Onlayn ictimai-siyasi qəzet
Rusiyalı təbliğatçı Vladimir Solovyov “Axmat” xüsusi təyinatlı dəstəsi haqqında söylədiyi sözlərə görə Çeçenistan rəhbərliyinə izahat verməli olub.
Musavat.com-un xəbərinə görə, qalmaqala Solovyovun Kurks vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxinin “Axmat” dəstəsinə qoşulmasına verdiyi reaksiya səbəb olub.
Alyoxinin sözlərinə görə, o, “Axmat”da müqavilə ilə cəmi 23 gün xidmət edib, lakin Rusiya ordusunun Ukrayna silahlı qüvvələrinin arxa hissəsinə qaz kəməri vasitəsilə keçid əməliyyatında mühüm rol oynayıb. O, amerikalı bloger Patrik Lankasterə verdiyi müsahibədə bildirib ki, əməliyyatın təchizatını təşkil edib və komandan istirahətdə olanda onu əvəzləyib.
Bu açıqlama Solovyovu qəzəbləndirib. 19 mart tarixində yayımlanan verilişlərindən birində o, Alyoxini sərt tənqid edib.
“O kimdir, sizin...(söyüş)…Bu fırıldaqçı kimdir? Əfsanəvi “Axmat” belə birini necə öz sıralarında saxlaya bilər? Bu, ordu, yoxsa dəstədir?”, - deyə Solovyov bildirib.
“Axmat”ın komandiri Apti Alaudinov buna videomüraciətlə cavab verib. O bildirib ki, dəstəyə kadr seçimləri ilə məşğul olmur, amma əgər Solovyov istəsə, müqavilə imzalayıb döyüşə bilər. Alaudinovu ən çox narahat edən Solovyovun onu guya Alyoxinə “humanitar yardım” üçün dövlət mükafatı verməkdə ittiham etməsi olub.
“Mənə elə bir yer göstərin ki, “humanitar yardım” müqabilində dövlət mükafatlarını satmışam”, - deyə o bildirib və dəstəsinə toxunulmamasını tələb edib.
Ertəsi gün Solovyov Alaudinovu efirinə dəvət edib və yayım boyunca onu tərifləyib, könlünü almağa çalışıb. Amma bu da kifayət etməyib.
Həmin gün Çeçenistanın xarici əlaqələr naziri Əhməd Dudaev iki video yayımlayıb. Birincidə o bildirib ki, “pis niyyətli adamlar” Vladimir Solovyovla çeçen hakimiyyəti arasındakı dost münasibətləri pozmağa çalışırlar, çünki Solovyov efirdə “sizin... (söyüş)” ifadəsini işlədib.
“Bu şeytanların hörmətli, dostcasına münasibətlərimizə xələl gətirməsinin qarşısını almaq üçün sizdən xahiş edərdim ki, bu sözlərin Çeçenistan Respublikasının nümayəndələrinə və ya “Axmat” xüsusi təyinatlı dəstəsinə aid olub-olmadığını izah edəsiniz”, - deyə Dudaev bildirib.
İkinci videoda isə Solovyov demək olar ki, iki dəqiqə ərzində açıqlama verir, bütün çeçenləri “dostlar və qardaşlar” adlandırır. O bildirib ki, Alyoxin “ləyaqətsiz adamdır” və “Axmat”ın nüfuzuna xələl gətirib.
“Kiminləsə elə görünməsi məni təəccübləndirir ki, guya sözlərim “Axmat” rəhbərliyinə və ya dostum Apti Aronoviç Alaudinova aid olub. Mənim dediyim “sizin... (söyüş) ifadəsi yalnız “Axmat”ı ləkələməyə çalışan şeytanlara aiddir”, - deyə Solovyov qeyd edib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ