Onlayn ictimai-siyasi qəzet
“Qarşıdakı üç həftə Putinlə yanaşı, Zelenskinin də öz xalqı qarşısında ağır sınaq dövrü olacaq”
“Ukrayna Rusiya ilə müharibəyə ədalətli son qoymaq üçün şərtləri özündə əks etdirən sənəd hazırlayır. Onun üzərində işlər noyabrda başa çatacaq”.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“İyul ayından sülh formulunun bəndləri üzərində işləyirik. Biz həmçinin ikinci sülh sammitini hazırlayırıq”, - Zelenski bildirib.
Onun sözlərinə görə, indi sual yaranır ki, Rusiyanı Ukrayna ilə sülh yaratmağa, müharibəyə cavabdeh olan şəxsləri sülh formulunun şərtlərinə əməl etməyə necə məcbur etmək lazımdır?
“Buna nail olmaq üçün biz qarşıdan gələn sülh sammitinə qədər vəziyyəti düzəldə biləcək tədbirlər planı hazırlamışıq. Bu plan Rusiyanı Avropanı təhdid etmək imkanından məhrum edəcək və o, artıq ABŞ-da təqdim olunub, indi biz bu planı bütün tərəfdaşlarımızla bölüşürük ki, məqsədlərimizə nail olaq”, - dövlət başçısı vurğulayıb.
“Döyüş meydanındakı vəziyyət 2025-ci ildən gec olmayaraq Ukraynada müharibəni dayandırmaq imkanı yaradır. Oktyabr, noyabr və dekabr aylarında bizim sülhə və davamlı sabitliyə doğru irəliləmək şansımız var. Oktyabr, noyabr və dekabr aylarında hər şey sülhə və davamlı sabitliyə doğru gedə bilər”, - prezident əlavə edib.
Bu arada ABŞ Prezidenti Co Bayden öz məsləhətçiləri və əsas müttəfiqlərinin təzyiqi altında Ukraynaya Amerika istehsalı olan silahlarla Rusiyanın hərbi hədəflərinə zərbələr endirməyə icazə verib. “The New York Times” (NYT) qəzetinin mənbələrinin məlumatına görə, ilk hücumlar yaxın saatlarda və ya günlərdə başlaya bilər. Amerikalı rəsmilər bildiriblər ki, Pentaqonun rəhbəri Lloyd Ostin artıq bu hücumlara razılığını bildirib.
NYT qeyd edir ki, ABŞ-ın silahlarla bağlı siyasətini yenidən nəzərdən keçirmək qərarı ABŞ dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri ilə əlaqədardır. Qəzetin məlumatına görə, Bayden ilk dəfə məhdudiyyətləri 15 mayda ləğv etməyi nəzərdə tutmuş, son qərarı isə ötən həftə vermişdi. Jurnalistlər vurğulayır ki, Bayden Rusiyaya zərbə endirməyə icazə verməklə özünün müəyyən etdiyi “qırmızı xətti” keçmiş oldu.
Bəs bundan sonra nələr baş verəcək? Savaş sonuncu fazasınamı keçir? Rusiyanın cavabı nə ola bilər?
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov qeyd etdi ki, ABŞ başda olmaqla, Qərb qütbü Rusiya ilə Ukrayna arasında münaqişənin davamlılığında maraqlıdır: “Sirr deyil ki, Rusiya-Ukrayna münaqişəsi Moskva və Kiyev arasında prinsipial fikir ayrılığının yox, əslində dərinləşən qütblərarası ziddiyyət fonunda Rusiya ilə Qərbin kəskinləşən münasibətlərinin təzahürüdür. Əgər diqqət etsək, dünyanın müxtəlif bölgələrində ”sülh və sabitlik" çağırışları edən, o cümlədən Azərbaycan və Ermənistan arasında yarımçıq və istənilən an pozula biləcək kövrək və perspektivsiz sülh müqaviləsinin imzalanmasına cəhd edən Qərb bir dəfə də olsun Rusiya və Ukrayna arasında sülhə nail olunması istiqamətində çağırış etməyib. Qərbin bu “prinsipiallığını” Ukraynanın ərazi bütövlüyünün pozulması ilə əlaqələndirmək olmaz. Çünki Qərb üçün ərazi bütövlüyü və sərhəd toxunulmazlığı da daxil olmaqla beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər göründüyü qədər də önəmli deyil. Belə ki, Ukrayna və Gürcüstanın timsalında ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının önəmindən dəm vuran Qərb imperializmi Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı bir dəfə də olsun bu nüansa toxunmamış, əksinə bizi işğal və təcavüzlə barışmağa təşviq etmişlər. Bu mənada, heç şübhəsiz ki, ABŞ başda olmaqla, Qərb qütbü Rusiya ilə Ukrayna arasında münaqişənin davamlılığında maraqlıdır. Ukrayna prezidenti Volodimir Zelenskinin indiki həssas məqamda sülh perspektivləri barədə danışması və bu prosesin real nəticələrə səbəb olacağı o qədər də inandırıcı görünmür. Xüsusən ABŞ-nin Ukraynaya ötürdüyü silahların Rusiyanın hərbi obyektlərini vurmasına icazə verməsi fonunda müharibənin daha dəhşətli bir mərhələyə qədəm qoyması şəraitində nə Qərbin özünün geri çəkiləcəyi, nə də Ukraynanın müharibəni hər hansı şərtlə dayandıracağına imkan verəcəyi ağlabatan görünmür. Rusiyaya gəldikdə isə bu ölkə Ukraynanın tələblərinə müvafiq olaraq məhz Kiyevin diktə etdiyi şərtlərlə heç bir halda sülh müqaviləsi imzalaya bilməz. Bu o deməkdir ki, sülh təşəbbüsləri əslində Qərbin müharibəni tamamilə yeni bir kəmiyyət və keyfiyyət mərhələsinə daşıması üçün keçiddən başqa bir şey deyil".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyevanın fikrincə isə, qarşıdakı üç həftə Putinlə yanaşı, Zelenskinin də öz xalqı qarşısında ağır sınaq dövrü olacaq: “ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı müharibənin yekun mərhələsində bir sıra hərbi-strateji məsələlərdə Ukraynaya ”yaşıl işıq" yandırması qarşıdan gələn seçkilərlə bağlıdır. Bayden administrasiyası bununla rəqibi Donald Trampın tərəfdarlarının səsini “oğurlamaq” istəyir. Digər tərəfdən, ortada ABŞ-ın Rusiya qarşısında itirilmiş üstünlüyü məsələsi var. Son 2 il yarım ərzində Kreml Ukrayna cəbhəsində bütün Qərb koalisiyasına qarşı təkbaşına döyüşdü və hələ də hərb müstəvisində Rusiyanın üstünlüyü aydın şəkildə hiss olunur. Qərb koalisiyası Birləşmiş Ştatların liderliyi fonunda naqdaun vəziyyətindən çıxmağa çalışır. Çünki savaşın daha da uzanması Avropa cəbhəsində dərin yarğanlar aça bilər. Artıq əsaslı fikir ayrılıqları Macarıstanın və Çexiyanın fonunda açıq-aydın hiss edilir. Qərb artıq nəticəsi olmayan bir savaş üçün hərbi resurslarını xərcləmək istəmir. Bu baxımdan, Bayden administrasiyası Zelenski hökumətinə yenicə verdiyi silahlardan Rusiya ərazisində istifadəyə “hə” deyib. Ukraynadakı hazırkı hakimiyyət 2 il yarımlıq savaşın sonluğunu heç olmasa Pirr qələbəsi ilə başa çatdırmağa çalışır. Əks halda, Ukrayna və Zelenski üçün savaşın sonluğu intihara bərabər ola bilər. Ona görə də Ukrayna ordusu sülh danışıqlarına qədər Şərq və şimal-şərq cəbhəsində mümkün qədər daha çox irəli getməyə can atacaq. Hətta İrpin və ətraf bölgələrdən üçüncü müdafiə xəttini yararaq Rusiyanın içərilərinə doğru hərəkət etməyə çalışacaq. Məqsəd Donbasda möhkəmlənmiş rus ordusunun arxasına keçərək onları mühasirəyə salmaq, savaşın gedişini pat vəziyyətinə gətirməkdir. Ekspertlər Ukrayna ordusunun Belqorodu ələ keçirərək Kiyevin sülh masasında ərazi mübadiləsinə getmək istəyini də istisna etmir. O da bəllidir ki, rus ordusunun ön cinahı daha əvvəlki kimi peşəkarlardan ibarət deyil. Ukraynalılar da bundan maksimum şəkildə yararlanmağa çalışacaqlar. Ukraynanın Rusiyaya qadağan olunmuş Qərb silahları ilə hücumu şübhəsiz ki, Moskva tərəfindən cavabsız qalmayacaq. Ruslar Lvovu, bütünlükdə Ukraynanın Qərbini öldürücü formada şumlaya bilərlər. Hətta bu icazə Putinin daha əvvəl anonsunu verdiyi nüvə silahından istifadəni yenidən gündəmə gətirəcək. Bir sözlə, qarşıdakı üç həftə Putinlə yanaşı, Zelenskinin də öz xalqı qarşısında ağır sınaq dövrü olacaq. Çox güman ki, savaş ən azı gələn ilin fevralına qədər davam edəcək".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ