Onlayn ictimai-siyasi qəzet
3 il öncə bu günlərdə Ukraynanın sərhədlərini keçən Rusiya ordusunun tankları birbaşa Kiyev üzərinə gedəndə bütün Avropa əndişələnmiş, amma iki dövlət çox qorxmuşdu.
Bərk qorxan iki ölkədən biri Finlandiya, o biri İsveç idi.
Bu iki şimal ölkəsinin Rusiyadan aşırı dərəcədə qorxduğu özünü həmin dövlətlərin siyasətçilərinin ritorikasında, media qurumlarının materiallarında aydın göstərirdi.
Başqa ölkələr Rusiyanın Ukraynaya təcavüzünə etiraz edir, amma özlərinə təhlükə gözləmirdilər. Finlandiya və İsveç isə daha çox özünü, öz gələcək taleyini düşünüb qorxurdu.
Ona görə də Rusiyanın Ukraynaya hücumunun 3-cü ayı tamam olmamış, 2022-ci ilin may ayında İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə təqdim etdi. Hər iki ölkə üçün bu, uzun onilliklər ərzində sadiq qaldıqları hərbi neytrallıq siyasətindən əl çəkmək demək idi.
Hər iki dövlət bu qənaətə gəlmişdi ki, neytrallıq zamanı deyil, təhlükə astanadadır. İsveç və Finlandiya rəsmiləri hesab edirdilər ki, Rusiyanın hərəkətləri onların milli təhlükəsizlikləri üçün təhdid kəsb edir, risk böyüyüb. Bu dövlətlərin vətəndaşları da o fikirdə idilər, düşünürdülər ki, neytrallıq artıq təcavüzə məruz qalmamaq üçün zəmanət ola bilməz.
Düzdür, İsveç və Finlandiyanın uzun illər NATO ilə fəal əməkdaşlıq edən güclü orduları vardı və 1995-ci ildən Avropa Birliyinə üzvü idilər, amma hər iki ölkədə düşüncə bu idi ki, NATO-nun çətiri altında olmasalar, “rus ayısı”nın pəncə və dişindən xilas ola bilməyəcəklər.
Finlandiyanın işi İsveçə nisbətən tez düzəldi, təxminən 1 ildən sonra bu ölkəni NATO-ya qəbul etdilər. Rusiya Federasiyası ilə 1300 kilometr quru sərhədi olan Finlandiya xeyli rahatlaşdı. Eyni zamanda bu, NATO ölkələri ilə Rusiyanın quru sərhədinin uzunluğunu, demək olar ki, iki dəfə artırdı.
İsveçin NATO-ya üzvlüyü isə asan olmadı. Türkiyə və Macarıstan bu dövlətə əməlli-başlı problem yaratdı. Türkiyənin motivi aydın idi. İsveç hökuməti dəfələrlə Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürmüş, PKK terrorçularını dəstəkləmiş və himayə etmişdi. Ankara bütün edilənlərin əvəzini çıxmaqla yanaşı, İsveçin PKK pasibanlığına son verməsinə nail oldu. ABŞ həm Macarıstanı, həm də Türkiyəni birtəhər razı salandan sonra İsveç də keçən ilin mart ayının əvvəlində NATO-ya qoşuldu.
Bir həftədən sonra İsveçin NATO-nun bərabərhüquqlu üzvü olmasının 1 ili tamam olacaq. Ancaq İsveçdə Rusiyanın potensial hərbi təcavüzü ilə bağlı narahatlıq qalır.
Bu günlərdə İsveçdə Ukraynadakı münaqişədən sonra Rusiya ilə mümkün toqquşma ola biləcəyi barədə açıqlama verilib. Bu barədə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Tomas Nilsson bildirib.
O qeyd edib ki, Baltikyanı ölkələrdə “rus hərbçilərinin fəaliyyətinin müvəqqəti azalmasına” baxmayaraq, Ukrayna münaqişəsi başa çatdıqdan sonra mövcud vəziyyət dəyişə bilər.
Nillsson deyib: “Ukraynada münaqişə bitən və ya azalan kimi əminik ki, ruslar bölgəmizə qayıdacaqlar”.
O, ABŞ hakimiyyətini mütəmadi olaraq Rusiya prezidenti Vladimir Putinə etimad göstərdiklərinə görə tənqid edib.
Görünür, bu əndişə səbəbsiz deyil. Çünki ABŞ mediasının yazdığına görə, Rusiya İsveçin NATO-dan çıxarılmasını, alyansın 1997-ci il sərhədlərinə qayıtmasını tələb etsə, ABŞ prezidenti Donald Tramp belə bir addım ata, nəticədə İsveçin alyansa üzvlüyü ləğv oluna bilər.
Ancaq ABŞ-nin bunu təşkil etməyə təkbaşına gücü çatarmı, digər NATO üzvləri, xüsusilə də Qərbi Avropa dövlətləri İsveçi Rusiyanın qapazının altına verərlərmi?
Görünən odur ki, bu sualların cavabından asılı olmayaraq, bu, İsveçin Rusiya qarşısındakı patoloji qorxusunu dəf etməyəcək.
1142-ci ildən başlayaraq ta 1809-cu ilə qədər İsveçlilərlə ruslar arasında 15 dəfədən çox uzun çəkən müharibələr olub. Hər iki dövlət gah müharibədə qalib gəlib, gah da məğlub olub, 7 əsr boyunca bir-birini qırıb çatıblar.
Düzdür, 224 ildir ki, İsveç və Rusiya hərbçiləri döyüş meydanında üz-üzə gəlmirlər, ancaq görünür, İsveçdə şagirdlərə tarix dərsini, ölkənin qatıldığı müharibələrin xronikasını yaxşı öyrədirlər, ona görə də İsveç əhalisi özünə təhlükəni məhz Rusiyadan gözləyir.
Vaxtilə İsveçlə birlikdə ruslarla vuruşan Finlandiya ilə SSRİ-nin arasındakı son müharibə isə nisbətən yaxın keçmişdə, 1940-cı ildə olub. Finlandiya SSRİ-yə ciddi müqavimət göstərsə də, torpaq itkisinə məruz qalıb.
Ümumiyyətlə götürsək, tarix boyunca hansı dövlət Rusiya ilə müharibə aparıbsa, hamısında bəlli bir “rus xofu” qalıb. Bu, Fransaya da aiddir, Almaniya, Macarıstan, Türkiyə, İran, Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələrə də. Rusiya ilə bir dəfə müharibə edən ölkə ikinci dəfə etmək istəmir.
Hazırda bir sıra ölkələrin Rusiyanın qabağından qaçmasının səbəbi budur. Prinsipcə, 1956-cı və 1968-ci ildə baş verən qanlı hadisələri nəzərə alsaq, Macarıstan və Slovakiya anti-Rusiya koalisiyasında yer almalı idilər, amma əksinədir. Onlar Kremli dəstəkləyirlər. Çexiya və Polşanın Moskvaya qarşı münasibəti daha prinsipialdır.
Ancaq yəqin ki, Rusiya ABŞ-dən NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını, Baltikyanı ölkələrin, İsveç və Finlandiyanın Şimali Atlantika blokundan çıxarılmasını tələb etsə də, bu, baş verməyəcək. Avropa bu məsələdə ABŞ-nin iradəsinə qarşı çıxacaq. Amma acığa düşən Tramp öz ölkəsini NATO-dan çıxarmaqla hədələyə bilər. O, hələ ötən ilin ortalarında, seçki kampaniyası zamanı NATO-nu sarsıdacağı barədə anons edib.
Araz Altaylı, Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ