İnsanlara hürriyət, millətlərə istiqlal!

“Son dərəcə üzücü olsa da, deməliyəm ki, siyasi hakimiyyət  depressiyaya düşdü və…” - Qüdrət Həsənquliyev

“20-ci əsr bütün ağrı-acılarına və uğursuzluqlarımıza rəğmən, xalqımızın tarixində müstəqil dövlət qurmağa, 2 il sonra müstəqilliyimizi itirsək də, onu yenidən bərpa etməyə nail olduğumuz üçün əlamətdardır. Heydər Əliyev 20-ci əsrdə xalqımızın içərisindən çıxan dərin zəkası və idarəetmə istedadı ilə seçilən nadir və  ən böyük dövlət adamı və tarixi şəxsiyyətdir”. 

Musavat.com xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisin xüsusi iclasında söyləyib. Deputat qeyd  edib ki, 20-ci i əsrin 80-ci illərində Azərbaycan növbəti dəfə torpaq itirmək təhlükəsi ilə üz-üzə qalanda, ölkəmizdə Qarabağı xilas etmək üçün, sonradan milli - azadlıq hərəkatına çevrilən, böyük xalq hərəkatı yarandı:

“Amma sovet hakimiyyəti illərində insanların siyasətdən uzaq tutulması və onların totalitar bir rejimdə qorxu mühitində formalaşması, xalqımızın rüşvətxor və istismarçı məmur təbəqəsinə nifrəti   siyasi və idarəetmə təcrübəsinə malik güclü şəxsləri hərəkatın önünə  çıxarmağa imkan vermədi. Heydər Əliyev 70-ci illərdə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı üçün xeyli işlər görsə də, xalqımızın sosial inkişaf indeksi arzuladığımız səviyyədə deyildi. Azərbaycan Kommunist Partiyasının qorxaq və Moskvaya sadiq müti rəhbərləri, kiçik istisnalarla əksəriyyəti yazıq duruma salınmış ziyalılar  xalq hərəkatından uzaq dayandı. Bunun nəticəsi olaraq vətənpərvər gəncliklə yanaşı, hərəkata cəmiyyətin xeyli tör-töküntüsü də qoşuldu. Onların bir  çoxu önə çıxdı və belələrinin  səriştəsizliyindən istifadə edən Moskvaya bağlı çoxlu agent  hərəkatdan doğan AXC-nin rəhbərliyinə soxuldu. AXC rəhbərliyində başlayan, yaxud başladılan və kənardan qızışdırılan intriqalar, yanlış qərarlar, bəzən qərarsızlıq  qısa müddətdə hərəkatı xalqın gözündən saldı, onu xalqın dəstəyindən məhrum etdi. AXC rəhbərliyindəki didişmələr, iddialar, təkəbbürlülük, səriştəsizlik, oradakı agentlər 20 Yanvar faciəsinin qarşısını almağa imkan vermədi. Mürəkkəb tarixi şəraitdə hakimiyyətə gələn AXC sədri Əbülfəz Elçibəy qısa müddət sonra anladı ki, mövcud şəraitdə dövləti idarə etmək üçün böyük idarəetmə təcrübəsinə malik güclü dövlət adamına ehtiyac var. Dərhal gözlər AXC-yə ciddi dəstək vermiş, SSRİ-nin saxlanılması əleyhinə səs vermiş istiqlalçı deputat  Heydər Əliyevə dikildi”.

Q.Həsənquliyev daha sonra bildirib: “1993-cü ilin iyununda Gəncədə başlayan qiyamın yatırılması üçün edilən ilk cəhd uğursuzluğa düçar olan kimi, son dərəcə üzücü olsa da, deməliyəm ki, siyasi hakimiyyət  depressiyaya düşdü və ümidsizlik içərisində  son ümid kimi Heydər Əliyev Bakıya, siyasi hakimiyyətə dəvət edildi. Sov.İKP-nin Siyasi Büro üzvü olmuş,  SSRİ-də siyasi hakimiyyətin  zirvəsinə yüksəlmiş, Kremlin güclü və zəif cəhətlərini, regionda və dünyada baş verənləri dərindən bilən, xalqımızı yaxşı tanıyan, onun mentalitetinə yaxından bələd olan Heydər Əliyev hakimiyyətə gələndən sonra pozucu qüvvələri cilovladı, siyasi istiqrarsızlıqdan istifadə edərək torpaqlarımızı işğal edən Ermənistanın hücumlarını dayandıra bildi, Azərbaycan MDB və KTMT-yə üzv oldu, bölgədə marağı olan böyük güclər arasında balans yaradaraq onları Azərbaycanda sabitliyin olmasında maraqlı etdi, Ermənistanla atəşkəsə nail oldu. Ədalət naminə onu da deməliyəm ki, Əbülfəz Elçibəy hakimiyyəti Heydər Əliyevə təhvil versə də, prezident vəzifəsindən istefa verməməklə  Heydər Əliyevə olan  xarici təzyiqləri xeyli azaltdı, müstəqilliyimizin qorunmasında  ona dəstək oldu. Heydər Əliyev ölkənin şimalında, şimal-qərbində, cənubunda baş qaldırmış etnik separatizmin, vətəndaş qarşıdurmasının qarşısını aldı, ayrı-ayrı şəxslərə bağlı silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Dövlət intizamı, qanunçuluq  böyük intellekt, səbir və gərgin əmək sayəsində bərpa olundu. Bu zaman Heydər Əliyevə qarşı terror və qiyam cəhdləri oldu, amma o, Allahın da köməyi ilə bu təhlükələri adlatdı, ölkəmizi qorudu, onu dinc inkişaf yoluna çıxardı.

Ölkəmizin təhlükəsizliyinə, Qarabağı azad edəcək ordu quruculuğuna  əsas təminatlardan ən mühümü olan “Əsrin müqaviləsi”ni Qərbin nüfuzlu transmilli neft  şirkətləri ilə imzalamağa nail oldu, yeni konstitusiya qəbul edildi, dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev ölkəmizi və dövlətimizi böyük təhlükələrdən qoruyub inkişaf yoluna çıxarmaqla adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Yüksək insani keyfiyyətlərə malik Heydər Əliyev tariximizi, mədəniyyətimizi mükəmməl bilirdi. O, çoban Xanışla təmaslarında nə qədər səmimi və sərbəst idisə, Putinlə, Buşla, digər dünya liderləri ilə görüşlərində bir o qədər özgüvən idi. Hamı ona hörmətlə yanaşırdı. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaqdır. Onun hüquqi dövlət və mülki cəmiyyət quruculuğu istiqamətində başlatdığı işlərin uğurla sonuclanması üçün səylərimizi artırmalıyıq. O siyasi mədəniyyətin, dövlət ədəb-ərkanının  bir çox nümunələrini yaratdı. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun!”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR