Onlayn ictimai-siyasi qəzet
Bu gün Vaşinqtonda baş verəcək hadisə təkcə Cənubi Qafqazın deyil, bütövlükdə regionun gələcəyini dəyişəcək və bu, Azərbaycan Prezidentinin yalnız hərbi deyil, siyasi və diplomatik sahədə də əldə etdiyi tarixi uğurunun növbəti təcəssümüdür. O, təkcə müharibəni qazanmayıb, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməyib, həm də sülh gündəliyini müəyyənləşdirib və Ermənistanın Azərbaycanın bütün şərtlərini qəbul etməsinə nail olub.
Yaxşı yadımdadır, 2024-cü il 5 noyabr tarixində ABŞ-da keçiriləcək prezident seçkilərindən üç ay əvvəl, Şuşada baş tutan Qlobal Media Forumunda Prezident İlham Əliyev mənim ABŞ seçkiləri ilə bağlı verdiyim suala cavab verərkən böyük uzaqgörənlik və siyasi cəsarət göstərərək, o zaman hələ prezidentliyə namizəd olan Donald Tramp barəsində müsbət fikir bildirmişdi və diplomatik dillə desək, onun namizədliyinə dəstək vermişdi.
Sonrakı hadisələr Prezident Əliyevin seçdiyi bu strategiyanın nə qədər düzgün olduğunu tam şəkildə təsdiqlədi. Bu gün artıq ABŞ Prezidenti seçilmiş Donald Trampın dövründə iki ölkə və iki lider arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan və ABŞ arasında münasibətlər keyfiyyətcə yeni fazaya – strateji tərəfdaşlıq səviyyəsinə keçir.
Bunun bariz sübutu kimi Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında Strateji tərəfdaşlıq xartiyasının inkişafı məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumunun imzalanmasını göstərmək olar.
Bu sənəd üç əsas istiqaməti əhatə edir:
1. Regional əlaqələr – enerji, ticarət və tranzit sahələri də daxil olmaqla;
2. İqtisadi investisiyalar – o cümlədən süni intellekt və rəqəmsal infrastruktur sahəsinə yönəlmiş sərmayələr;
3. Təhlükəsizlik sahəsində əməkdaşlıq – müdafiə təchizatı, terrorla mübarizə və birgə fəaliyyət.
Yaradılması planlaşdırılan Strateji İşçi Qrup regionda əlaqələndirmə infrastrukturunun genişləndirilməsi, enerji sektoruna investisiyalar və regional iqtisadi əməkdaşlığın inkişafı, o cümlədən süni intellekt sahəsində layihələrin irəlilədilməsi ilə məşğul olacaq.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq, eyni zamanda, ABŞ texnologiyalarının və investisiyalarının ölkəmizə gəlməsi və Amerikanın iqtisadi fəallığının artırılması deməkdir.
Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında formalaşan uğurlu əməkdaşlıq nəticəsində bu səfər çərçivəsində Tramp administrasiyası tərəfindən “Azadlığı Müdafiə Aktına” edilən 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə qərar imzalanıb.
Xatırladaq ki, 1992-ci ildə, Ermənistanın hələ Azərbaycanın ərazilərini işğal altında saxladığı bir vaxtda ABŞ Konqresi guya Azərbaycanın Ermənistana “blokada” tətbiq etdiyi bəhanəsi ilə həmin düzəlişi qəbul etmiş və Azərbaycana dövlət yardımı göstərilməsini qadağan etmişdi.
O da bəllidir ki, Əfqanıstandakı əməliyyatlar başa çatdıqdan sonra Bayden-Blinken administrasiyası təşəkkür əvəzinə həmin düzəlişi yenidən gündəmə gətirmiş, onu Azərbaycana təzyiq vasitəsinə çevirmək istəmişdi. Amma nəticədə bu cəhd Bayden administrasiyası üçün tam iflasa uğradı və onların regionda apardıqları siyasətin çöküşünü təsdiqlədi.
Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə gəlincə, Vaşinqtonda keçirilən bugünkü görüşdə – Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə – Birgə Bəyanatın imzalanması gözlənilir.
Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki əsas şərt var:
1. ATƏT-in Minsk Qrupunun ləğv edilməsi barədə birgə müraciətin təqdim olunması;
2. Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi və Azərbaycana qarşı ərazi iddialarının rəsmi şəkildə ləğvi.
Heç bir şübhə yoxdur ki, sabah imzalanacaq Birgə Bəyanatda bu məqam təsdiqlənəcək və iki ölkənin ATƏT-in baş katibinə Minsk Qrupunun ləğv edilməsi barədə rəsmi müraciət ünvanlayacağı bildiriləcək.
Bununla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması üzrə Sazişin paraflanmasından sonra onun imzalanması və ratifikasiyasına aparan prossesin başladılması zərurəti qeyd ediləcək. Bu isə bir daha təsdiqləyəcək ki, yekun sülh müqaviləsinin imzalanması üçün əsas şərt Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir.
Azərbaycanın daha bir mühüm uğuru odur ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra dəfələrlə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin edilməsinin vacibliyini vurğulamışdı. Bu gün həmin tələb Ermənistan tərəfindən qəbul ediləcək və bu da imzalanacaq Birgə Bəyanatda əksini tapacaq. Beləliklə, Zəngəzur dəhlizinin açılması reallaşır və ABŞ Prezidenti Donald Tramp bu dəhlizin əsas qarantı kimi çıxış edir.
Vaşinqtonda baş verəcək daha bir tarixi hadisə – Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə sülh sazişi mətninin paraflanması olacaq. Bu, müqavilənin hələ imzalanması demək olmasa da, razılaşdırılmış mətnin mövcudluğunu təsdiqləyəcək ciddi addımdır. Yekun imzalanma isə yalnız 2026-cı ildə Ermənistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumdan sonra baş tuta bilər.
Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün hədəflərinə çatır. 2020-ci il Vətən müharibəsində torpaqlarını azad edən Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etmişdi. İndi isə imzalanacaq Birgə Bəyanat – Prezident Əliyevin və dövlətimizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib.
Və daha bir mühüm məqam: bu hadisə – Azərbaycanofobiya ilə tanınan Fransa Prezidenti Emmanuel Makronun, uydurma “artsax” rejimini tanımağa çalışan fransız deputatların, Avropa Parlamentinin, Qərb mediasının, “Amnesty International”, “Human Rights Watch”, erməni lobbisinin və ANCA-nın tam məğlubiyyətidir. Bu, Azərbaycana sanksiyalarla, təcridlə hədə-qorxu gələn “borrellərin”, “frank pallonelərin”, “adam şiff”lərin iflasıdır.
Vaşinqtonda bu gün baş verəcək hadisənin tarixi miqyası o qədər böyükdür ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına namizəd göstərilməlidirlər.
Böyük Platonun dediyi kimi: “Bütün müdrikliyin əsası səbrdir.” – və bu gün Vaşinqtonda Azərbaycan Prezidenti bunu tam şəkildə sübut edir.
Ramiz Yunus,
siyasi ekspert,
Xəzər universitetinin professoru
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ