Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın AŞ PA-da üzvlüyünü dayandıracağı haqda xəbərdarlıqlarına Avropa təsisatından niyə reaksiya yoxdur?
“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır”. Bunu Prezident İlham Əliyev martın 4-də Bolqarıstan Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib.
Dövlət başçısı Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini bildirib. Bundan sonra bir sıra Avropa təsisatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı kampaniyanın başlandığını və bunun qərəzli xarakter daşıdığını qeyd edib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniyanın aparıldığını deyən dövlətimizin başçısı bu cür yanaşmanın nümayəndə heyətimiz üçün dözülməz olduğunu vurğulayıb. Bu ədalətsizliyə qarşı bir sıra ölkələrin parlamentləri tərəfindən mövqenin ifadə olunduğunu qeyd edib".
Qeyd edək ki, Prezident İlham Əliyev ötən həftə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini Bakıda qəbul edərkən də AŞ PA-da Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi məsələsinə toxunub. Prezident İlham Əliyev bəyan edib ki, əgər bir il ərzində ölkəmizi AŞ PA-da təmsil edən nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Azərbaycan bu qurumdan tamamilə çıxmaq barədə məsələyə ciddi şəkildə baxacaq.
Maraqlıdır, Azərbaycanın AŞ PA-nı birdəfəlik tərk etməsi həm bu quruma, həm də ölkəmizə necə təsir edə bilər? Belə bir qəti qərarın verilməsi Azərbaycana fayda verər, yoxsa zərər? Azərbaycanın AŞ PA-nı tərk etməsi Avropanın bu təsisatı üçün nə demək olacaq? Azərbaycanın olmadığı bir məkanda düşmənlərimiz bizə qarşı fəallıqlarını artırmazlarmı? Bakının AŞ PA ilə bağlı dediklərinə niyə reaksiya yoxdur?
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Azərbaycan tərəfin sona qədər haqqını müdafiə etdiyini söylədi: “Əlbəttə, AŞ PA-da Azərbaycana qarşı edilənlər açıq riyakarlıq nümunəsidir və riyakarlığın məhz belə həddinə beynəlxalq təsisatlarda nadir rast gəlinir. Amma AŞ PA səbəbsiz-filansız, heç bir dəlil göstərmədən həmin həddə qədər irəlilədi və hətta onu keçdi də. Üstəlik, nümayişkəranə şəkildə. Absurd formada! Keçdi və bununla da ilk öncə öz dəyərlərinə, beynəlxalq hüququn prinsiplərinə xəyanət etdi.
Onlar əvvəl-əvvəl düşünürdülər ki, biz bu təzyiqin qarşısında duruş gətirməyərək geri çəkiləcəyik. Amma burada da yanıldılar. Çünki hesabladıqlarının tam tərsi oldu. Azərbaycan nümayəndə heyəti öz haqqını sona qədər müdafiə etdi, yetərincə məğrur davrandı, kəskin sözünü dedi, mətbuat konfransı keçirərək Avropanın riyakarlığını, ikiüzlülüyünü ifşa etdi, onların nadanlığını faktlarla, sübutlarla üzlərinə çırpdı və yalnız bundan sonra binadan uzaqlaşdı".
Deputat Avropa Şurasının itkilərinin çox olacağını da qeyd etdi: “Orasını dəqiq deyə bilmərəm ki, biz Avropa Şurasından uzaqlaşmaqla nə itirə bilərik. Amma dəqiq bildiyim budur ki, Avropa Şurasının itkiləri bizdən çox-çox daha böyük olacaq. Azərbaycan kimi etibarlı tərəfdaşı, sülhpərvər dövləti, dünyanın qlobal problemlərinin həllində daim təşəbbüskar kimi çıxış edən ölkəni özündən uzaqlaşdırmaqla AŞ PA heç nə qazana bilməz. Əksinə, belə olan halda AŞ PA-nın nüfuzuna ciddi zərbə dəyəcək, ona olan etimad və inam qat-qat azalacaq, üzv dövlətlər daha AŞPA-nın timsalında ədalət, haqq axtarışına çıxmayacaq və ən əsas məsələ: onu tərk edənlər ilbəil çoxalacaq.
AŞ PA, əlbəttə, nəyəsə irad tuta bilər. Tövsiyə də verə bilər. Amma o, bu şəkildə üslubla, diktə dili ilə danışa bilməz. O, əmr edə bilməz. Səbəbsiz yerə isə heç nə edə bilməz! Bir il müddət tamam olandan sonra proseslər hansı istiqamətdə gedəcək, hələ ona proqnoz verməkdə çətinlik çəkirəm. Amma hər nə olursa-olsun, bütün ehtimallara hazırıq və bizə qarşı riyakarlıq, ədalətsizlik, qərəzlilik nümayiş etdirənlərin də cavabını hər fürsətdə və situasiyada vermək iqtidarındayıq".
Elçin Mirzəbəyli
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bu qurumu tərk etsək belə, bunun Azərbaycana ciddi təsirinin olmayacağını düşünür: “Azərbaycan Avropa Şurasını birdəfəlik tərk edə bilər. Ölkəmizə qarşı bugünədək ədalətli mövqe sərgiləməyən, ərazi bütövlüyümüzə, suverenliyimizə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək dəstək verməyən Avropa Şurasını və onun Parlament Assambleyasını tərk etməyimiz bu təsisatın öz mahiyyətinə qayıtmasına, yəni tamamilə "xristian klubu"na çevrilməsinə yol aça bilər. Qeyd edim ki, Azərbaycanın vaxtilə Avropa Şurasına üzv olmaqda əsas məqsədi həmin dövrdə işğal altında olan ərazilərimizin azad edilməsi, bu təsisatın BMT qəmnamələrinin icrasına dəstək verəcəyi ehtimalı ilə bağlı olub. Ölkəmiz ümid bəsləyib ki, bizimlə yanaşı Ermənistanın da Avropa Şurasına üzvlüyü iki ölkə arasında münasibətlərin normallaşmasına, işğala son qoyulmasına, Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına töhfə verə bilər. Lakin bu müddət ərzində Avropa Şurası və onun Parlament Assambleyası nəinki ölkəmizin ərazi bütövlüyünə dəstək verməyib, əksinə, Ermənistanın maraqlarının müdafiəçisi kimi çıxış edib, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə bağlı birmənalı mövqe sərgilədiyi halda, Azərbaycana qarşı riyakar davranış nümayiş etdirib. Bu illər ərzində hər dəfə Azərbaycanda ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət edən mühüm bir tədbir keçiriləndə, dövlətimiz mühüm siyasi proseslərin ərəfəsində olanda biz Avropa Şurası Parlament Assambleyasının qərəzli, böhtan və qarayaxma xarakterli hücumlarının şahidi olmuşuq. Bu baxımdan da bu qərəz “yuvası”nı tərk etməyimiz bizə hər hansı bir formada təsir göstərməyəcək, əksinə, Avropa Şurasının nəinki Cənubi Qafqazdakı, bütövlükdə postsovet məkanındakı mövqelərini zəiflədəcək, sözügedən təsisatın mərhələlərlə Avrasiyanın əhəmiyyətli hissəsindən “əlinin üzülməsinə” zəmin yaradacaq və istisnasız olaraq, sözügedən məkanda alternativ əməkdaşlıq platformalarının yaranmasına yol açacaq, mövcud olanları isə gücləndirəcək. Avropa Şurası Parlament Assambleyasının təxribatlarının son nəticəsi Avropada qütbləşmənin dərinləşməsinə və vahid əməkdaşlıq platformalarının sıradan çıxmasına zəmin yarada bilər. Düşmənlərimizin bizim olmadığımız məkanda fəallaşacağı ehtimalına gəldikdə isə mahiyyət etibarilə onlar onsuz da “fəaldırlar” və ölkəmizin bu təsisatda qalması, yaxud oranı tərk etməsi, prinsipcə heç nəyi dəyişməyəcək. Qənaətimə görə, artıq Avropa məkanında okeanın o tayından idarə olunan, yaxud 2-3 ölkənin maraqlarının ifadəçisinə çevrilən təsisatların fəaliyyətinin boykot olunmasına, regional əsaslarla yenilərinin yaradılmasına ehtiyac var".
Politoloq məsələyə reaksiya verilməməsinə də toxundu: “Bakının AŞ PA ilə dediklərinə reaksiyanın olmamasına gəldikdə isə, bu zaman alternativ bir sual ortalığa çıxır: reaksiyanı kim verəcək? Avropa Şurası postsovet məkanını tamamilə öz təsir dairəsinə salmaq istəyən bir neçə ölkənin maraqlarına xidmət edən quruma çevrilib, onların da mövqeyi ortadadır. Şuraya üzv olan dövlətlərin əhəmiyyətli hissəsi dirijor çubuğu ilə idarə olunur. Nə zaman icazə verilsə, reaksiya da olacaq”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ