Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merz, bir sıra digər Avropa liderləri və NATO-nun baş katibi Mark Rutte Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə Almaniya Nazirlər Kabinetinin sözçüsü Stefan Kornelius açıqlayıb. Onun sözlərinə görə, Zelenski ABŞ prezidenti Donald Trampla görüşü barədə onlara məlumat verib. Korneliusun sözlərinə görə, danışıqda Avropa İttifaqı rəhbərləri də iştirak ediblər.
Sözçü bildirib ki, Zelenski “ABŞ prezidenti Donald Trampla konstruktiv görüşü” barədə avropalı tərəfdaşlarına məlumat verib: "Almaniya kansleri Merz və tərəfdaşları bu yaxın transatlantik əməkdaşlığı alqışladılar və Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün səylərin vacibliyini vurğuladılar".
Korneliusun sözlərinə görə, Avropa liderləri “Zelenskiyə Rusiyanı ciddi danışıqlara sövq etmək üçün dəstəyi genişləndirəcəklərinə söz veriblər”: "Bura Aİ-nin 19-cu sanksiya paketi çərçivəsində artan sanksiyalar təzyiqi və dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə daxildir".
Merz oktyabrın 17-də bəyan edib ki, Zelenskinin Trampla görüşündən sonra Avropa liderləri “hərəkətlərini əlaqələndiriblər və gələcək addımları diqqətlə izləyəcəklər”: "İndi Ukraynaya sülh planı lazımdır".
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ