İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun

Məbləğ yığılır, dələduzlar lazım olan planı doldurur və ondan sonra layihəni bağlayıb qaçırlar

Son vaxtlar hətta tanınan, sosial mediada aktiv olan şəxslərin özləri də müxtəlif dələduzluqlara məruz qalırlar. Facebook, Wotsap üzərindən hesablar açılır və pul fırıldaqları həyata keçirilir. Hələ ötən gün sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslərin müəyyən edilməsi ilə bağlı informasiyalar yayıldı.  

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməlləri törədən 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanıldılar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.

Yaxta dələduzları saxlanıldı - Zərərçəkənlər var

Demək olar ki, hər gün müasir texnologiyalardan istifadə edərək yeni neodələduzluq növləri aşkara çıxır. Bəs insanlar bundan necə qorunmalıdırlar, dələduzların toruna düşməmək üçün nələrə diqqət etməlidirlər? 

Mövzu ilə bağlı Musavat.com-a danışan informasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyir ki,  insanların rəqəmsal savadlılığı zəif olduqca belə fırıldaqçıların qurbanına çevriləcəklər. 

“Belə fırıldaqçılar insanların kasb olmasından və maddi maraqlarının olmasından istifadə edirlər. Onlar bilirlər ki, əhalinin pul marağı var və asan yolla onu qazanmaq üçün təklif olunan bütün şərtlərlə razılaşacaqlar. Elə bundan istifadə edib lotereyalarda, bonuslarda, pul mükafatlarında iştiraka dəvətlə dələduzluqlarını həyata keçirirlər. Həmçinin insanları fishing saytlarına yönəltməyə çalışırlar. Vətəndaşlar da bilmədən göndərilən linklərə daxil olurlar və tora düşürlər. 

Maliyyə piramidalarına da insanları belə şinikləndirici təkliflərlə cəlb edirlər.  Əvvəlcədən xırda büdcə ayrılır, kiçik məbləğdə pul ayrılır  və insanlarda inam yaradılır ki, bu ödənişlər davamlı olacaq. Məbləğ yığılır, dələduzlar lazım olan planı doldurur və ondan sonra layihəni bağlayıb qaçırlar. 

Məktəblərdən başlayaraq güclü təbliğat aparılmalıdır. Fırıldaqçıları ifşa edən videolar televiziyalarda tez-tez yayımlanmalıdır. Banklar insanlara rəqəmsal xidməti və öz məhsullarını təklif edəndə mariflənməni də unutmmalıdırlar. Amma fırıldaqçılarla yüz faizli mübarizə aparmaq mümkün deyil. Çünki insanın nəyəsə inamı həmişə olacaq və kimlərsə də bundan istifadə edəcək. 

Bütün dünyada belə hallar olur. 2019-cu ildə Bolqarıstanda bir xanım kriptovalyuta yaratdığını elan etmişdi. Sonradan məlum olmuşdu ki, həmin qadın məşhur fırıldaqçıdır. Onların üstünlüyü inandırmaq qabiliyyətinin güclü olmasındadır". 

Çingiz Qənizadə təltif edildi - FOTO - GlobalInfo.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, sosial şəbəkələr üzərindən fırıldaq artan xətlə davam edir və Daxili İşlər Nazirliyi mütəmadi olaraq əhalini belə hallarla bağlı məlumatlandırır: "Bu cür dələduzlar yağışdan sonra çıxan göbələk kimi artırlar. Müxtəlif yollar fikirləşirlər, vasitələr tapırlar. Biri işə düzəltmək adı ilə pul atır, digəri yaxta icarəyə verdiyini deyir. Hətta xaricə səfərlər, tur adı altında da fırıldaqlar edilir.  Eyni zamanda bank işçilərinin adından da dələduzluqlar edilir. Burada əhalinin maarifləndirilməsinə ehtiyac var. Belə dələduzlar çox peşəkardılar, onların qarşısını tam almaq mümkün deyil. Televiziyalarda çarxlar getməli, şou əhlinə ayrılan saatların yarım saatını belə şeylərə həsr etməlidirlər. Daha sivil və maariflənmiş əhalini aldatmaq çətindir. Bizdə isə savadsızlıq və pula hərislik belə fırıldaqçılara yol açır”.    

Mövzü ilə bağlı Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Zeyni Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində mütəmadi olaraq təbliğat, təşviqat, maarifləndirmə işləri həyata keçirilir:

WhatsApp Image 2024-12-19 at 16.28.59.jpeg (124 KB)

“Daxili İşlər Nazirliyi tərəfindən kiberdələduzluqla mübarizə çərçivəsində əməliyyat-texniki tədbirlərlə yanaşı mütəmadi olaraq maarifləndirmə, təbliğat-təşviqat işləri həyata keçirilir. Vətəndaşlarımızın bank kartlarındakı vəsaitlərinin qorunması, oğurlanmaması üçün DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı kiber ssenarilərin vətəndaşlara çatdırılması üçün bu platformalarda "Kiberinfo" adlı səhifələr də yaradılaraq məlumatlandırma üçün istifadəyə təqdim edilib. Həmçinin “Avto Fm” radiosunda eyni adlı veriliş də yayımlanır ki, vətəndaşlarımız daha da diqqətli olsunlar.

Mübarizə tədbirləri çərçivəsində ərazi polis orqanları tərəfindən əsasən yaşlı nəslin nümayəndələri ilə də mütəmadi söhbətlər aparılır, üzləşə biləcəkləri hallarla bağlı məlumatlar verilir.

Vətəndaşlarımız kiberdələduzluqla üzləşməmək üçün sadə qaydalara əməl etməlidirlər. Əmin olmadığınız linklərə daxil olaraq orada yerləşən müvafiq xanaları doldurmaqla dələduza kartınızdakı vəsaitin oğurlanması üçün yardımçı olursunuz. Tanımadığınız şəxsə kart məlumatlarını, yəni kartın üzərindəki 16 rəqəmli kodu, CVV, 3D təhlükəsizlik kodu və kartın bitmə tarixini vermək saniyələr içərisində maddi vəsaitinizin oğurlanmasına gətirib çıxarır. Sosial şəbəkələrdə saxta vədlər verən səhifələrə daxil olaraq etibarınızdan sui-istifadə edən şəxslərə inanaraq verdiyiniz məlumatlar nəticədə sizi kiberdələduzluğun qurbanına çevirir.

Sonda onu da qeyd edək ki, tərəfimizdən aparılan tədbirlər nəticəsində əvvəlki aylarla müqayisədə kiberdələduzluqla bağlı müraciətlərin sayında azalma müşahidə edilir”.

Şahanə RƏHİMLİ,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR