Onlayn ictimai-siyasi qəzet
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası günüdür. 1988-ci ildən başlanan müstəqillik uğrunda xalq hərəkatı 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə hədəfinə çatmış oldu. 1991-ci il 18 oktyabr tarixində qəbul edilən, 6 bölmə, 32 maddədən ibarət olan sənədin adı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya Aktı adlansa da, əslində dövlət müstəqilliyinin bərpasına dair sənəddir. Həmin sənəddə yazılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi.
Aktda Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edilir. Beləliklə, 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü hesab olunur.
Beləliklə, bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən 34 il keçdi.
Milli Məclisin oktyabrın 17-də keçirilən iclasında sədr Sahibə Qafarovanın təklifi ilə Müstəqilliyin Bərpası Günü münasibətilə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlanıb.
Aydın Hüseynov
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, müstəqilliyin bərpasına nail olmaq nə qədər çətin idisə, müstəqilliyi qoruyub saxlamaq ondan da ağır və məsuliyyətli bir işdir: “Azərbaycan xalqı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etdi. Lakin elə həmin zamanlardan başlayaraq ölkəmizə qarşı Qarabağdakı erməni separatizmi, Ermənistanın Azərbaycana qarşı müharibəsi, müstəqilliyimizi istəməyən xarici qüvvələrin təzyiqləri, təxribatları, bir tərəfdən isə ölkəmizin daxilində hakimiyyət uğrunda mübarizə xaos vəziyyəti yaratmış və faktiki olaraq müstəqilliyimizi itirmək, ölkənin parçalanması təhlükəsi ilə üz-üzə qalmışdıq. Müstəqilliyimizin bərpasından keçən 34 ilin ilk illəri böyük təlatümlərlə müşayiət olundu. Gənc respublika həmin dövrdə ağır sınaqlarla, faktiki olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Daxili çəkişmələrin hökm sürdüyü, hakimiyyət davasının aparıldığı həmin hərc-mərclik dövründə ölkəmiz vətəndaş müharibəsinin astanasında, ağır siyasi, iqtisadi böhranların məngənəsində çırpınırdı. Digər yandan da torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən bir-bir işğala məruz qalır, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşərək ağır məhrumiyyətlər içərisində ölkəmizin digər rayonlarında yaşamağa məcbur olurdular.
Azərbaycan dövləti və xalqı məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində çox ağır məhrumiyyətlərdən, çətinliklərdən, sınaqlardan çıxaraq müstəqilliyimizi qoruya bildi. Tarixinin ağır sınaqlı dönəmində müdrik xalqımız təkidli tələbi ilə Heydər Əliyevi hakimiyyətə qaytarmaqla Azərbaycanı XX əsrdə yenidən müstəqilliyini itirmək təhlükəsindən qurtardı. Azərbaycanın xilaskarı Ulu Öndər apardığı məqsədyönlü daxili və xarici siyasət sayəsində qısa müddətdə ölkəmizi böhrandan azad edərək xilas yoluna çıxardı. Cəmi 10 il ərzində Ümummilli Lider Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə olan ölkədən, dünyada tanınan, azad siyasət yeridən, rifah və tərəqqi ölkəsinə çevirdi".
Deputat vurğuladı ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı müstəqil dövlət olmayacaqdı, dövlət müstəqilliyi əldən gedəcəkdi, ölkə düşmən qüvvələr arasında bölüşdürüləcəkdi: “Heydər Əliyev Azərbaycanı xilas etdi və inkişaf yoluna çıxardı. Məhz Ulu Öndərin strategiyası, siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə Azərbaycanı bugünkü qalib, dünyada çox böyük nüfuz qazanmış ölkə etmiş oldu. Azərbaycan dünya siyasətinə, dünya idarəetməsinə yön verən dövlətlər tərəfindən böyük rəğbətlə qarşılanır, Azərbaycan dünyanın taleyini həll edən zirvə toplantılarına dəvət edilir. Müstəqil Azərbaycanın ordusu dünyanın güclü orduları sırasında yer alır, Azərbaycan iqtisadi, sosial həyatında ilbəil yüksəliş davam edir. Azərbaycan Avropanın enerji təminatında rol oynayan ölkədir. Azərbaycanla artıq hər kəs hesablaşır. Azərbaycanın, onun liderinin mövqeyi dünyada qəbul edilir. Azərbaycan bütün istiqamətlərdə çox böyük inkişaf yolunu qət etmiş ölkədir.
1988-ci ildən başlayaraq xalqımıza zülmlər, ağrı-acılar yaşadan erməni faşizmindən, terrorundan, separatizmindən qurtulmuşuq. Torpaqlarımızı işğaldan azad etmişik, xalqımızın qatilinə çevrilən erməni canilərini haqq-ədalət qarşısında cavab verməyə məcbur etmişik.
Torpaqlarımızın bir qərinəlik işğalına son qoyaraq yüz minlərlə keçmiş məcburi köçkünü vətəndə qəribçilik yükündən azad edərək Qarabağ və Şərqi Zəngəzura yeni həyat qaytarmışıq. Ən ümdəsi müstəqil ölkəmizin bütün ərazilərində bayrağımız dalğalanır, Qarabağda suverenliyimiz tam bərpa edilib".
A.Hüseynov dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya öz mövqeyi olan əsl müstəqil dövlət modelini təqdim edib: “Azərbaycan heç kimin diktəsi ilə hərəkət edən dövlət deyil, Azərbaycan öz maraqlarını heç kimə, heç nəyə güzəştə getməyən əsl müstəqil dövlətdir. Bu gün bayrağımızın ölkəmizin hər yerində dalğalanmasından böyük qürur hissi keçirdirik. Dövlət müstəqilliyimiz toxunulmaz və əbədidir. Bu gün - 18 oktyabr Müstəqilliyimizin Bərpası Gününü Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi bütün qələbələrin ab-havasında qeyd edirik”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ