İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Göyçə gölünü Urmiya gölünün taleyi gözləyir - ekoloqlar deyir ki...

“Göyçə gölündə suyun səviyyəsi indiki bol yağışlı mövsümdə belə azalırsa, deməli, ermənilər bu tarixi gölümüzü tez, ya gec (İrandakı Urmiya gölü kimi) qurudacaqlar. Tədbir görməliyik”.

Belə bir paylaşımı öz Feysbuk hesabında hərbi ekspert Ədalət Verdiyev edib.

Belə bir təhlükə varmı? Göyçə gölünü də Urmiya gölünün taleyi gözləmir ki?

Rauf Sultanov: “Sərsəng su anbarı Azərbaycanın ən böyük problemlərindən  birinə çevrilib” – AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA YARDIM  ASSOSİASİYASI

Rauf Sultanov

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, professor Rauf Sultanov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Göyçə gölündə suyun səviyyəsinin düşməsi qanunauyğun prosesdir. Yağan yağışın miqdarı buxarlanan suyun miqdarından çox olduqda göllərin suyu artır. Səbəb yağıntının az olması da ola bilər. İkinci səbəb isə sudan istifadə əmsalıdır. Ola bilər ermənilər sudan daha çox istifadə edirlər. Onlar hay-küy qaldırırlar ki, sərhəd ərazilərdə Azərbaycan su anbarları, hövzələri tikir. Bu da Göyçə gölünə təsir göstərən amillərdən biridir. Təbii iqlim prosesləri ilə əlaqədar elə olub ki, Xəzər dənizində də suyun səviyyəsi 3-4 metr aşağı düşüb”. 

ZİYANLI NAĞILLARIMIZ - Qorxmaz İbrahimli yazır

Qorxmaz İbrahimli 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli qəzetimizə bildirdi ki, ermənilərin gölün ətrafında nə etdiyi ilə bağlı dəqiq məlumat yoxdur: “Bu vəziyyəti Urmiya gölü ilə eyniləşdirmək doğru olmazdı. Urmiya aran ərazidə yerləşir. Şoranlaşmasına daha çox şərait yaradılır, gölə su axıdılmasının qarşısını alırlar ki, külək insana təsir etsin. Yəni təkcə duzdan deyil, quraqlıqdan da yorulan insanların köçməsi üçün addımlar atılır. Göyçə gölü ətrafında ermənilər yaşamır. Buna görə qurutmağa cəhd edəcəklərini düşünmürəm. Bu baxımdan müəyyən şübhələr var. Biz oranın bir hissəsini nəzarətə götürmüşük. Azərbaycan ”Uydu" vasitəsilə havadan o ərazilərə nəzarət edir. Naxçıvanın su təminatında Arpaçayın rolu var, onun suyunu başqa yerə yönləndirmə ola bilər. Bunu Göyçə gölünə aid etmək olmaz. Bununla bağlı dəqiq bilgi yoxdur".

Xatırladaq ki, bu ilin iyun ayında erməni KİV-də məlumat yayılmışdı ki, Göyçə gölündə su səviyyəsində azalma müşahidə edilib.  Monitorinq Mərkəzindən bildirilib ki, gölün su səviyyəsi ötən illərə nisbətən xeyli azalıb. Erməni ekoloqlar ciddi xəbərdarlıq edərək gölün tezliklə bataqlığa çevrilə biləcəyini demişdilər.

Bundan başqa, erməni mediasında zaman-zaman ölkədə şirin su təchizatında yaşanan problemlərlə bağlı xəbərlər yayılır - artezian mənbələr tükənir, qrunt suları quruyur, ölkənin ən iri gölü hesab olunan Göyçə gölünün çirklənməsi artır. Dağ-mədən sularının təmizlənməməsi transsərhəd çayları üçün ekoloji fəlakətə gətirib çıxarır. Onilliklər ərzində təmir olunmayan irriqasiya və su kanalları isə içməli və suvarma suları ilə bağlı ciddi problemlərə yol açıb. Suların çirklənməsi səbəbindən zəhərlənənlər olur. İşğal dövründə  Ermənistanın su resurslarının 80 faizini təmin edən Göyçə gölü çirklənməyə məruz qalıb.

Əlavə edək ki, dünyanın şirin suya malik ən yüksək dağ göllərindən sayılan Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR