İnsanlara hürriyət, millətlərə istiqlal!

Soyqırımların araşdırılması ilə bağlı xüsusi qurum yaradılmalıdır - təklif

Səməd Seyidov: “Azərbaycanlılara qarşı törədilmiş faciələr, soyqırımlar, cinayətlər getdikcə dünya tərəfindən nəinki tanınmağa, ən əsası dərk olunmağa başlayıb”

Son iki yüz ildə Azərbaycanda ermənilər tərəfindən bir çox faciələr və soyqırımlar törədilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir.

Erməni təcavüzkarları minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Rəsmi mənbələrə əsasən,1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri  12 minə yaxın azərbaycanlını qətlə yetirib, on minlərlə insan itkin düşüb. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Tarix elmləri doktoru Nəsiman Yaqublu “Yeni Müsavat”a bildirdi ki, qarşıda həllini tapmalı olan məsələlər kifayət qədərdir: “Soyqırım məsələlərini daim diqqətdə saxlamaq lazımdır. Ona görə  ki, qarşı tərəf bunu inkar edən faktlarla çıxış edir. Erməni lobbisi, diasporası çox güclüdür, əlaqələri vasitəsilə kitablar yazırlar, sistemli şəkildə fəaliyyət göstərirlər. Bütün bunları nəzərə alaraq soyqırım faktını dünyaya qəbul etdirə bilmədiyimizə görə ruhdan düşməməliyik. Xocalı soyqırımı ilə bağlı videolar, fotolar var, şahidlər sağdır. Soyqırım dünya ölkələrinin gözü qarşısında baş verib. Azərbaycanlılara qarşı törədilmiş soyqırım həm də ermənilərin ərazi iddialarının bir hissəsidir. Ermənilər bu soyqırımı Bakını Azərbaycandan ayırmaq, erməniləşmiş, yaxud ruslaşmış bir şəhərə çevirmək üçün törətmişdilər. 1918-ci il sentyabrın 15-də bunun qarşısı alındı. Türkiyənin yardımı ilə Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycana daxil oldu, Bakı və Bakı ətrafını xəyanətkar ermənilərdən təmizlədi. Hesab edirəm ki, soyqırımların araşdırılması və dünyaya tanıdılması ilə bağlı xüsusi qurum yaradılmalıdır. Bu quruma dövlət tərəfindən nəzarət olunmalıdır və sistemli şəkildə işlər görülməlidir. Ermənistanda belə qurum var və fəaliyyət göstərir.

Azərbaycan Cümhuriyyətinin səsi - Nəsiman Yaqublunun araşdırması

Nəsiman Yaqublu

Eyni zamanda diaspor təşkilatlarını da güclü şəkildə bu istiqamətə yönəltməliyik. Soyqırım təkcə baş verdiyi gündə yox, hər zaman diqqətdə saxlanmalıdır. 31 mart soyqırımı ilə bağlı ən böyük iş 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə görüldü-martın 31-i ümummilli matəm günü elan olundu. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi.  Bu komissiyanın ən böyük fəaliyyəti ondan ibarət oldu ki, başqa millətlərdən olan araşdırmaçılar, hüquqşünaslar və mütəxəssislər cəlb edildi. Onların araşdırmalarına inam var idi.  Həmin dövrdə təxminən 5 min şahiddən ifadə alındı. Bu gün o ifadələr arxivlərdə saxlanılır. Şahid ifadələri rus dilində Azərbaycanda nəşr olunub. Lakin başqa dillərdə də dərc olunmasına ehtiyac var. Sonrakı dövrdə Məhəmməd Əmin Rəsulzadə mühacirətdə yaşadığı illərdə ”Azərbaycan Cümhuriyyəti" kitabını yazdı. Bu, 31 mart soyqırımının əks olunduğu ilk kitabdır.  Eyni zamanda Azərbaycan müstəqil olduqdan sonra da bu istiqamətdə müəyyən işlər görülməyə başladı. Quba Soyqırım Memorial Kompleksinin yaradılması çox böyük hadisədir".

Səməd Seyidov: Mən elə şey deməmişəm - Millixəbər İnformasiya Portalı

 Səməd Seyidov 

Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a bildirdi ki, azərbaycanlılara qarşı törədilmiş faciələr, soyqırımlar, cinayətlər getdikcə dünya tərəfindən nəinki tanınmağa, ən əsası dərk olunmağa başlayıb: “Azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar törədilib. Bunun əsas səbəbi ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü siyasətinin nəticəsidir. Bütün cinayətlərin arxasında məqsədlər var. Ermənilər və erməniləri himayə edən qüvvələr əsrlərdir bu torpaqlarda yaşayan əhalini öz dədə-baba torpaqlarından didərgin salmaq, hətta əvvəlki yaşayışın izlərini silməyi də qarşıya məqsəd qoymuşdular. Bu soyqırım siyasətinə biz ən güclü cavabı ”Xocalıya ədalət" kampaniyası çərçivəsində verdik. Bu kampaniya çərçivəsində 31 mart soyqırımı ilə bağlı həm ABŞ-da, həm Avropa Şurasında, həm başqa beynəlxalq təşkilatlarda müvafiq təbliğat işləri aparılıb. Soyqırım haqqında danışanda təkcə azərbaycanlıların qətlə yetirilməsi məsələsini qabartmaqla kifayətlənməyib, bunun səbəbini izah etmək lazımdır. Əsas siyasət bu istiqamətdə getməlidir. Xüsusilə torpaqlarımızı işğaldan azad etdikdən sonra əyani şəkildə soyqırım nəticələrini dünyaya təqdim etmək imkanı əldə etdikdən sonra daha kəskin, daha tutarlı işlər görəcəyik".

S.Seyidov eyni zamanda hüquqi baxımdan da ədalətin bərpasına çalışmağın gərəkli olduğunu ifadə etdi: “Lazımi sənədləri həm Avropa Şurasının İnsan Haqları Məhkəməsinə, həm Haaqa Məhkəməsinə, həm də başqa ədalət məhkəmələrinə təqdim etməyə başlamışıq. Nəticələr göz qabağındadır. Haqq-ədalət Azərbaycanın tərəfindədir”.

Bundan sonra görülə biləcək işlərə diqqət çəkən millət vəkili bir çox istiqamətlərdə lazımi tədbirlərin davamlı həyata keçiriləcəyini bildirib: “Bu, uzunmüddətli və çoxistiqamətli prosesdir: həm siyasi bəyanatlar, həm məhkəmə prosesləri, həm ermənilərin beynəlxalq miqyasda apardığı siyasətin ifşa olunması, hətta Azərbaycanla bağlı dünya ictimaiyyətində müsbət rəyin formalaşdırılması, erməni lobbisinin Azərbaycana qarşı apardığı siyasətin faktiki fiaskoya uğraması və s. Ən əsası odur ki, Azərbaycanın apardığı ədalət savaşı müsbət nəticəsini verməkdədir. Qarabağın işğaldan azad edilməsi ilə yanaşı, dünyanın Azərbaycana olan diqqətinin artırılması və münasibətinin dəyişdirilməsi əsas məsələlərdəndir. Xocalı soyqırımı, 31 mart soyqırımı, II Dünya müharibəsindən sonra azərbaycanlıların deportasiya olunması ilə bağlı  faktların müntəzəm olaraq beynəlxalq təşkilatlara çatdırılması sahəsində fəallaşmaq lazımdır. Soyqırımların tanınması ilə bağlı bütün ölkələrə müraciət olunub: ABŞ, Avropa ölkələri, İslam dünyasının öndə gedən ölkələri və s. ”

Deputat Fazil Mustafa bu qurumla bagli SERT SOZLER: Onlar qədər vətəndaşı  soyan ikinci bir qurum yoxdur

 Fazil Mustafa 

Millət vəkili Fazil Mustafa isə qeyd etdi ki, 31 mart hadisələrinin soyqırım kimi tanınması prosesi 1998-ci ildə prezident Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla başlayıb: “Sonrakı mərhələdə hadisələrin təbliği istiqamətində xeyli addımlar atılıb. İstintaq komissiyasının nəticələri kitab halında dərc olunub, bir sıra ölkələrin kitabxanalarından tutmuş, cəmiyyətlərinə qədər çatdırılıb. Bu istiqamətdə parlamentdə də müzakirələr aparılıb. O dövrün faciəsi ciddi şəkildə bugünkü dövlət siyasətində soyqırım kimi tanınıb. Azərbaycan çərçivəsində kifayət qədər təbliğ olunub. Beynəlxalq arenada isə biz üstünlüyü daha çox Xocalı soyqırımına verməli olmuşuq. Bu da daha çox faciənin yaxın tarixdə baş verməsi, faktların  çoxluğu ilə əlaqədardır. Həm də bu faciəni törədən subyektlərin sağ olması, müəyyən dərəcədə bu proseslərdə əsas rol oynaması, Ermənistanda hakimiyyətdə olması bizim üçün həm də təbliğatımızda onların saxta soyqırımla bağlı cəfəngiyyat yaymasına qarşı addımlarımızı stimullaşdırır. Bu məsələ lazımi səviyyədə təbliğ olunur. Dünya ölkələrinin tarixlə bağlı maraqlarının dərin olmadığını, daha çox siyasi məqsəd güdərək keçmişə qayıtdıqlarını, qondarma erməni soyqırımı ilə bağlı məsələdə də bunu tez-tez gündəmə gətirdiyini nəzərə alsaq, azərbaycanlıların soyqırımını onlara hər hansı formada qəbul etdirmək çətin məsələdir. Bunu açıq şəkildə etiraf etmək lazımdır. Amma tarixi yaddaşımız, müəyyən dərəcədə əks-arqument üçün soyqırım faktının aktuallığını qorumaq lazımdır. Soyqırım muzeylərinin yaradılması, xaricdən gələn insanlara təbliğ olunması baxımından daha çox işlər görülməlidir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR