İnsanlara hürriyət, millətlərə istiqlal!

MDB ölkələrinə rus dili tələbi - Moskvadan qəribə davranış

Azər Həsrət: “Rusiya imperiya təfəkküründən hələ də qurtula bilmir”

“MDB ölkələrində rus dilinin dəstəklənməsi əməkdaşlığın ümumi gələcəyinə sərmayədir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko “Rus dili MDB regionunda inteqrasiya dialoqunun əsasıdır” adlı konfransın iştirakçılarına müraciətində deyib.

“Rus dilinin dəstəklənməsi siyasi məqsədəuyğunluq məsələsi deyil, ümumi gələcəyimizə, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına sərmayədir”, - Matviyenko bildirib (Teleqraf).

Rusiyalı spiker müraciətində başqa bir qəribə ifadə də işlədib, o qeyd edib ki, “MDB ölkələrinin ümumi vəzifəsi” rus dilinin mövqeyini qorumaq və möhkəmləndirməkdir.

Hansı “ümumi vəzifə”dən söhbət gedir əgər MDB ölkələrin hamısı BMT üzvü olan suveren dövlətlərdirsə? Konkret olaraq Azərbaycanın rus dili ilə bağlı heç bir öhdəliyi toxdur. Çünki bizim dövlət dilimiz Azərbaycan dilidir. Bəs Matviyenko nə demək istəyir? Rusiya niyə belə narahatdır?

Region mediası faktiki olaraq ölmüş sayıla bilər" - Azər Həsrət | Modern.az

Azər Həsrət 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a danışıb. Siyasi şərhçi qeyd edib ki, Matviyenko bu ifadəni işlətməklə bir daha göstərir ki, Rusiya imperiya təfəkküründən hələ də qurtula bilmir:

“Azərbaycan da daxil olmaqla digər MDB dövlətləri müstəqil dövlətlərdir. Nə olsun ki, biz Müstəqil Dövlətlər Birliyində üzvük? Bu, o demək deyil ki, biz həmin birliyə üzv olmaqla hansısa bizə yad, yabancı olan xarici dövlətin dilini qorumaq, yaşatmaq öhdəliyi götürmüşük.

Azərbaycanın elə bir öhdəliyi yoxdur. Azərbaycan üçün dil məsələsində ikibaşlı və ikimənalı heç nə yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycanın dövlət dili Azərbaycan dilidir və bundan başqa hər hansı dilin üstün statusu yoxdur. Azərbaycanda fərqli dillər əlbəttə ki, inkişaf etdirilir, yaşadılır. Lakin dövlətin hansısa xarici ölkənin dilini burada üstün tutmaq, yaşatmaq və ya inkişaf etdirmək öhdəliyi yoxdur, o cümlədən də rus dilini. Yəni onlar bu cür danışmaqla bir daha göstərirlər ki, imperiya təfəkküründən əl çəkə bilməyiblər".

Azər Həsrətin fikrincə, Azərbaycan artıq MDB üzvlüyündən imtina etməlidir:

“Müstəqil Dövlətlər Birliyi adından da göründüyü kimi müstəqil dövlətlərin birliyidir, könüllü birlikdir. Bu birlik çərçivəsində hansısa addım atılırsa, qərar qəbul edilirsə və ya öhdəlik yaradılırsa, həmin öhdəlik yalnız ümumi razılaşma əsasında qəbul edilə bilər. Yəni, heç bir dövlətin, o cümlədən də Rusiya dövlətinin hər hansı rəsmisi bizə dəxli olmayan bir öhdəlik yükləyə bilməz. O cümlədən də rus dilini yaşatmaqla bağlı.

Azərbaycanın onun torpaqlarını işğal etmiş, yüz illər boyu Azərbaycan xalqına zülm etmiş, bütün yerüstü və yeraltı sərvətlərimizi talamış bir dövlətin hələ də imperiya dilini yaşatmaq kimi bir öhdəliyi ola bilməz və yoxdur da. Bunu, nəhayət, Moskvada anlamalıdırlar.

Ümumiyyətlə, Rusiya indi düşdüyü çətin durumda bu cür məsələləri gündəmə gətirməklə, öz xislətindən, yəni imperiya düşüncəsindən imtina etməyəcəyini bir daha göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan mümkün qədər Rusiyadan uzaq durmalıdır. Biz nə qədər Rusiyadan kənar olsaq, aralı olsaq, bir o qədər yaxşıdır.

Bunun çıxış yolları bizə məlumdur və dəfələrlə demişik. Bir daha təkrarlayıram: biz artıq MDB deyilən süni birlikdən imtina etməliyik. O MDB-ni bir vaxtlar Rusiya özünü ayaqda saxlamaq üçün qurmuşdu. Təbii ki, müəyyən səbəblərə görə Azərbaycan da sonradan o birliyə qoşuldu. Amma indi zaman yetişib, biz artıq Rusiyanın yaşaması üçün qurulmuş bu birlikdən imtina etməliyik.

Bizə, əslində, MDB-nin verdiyi heç nə yoxdur. MDB-nin önünü çəkən Rusiya dövləti isə biz azərbaycanlılara daim zülm edir. Rusiya ərazisində azərbaycanlıların hüquqları kütləvi şəkildə tapdanır. Hər həftə, hər ay azərbaycanlılarla bağlı həyəcanlı xəbərlər alırıq: kiminin vətəndaşlığı ləğv edilir, kiminin ölkəyə girişi qadağan olunur, kimisi isə deportasiya edilir. Hətta azərbaycanlı deputat təyyarə ilə Moskvaya qədər uçur, oradan geri qaytarılır “ölkəyə girişin yasaqlıdır” deyib.

İndi biz bu dövlətə hörmətlə yanaşmalıyıqmı? Onun dilinə hörmətlə yanaşmalıyıqmı? Əsla! Rusiya bütün balansını tükədib. Azərbaycanın ona hansısa səbəblərdən diqqət və hörmət göstərməsi üçün artıq heç bir əsas qalmayıb. Rusiya bizə o qədər pisliklər edib və etməyə də davam edir ki, düşünürəm, ondan mümkün qədər uzaq qaçmaq lazımdır.

Bu uzaqlaşmanın da ən vacib addımlarından biri MDB-dən yəni üzvlükdən çıxmaqdır. Rusiyanın olduğu heç bir birlikdə Azərbaycan qalmamalıdır. Biz qaldıqca, onların ayağı yer tutur. Bax, ona görə də gəlib bizim üzərimizə, bizdən xəbərsiz öhdəlik qoyurlar ki, guya rus dilini yaşatmalı, inkişaf etdirməliyik.

Bütün bunlar, əlbəttə ki, məqbul deyil. Rusiya rəsmilərinin də iki də bir bu cür fikirlər səsləndirməsi ondan xəbər verir ki, onlar öz xislətlərindən əl çəkən deyillər. Bizə öz xislətindən, imperialist düşüncəsindən əl çəkməyəcək bir dövlətlə bundan sonra eyni yolda yürümək düşərmi? Məncə, düşməz".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR