazisində Zəngəzur dəhlizinin avtomobili və dəmir yolunu da çəkmir: “Həmçinin İranla Ermənistanı birləşdirən əsas yol infrastruktur baxımından köhnədir. Ermənistan əhalisi sosial problemlərə görə ölkəni tərk etməkdədir. Paşinyanın hakimiyyəti ölkədə miqrasiyaya son qoymayıb. Ona görə də Azərbaycan Ermənistana silahlanmaya son verəcəyi təqdirdə sülhə hazır olacağı şərtini irəli sürməlidir”.
M.Əsədullazadənin dediyinə görə, Ermənistan Hindistandan 700 milyonluq zenit-raket kompleksi olan “Akaş” raketləri alıb: “Raketlərin növbəti aylarda Ermənistana ixracı nəzərdə tutulur. Ermənistanın silahlanması regionda yeni eskalasiya riski yaradır. Paşinyan bir tərəfdən "müharibə olmayacaq" bəyanatını verir, bir tərəfdən də kifayət qədər böyük məbləğdə silahlar alır. Bu, Ermənistanın müharibə hazırlığıdır".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ