Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 15 mart tarixli iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, spiker əvvəlcə ötən iclasdan bəri, yəni təqribən 10 gün ərzində Milli Məclisdə görülmüş işlər haqqında deputatları məlumatlandırıb.
Sahibə Qafarova qeyd edib ki, bu dövrdə Milli Məclisin 13 komitə iclası keçirilib. Bir sıra qanunvericilik aktlarının layihələri ətraflı və geniş müzakirə edilib, plenar iclasda baxılmasına dair rəy verilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda geniş ictimai dinləmə keçib. Dinləmədə Milli Məclisin müxtəlif komitələrinin üzvləri, Aparatın müvafiq şöbələrinin işçiləri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Yerüstü Nəqliyyat Agentliyinin rəhbər vəzifəli şəxsləri, habelə "Boston Consulting Group" şirkətinin nümayəndəsi və müstəqil ekspertlər də iştirak ediblər.
Sahibə Qafarova bildirib ki, ötən dövrdə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev, Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkov, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin üzvü Əfzəl Xan, Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker və rəhbərlik etdiyi heyət, Avstriya Parlamentinin Cənubi Qafqazla dostluq qrupunun rəhbəri Andreas Minnix və qrupun üzvləri, Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadze və komitənin üzvləri, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ilə Sədrin görüşləri olub. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusən parlamentlər arasında işbirliyinin gücləndirilməsi yolları nəzərdən keçirilib:
“Həmsöhbətlərimə Azərbaycanın bugünkü reallıqları barəsində geniş məlumat verdim. Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri barədə fikirlərimi bölüşdüm. Bəzi beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ikili standartların olduğunu da vurğuladım”.
Spiker deyib ki, Milli Məclisdə bu ərəfədə Türk Dövlətləri Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 11-ci iclası da keçirilib. İclas “TÜRKPA üzvü olan dövlətlərdə elmi və texnoloji inkişafda parlamentlərin rolu və qanunvericilik dəstəyi” mövzusuna həsr edilib.
“Son olaraq onu da qeyd edim ki, martın 13-də Avropa Parlamenti ölkəmizə qarşı qərəzli münasibətini bir daha nümayiş etdirərək “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul edib. Milli Məclis anti-Azərbaycan xarakterli bu növbəti qətnaməyə yenə də öz qəti etirazını bildirib. Yəqin ki, müvafiq sənədlə mətbuatda tanış olmusunuz”, - spiker yekunda bildirib.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ