Onlayn ictimai-siyasi qəzet
Sonra da deyirlər ki, Rusiyada şovinizm tendensiyası haqqında yazıların materialını haradan götürürsünüz.
Təkcə bu həftə Rusiyada dövlət strukturunun və propaqandistlərin ifasında üç bariz şovinizm elementi səslənib.
Birincisi budur: Rusiya İstintaq Komitəsi (İK) regionlararası “Vətəndaş” özbək icmasının prezidenti Usman Baratova qarşı cinayət işi açıb. Buna səbəb Baratovun sosial şəbəkədə Rusiyada yumurta qıtlığı ilə bağlı yazdığı mesajda belə bir qeyd etməsidir: “Sizə yumurta lazım deyil, ... lazımdır! Ön cəbhədəki xoruzları geri qaytarın!”
Bundan əvvəl isə o, Rusiyada yaşayanların bütünlüklə "rus" adlandırılması ilə razılaşmadığını bildirib və deyib ki, özü Rusiya vətəndaşı olan özbəkdir, ancaq rusların içində əriyib getmək istəmir, ümumiyyətlə, Rusiyanın uyğunlaşmaya, inteqrasiyaya ehtiyacı var, amma xalqları assimilyasiya etməməlidir.
İndi düymə lap yuxarılardan basılıb, rusiyalı müstəntiqlər Baratovu məhz rusifikasiya siyasətinə qarşı çıxdığına görə “dolaşdırıblar”, “yumurta” və “xoruz” məsələsi bəhanədir. Bu, şovinizmin buynuzudur və öz qurbanlarına tuşlanıb.
İkinci şovinizm təzahürü bu məsələ ilə bağlıdır. Rusiya parlamentinin vitse-spiker Pyotr Tolstoy Baratovun “dəhşətli açıqlaması”ndan necə qeyzlənibsə, Rusiyadakı diaspor təşkilatlarının hamısını mafioz adlandırıb, Siciliya və Korsikanın kriminal elementləri ilə müqayisə edib.
Bundan əvvəl isə o, miqrantlara Rusiyada kuryer, satıcı kimi işlər verilməməsini, ailələrini bu ölkəyə gətirmələrinə qadağa qoyulmasını təklif edibmiş. Yəni Tolstay istəyir ki, miqrantlar Rusiyaya yalnız qara qul kimi gəlsinlər, ağır işlərdə çalışsınlar, rusların qulluğunda dursunlar, daha gəlib iri şəhərlərdə məskunlaşmasınlar, tamhüququ vətəndaşa çevrilməsinlər.
Bu düşüncənin insanların ikinci, hətta üçüncü sortlara ayıran, kastalara bölən Hindistandakı total təfəkkürdən fərqi yoxdur.
Üçüncü şovinist məzmunlu açıqlama rusiyalı teleaparıcı Tina Kandelakidən gəlib. O, Qazaxıstanda rus dilinin sıxışdırılmasıyla bağlı paylaşımını tənqid edən qazaxlara qəzəblənib. Kandelaki qazaxların yadına məşhur qırğız yazıçısı Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı mifik manqurt obrazını salıb, dolayısı ilə onları yaddaşını, şəxsiyyətini, ağlını itirmiş adamlar olmalarına eyham edib. Daha sonra isə Hollivudda çəkilmiş filmdə karikaturik “qazax Borat” obrazını xatırladıb və qeyd edib ki, Qərb qazaxlara bu cür yanaşır.
Kandelaki Astanada çoxlu əcnəbi adların olduğuna qısqanclıqla yanaşdığını, bu adların rus ad və lövhələrini, xüsusilə də Qazaxıstanda dəmiryol vağzallarının adlarının dövlət dilinə dəyişdirilməsinə etiraz ifadə edib.
İndi baxaq, görək adları çəkilən şəxslər kimlərdir. Həm vitse-spiker Tolstoy, həm də teleaparıcı Tina Kandelaki rəsmən propaqandistdirlər, Rusiya dövlətinin siyasətinin təbliğ edilməsi, xalqın hansı istiqamətdə düşünməli olduğuna yol göstərən adamlardır. RF-nin İstintaq Komitəsi isə icraedici orqandır, birbaşa Rusiyanın hakim dairələrinin göstərişləri ilə işləyir.
Yeri gəlmişkən, Baratovun haqqında cinayət işinin başlanmasına dair təklif ilk olaraq P.Tolstoy tərəfindən səsləndirilib. Göründüyü kimi, order verənlər artıq onun barmaq tuşladığı adamı cinayət məsuliyyətinə cəlb ediblər.
Bu sahədə vəziyyət SSRİ dövründə olduğundan xeyli fərqlidir. Sovet dönəmində rus millətçiliyi gizli şəkildəydi, altdan-altdan yeridilirdi, qırmızı imperiyanı köklü və çoxsaylı xalqları arasında vəzifəyə irəli çəkilmək, qəhrəman elan edilmək, təltif olunmaq sahələrində balans gözlənilirdi. Heç bir kəs yuxarı səviyyələrdə hansısa xalqı aşağılaya, onlara “qaraşın”, “qıyıqgöz”, “kütbeyin” deyə bilməzdi. Belə şeylər adətən küçə-bazar səviyyəsində olurdu, rəsmi şəxslər isə bu xüsusda hər zaman korrekt idilər.
Ancaq indi vəziyyət çox dəyişib, təhqiramiz ifadələr, yanaşmalar norma halına gəlib, aqressiya göz deşir. Bir zamanlar liberal-demokratiyadan Avstraliya adası qədər uzaq olan Rusiya Liberal-Demokrat Partiyasının şovinist rəhbəri Vladimir Jirinovskinin SSRİ-dən ayrılmış xalqlara dair çılğın və aşağılayıcı açıqlamaları gündəmi zəbt edirdi, indi onun başqa ardıcılları da var. Yeri gəlmişkən, Jirinovski məhz bu şovinist açıqlamaların sayəsində seçkilərdə 7 milyondan artıq seçicinin səsini alırdı.
Hazırda məlum olur ki, qatı rus nasistləri heç də təkcə Jirinovskinin partiyasında toplaşmayıb, onlar Rusiyanın hakim partiyası “Vahid Rusiya” başda olmaqla, demək olar ki, bütün partiyalarda (bir-ikisi istisna ola bilər) xüsusi çəkiyə malikdirlər.
Bu cür düşünən şəxslər Ukrayna, Moldova ilə yanaşı, Qafqaz və Orta Asiya respublikalarını – 32 ildən bəri müstəqil yaşayan dövlətləri vaxtaşırı SSRİ-ni dağıtmaqda ittiham edirlər. Sanki bu dövlətlərin müstəqillik qazanması böyük bir qəbahət olub. Əslində isə məhz Rusiyanın bu ölkələri 200 ilə yaxın bir müddətdə əsarət altında saxlaması tarixi qəbahət kimi təsbit olunmalıdır.
Rus propandistlərin sözündən elə çıxır ki, bu respublikalar rus dilini qorumalı, ona xüsusi status verməli, rusdilli icmaları yüksək zümrə olaraq tanımalı, SSRİ-dən ayrıldıqlarına görə peşman olduqları barədə etiraflar etməli, Qərb ölkələri ilə əməkdaşlıqdan yayınmalı və bütün ümidlərini yenidən Moskvaya bağlamalıdırlar.
Ayrıca, rus millətçilərə görə, postsovet ölkələrində müstəqil dövlətçilikdən danışan qüvvələr millətçidirlər, onların belə bir haqqı yoxdur.
Araz Altaylı, Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ