Onlayn ictimai-siyasi qəzet
Mən uşaqlarıma atalarının azad ediləcəyini deməmişəm. Çünki hələ hakim ABŞ ilə Assanc arasındakı razılaşmanı imzalamalıdır, buna görə ehtiyatlı davranırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Culian Assancın həyat yoldaşı Stella Assanc BBC radiosuna müsahibəsində deyib. O, ABŞ hökumətinin “Wikileaks” portalının təsisçisi Culian Assanc ilə razılaşma əldə etməsindən sonra 5 və 7 yaşlı uşaqları ilə birgə Avstraliyaya uçub. Stella Assanc qeyd edib ki, onlar iyunun 23-də səhər saatlarında Culianın vətəni Avstraliyaya yola düşüblər.
“Uşaqlara təyyarə ilə uçmazdan əvvəl onu demişəm ki, onları böyük bir sürpriz gözləyir. Uşaqlar Avstraliyada olduqları, qohumlarını gördükləri üçün çox xoşbəxtdirlər”,- deyə o qeyd edib.
Stella deyib ki, uşaqlar atalarını hər zaman həbsxanada görüb və görüş çox vaxt bir saatla məhdudlaşıb. “Culianın ayağa qalxaraq həbsxanadakı mağazadan uşaqlarına şokolad almağa icazəsi belə yox idi”,- deyə o bildirib.
Jurnalistin gələcək planları ilə bağlı sualını cavablandıran Stella qeyd edib ki, bu barədə Culianla uzun danışmağa vaxtları olmayıb. Stella bildirib ki, onların əsas prioritetləri Culianın əvvəlki səhhətinə qayıtmasıdır. “O, beş ildir ki, çox dəhşətli vəziyyətdədir. Bizim üçün artıq yeni səhifə açmağın zamanıdır”, - deyə o vurğulayıb.
Stella ABŞ hökuməti ilə Culian Assanc arasındakı razılaşma haqqında da danışıb. Bildirib ki, razılaşmaya əsasən Culian Casusluq Aktı ilə bağlı bir ittiham üzrə öz təqsirini etiraf edəcək. Daha sonra bu, hakim tərəfindən imzalandıqdan sonra Culian rəsmi şəkildə azad insan olacaq.
Stella Assanc qeyd edib ki, onlar Culian azad olunandan sonra Avstraliyada yaşamağı düşünürlər. O, sevinc hisslərini də bölüşərək deyib: “Bu inanılmazdır, baş verənlər sanki real deyil kimi gəlir mənə”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ