Onlayn ictimai-siyasi qəzet
1960-cı illərin əvvəllərində SSRİ kəşfiyyatçıları Avropadakı Amerika bazasına işgüzar səfərə gəlmiş ABŞ kəşfiyyatının kriptoqrafik bölməsinin işçisi, gələcəkdə “Hektor” kod adı alan Cozef Corc Helmiçi əməkdaşlığa cəlb edə biliblər.
Sovet casusunu NATO qərargahına keçirmək istəyib
1962-ci ildə Cozef Amerika kodları haqqında unikal məxfi məlumatları ödəniş qarşılığında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə ötürüb. Nəticədə ruslar Vyetnam müharibəsi zamanı Amerika qoşunlarının mesajlarını sakitcə ələ keçiriblər. Eyni zamanda “Hektor”dan 200-dən çox qiymətli material alınıb ki, onlardan 14-ü xüsusi əhəmiyyət kəsb edib. Ona Paris rezidenturasından Viktor Lyubimov ( “Klod”) nəzarət edib. Agentin ABŞ-yə qayıdacağı məlum olanda, “kurator” onunla hər gün, bəzən isə gündə bir dəfədən çox görüşməyə başlayıb. Nəticədə “Hektor” ABŞ-də müstəqil işləməyi öyrənib.
Bir gün Corc rabitə qurğusundan məxfi məlumatları çıxarmaqdan sadəcə yorulduğu üçün sovet kəşfiyyatçısı Lyubimova maraqlı olan hər şeyi özü seçə bilsin deyə onu NATO silahlı qüvvələrinin Avropadakı baş komandanının qərargahına aparmağı təklif edib.
Mərkəz böyük riskə görə bu plandan imtina edib. Amma bir gün o, yenə də “kosmik sirr” yazılmış bir hesabat gətirib. Mütəxəssislər surğuclu möhürləri açıb gizli məlumatları əldə etməyi bacarıblar. 1963-cü ilin fevralında ABŞ-yə qayıtdıqdan sonra Helmiç hava desant korpuslarından birinin əməliyyatlar komandanlığının xüsusi əlaqələr briqadasında vəzifəyə təyin edilib.
Şifrə xidməti məmuru və təhlükəsizlik zabiti olan Cozef bütün məxfi poçtlara, şifrələnmiş yazışmalara və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarına çıxış əldə edib. Lakin çoxlu məlumatları sovet tərəfinə ötürmək getdikcə çətinləşib.
ABŞ gizli xidmətinin işçisi Fransaya tez-tez uça bilməyib. ABŞ-dəki sovet kəşfiyyatçıları məlumat əldə etməkdə maraqlı olsalar da, əlavə riskləri öz üzərlərinə götürməyə o qədər də həvəsli olmayıblar.
Eyni zamanda, SSRİ-nin Avropadakı rezidentliyi belə dəyərli agenti də buraxmaq istəməyib. Nəticədə, okeanın o tayından Fransaya silsilə uçuşlardan sonra “Hektor”a xüsusi risk səbəbindən səfərə qadağa qoyulub. Ancaq yeni rabitə kanalı heç vaxt təklif olunmayıb.
Sovet İttifaqı üçün vacib məlumat ötürüb, ömürlük həbs edilib
SSRİ-yə nüvə zərbəsi endirilməsi məsələsi aktuallaşanda ilk məlumat “Hektor”a daxil olacaqmış. Ondan əvvəl yalnız bir nəfər bu hücumu biləcəkdi - birbaşa zərbə endirəcək qüvvələrin komandiri. Bu da SSRİ üçün həyati vacib məsələ olub.
Riskləri nəzərə alaraq 1963-cü ilin sentyabrında Helmiç Parisdəki rezidenturaya özündə təkrar çəkilmiş məxfi sənədləri ehtiva edən 67 film kaseti təhvil verib. Həmin ilin noyabrında o, 1964-cü ilin fevralına qədər qüvvədə olan şifrələmə açarlarını ötürüb.
Helmiçin ötürdüyü məlumatlar sayəsində Avropada 6 nüvə silahı anbarı, müxtəlif ölkələrin aerodromlarında onlarla nüvə silahının yeri müəyyən edilib, ABŞ və NATO ölkələrinin nüvə-raket silahlarından mümkün istifadəsinə dair məlumatlar üzə çıxarılıb.
Cozef Corc Helmiç ABŞ-yə geri qayıtdıqdan sonra beş ay yoxa çıxıb. Məlum olub ki, o, təlimlərə aparılıb və sonra əks-kəşfiyyatın şübhəsi ilə üzləşib. Onun yanına kəşfiyyat zabiti təhkim edilib. Nəhayət, kəşfiyyatçı geri çağırılandan sonra “Hektor” yenidən Parisə gəlib. O, təxminən 10 aya Vyetnama göndəriləcəyini və sonra Almaniyadakı Amerika kontingentinə işləməyə köçürüləcəyini bildirib.
Lakin bu görüş sonuncu olub. O, Mərkəzi Kəşfiyyat İdarəsinin yalan detektoru testindən imtina etdikdə məxfi xidmətdən uzaqlaşdırılıb. 1967-ci ildə Helmiç Floridada kiçik bir firmada işləyib və valideynləri ilə yaşayb. Federal Təhqiqat Bürosu tərəfindən həbs edilən zaman onun hesabında cəmi 14 dollar olub. Ehtimal edilir ki, Cozef Corc Helmiç Kanadaya gedərək öz biznesini qurmaq üçün SSRİ səfirliyindən pul istəyib. Kanada isə məlumatları ABŞ-yə ötürüb və bu həbs üçün əsas olub. Ona görə də Helmiçin bütün fəaliyyəti araşdırılıb, SSRİ-yə casusluq etdiyi sübut olununub və o, ömürlük həbs cəzasına məhkum edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ