Onlayn ictimai-siyasi qəzet
Hesablama Palatasının 2024-cü il fəaliyyəti haqqında hesabatına əsasən, Azərbaycanda bəzi publik hüquqi şəxslər dövlət büdcəsindən daxil olan vəsaitləri bank depozitlərinə yerləşdiriblər. Bu sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə təqdim edilib.
Auditlərlə müəyyən olunub ki, büdcə vəsaiti alanlar çox vaxt kifayət qədər planlaşdırma intizamı nümayiş etdirmirlər və öz maliyyə ehtiyaclarını düzgün qiymətləndirmirlər. Nəticədə il ərzində büdcənin maliyyələşdirilməsinin həcmlərinə dəfələrlə baxılıb, vahid büdcə uçotunun tələbləri pozulub. Çox vaxt ayrılmış büdcə vəsaitləri istifadə olunmadan hesablarda qalırdı. Konkret təyinatlı vəsaitlər ya büdcəyə gec qaytarılıb, ya da heç qaytarılmayıb. Dövlət satınalmalarının məzmununu müəyyən edən tələblərin düzgün tərtib edilməməsi də qeydə alınıb ki, bu da büdcədən artıq olan vəsaitin müxtəlif şərtlərlə bank depozitlərində yerləşdirilməsinə səbəb olub.
Büdcədənkənar daxilolmaların xüsusi çəkisinin artmasına baxmayaraq, publik hüquqi şəxslərin büdcədən maliyyələşmədən asılılığı qalmaqdadır. Xüsusən də əməkhaqqı, mükafat kimi xərclər bu gəlirlər hesabına ödənilməyib. Hazırda hesabat Hesablama Palatasının rəsmi saytında yerləşdirilmədiyindən qanun pozuntularına yol vermiş konkret qurumlar göstərilmir.
Qeyd etmək lazımdır ki, büdcə vəsaitlərinin əmanət şəklində banklarda yerləşdirilməsinə müstəsna olaraq Maliyyə Nazirliyinə icazə verilir. Belə ki, aprelin 11-də nazirlik tərəfindən ilk depozit hərracı keçirilib, onun çərçivəsində 1 milyard manat məbləğində vahid xəzinə hesabının sərbəst qalığı dörd sistem əhəmiyyətli bankda üç aylıq depozitə yerləşdirilib. Lakin yoxlamaların göstərdiyi kimi, bir sıra publik hüquqi şəxslər hələ rəsmi hərracdan əvvəl belə praktikaya əl atıblar. Qurum büdcədən ehtiyac duyduğundan çox vəsait alıb və faiz gəliri alaraq banklara yerləşdiriblər.
Qanuna görə, publik hüquqi şəxslərin pullu və ya pulsuz xidmət göstərmək, kommersiya fəaliyyəti ilə məşğul olmaq və gəlir əldə etmək hüququ var. Bu cür fəaliyyətlər xərclərin optimallaşdırılması strategiyasının elementi kimi qəbul edilir. Bununla belə, artıq vəsaitlərin depozitlərə yerləşdirilməsi praktikası mahiyyət etibarı ilə büdcə resurslarından məqsədyönlü istifadə edilmədən gəlir əldə etmək mexanizminə çevrilib.
Yeri gəlmişkən, ötən il Hesablama Palatası Bakı Dövlət Universitetində həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsanlar aşkar etmişdi. Qurumdan bildirilmişdi ki, universitetin xərcləri əsasən sosial xarakterli olub. Bu xərclərin ödənilməsi zamanı bir neçə halda nöqsanlara yol verilib, bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, habelə mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinə görə artıq hesablanması hallarını əhatə edib və 13.3 min manat təşkil edib. Hesablama Palatası BDU-da xeyli başqa nöqsanları da aşkarlamışdı ki, biz hələ də o nöqsanların aradan qaldırıldığını görmürük.
Qeyd edək ki, dövlət vəsaitlərinin bank depozitlərinə yerləşdirilməsi məsələsinə dünya ölkələrində müxtəlif yanaşmalar mövcuddur. Əsas fərqləndirici cəhətlərdən biri dövlət vəsaitlərinin idarə olunmasında şəffaflıq, nəzarət mexanizmləri və hüquqi çərçivənin möhkəmliyidir. Misal üçün, Almaniyada dövlət vəsaitlərinin məqsədindən kənar istifadəsi cinayət məsuliyyəti daşıyır. Hesablama Palatası (Bundesrechnungshof) məsələni parlamentə bildirir, araşdırma başladılır. Məsul şəxslərə qarşı xidmətdən çıxarılma, maliyyə sanksiyası, qəsdən və ya səhlənkarlıqla pozuntu varsa, cinayət işi açılır. Böyük Britaniyada da National Audit Office (NAO) və Parliament Public Accounts Committee tərəfindən araşdırmalar aparılır. Hər hansı publik qurum qanun pozuntusuna yol verərsə, parlament qarşısında izahat verməyə çağırılır, məsul şəxslər işdən uzaqlaşdırılır, cinayət halı varsa, prokurorluq orqanları işə qarışır, büdcə vəsaitləri dərhal geri tələb olunur. Türkiyə Sayıştay (Hesablama Məhkəməsi) illik auditlər aparır. 5018 saylı qanunun pozulması hallarında qanunsuz hərəkət edən vəzifəli şəxslər barəsində inzibati araşdırma və cəzalandırma tədbirləri görülür, geri qaytarılmalı vəsaitlərin tam bərpası tələb olunur, zəruri hallarda cinayət işi açılır və məhkəməyə verilir.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ümumiyyətlə, Hesablama Palatasının aşkara çıxardığı qanunsuzluqlarla bağlı, büdcə vəsaitinin qeyri-rasional xərcləmələri ilə bağlı daha ciddi addımların atılmasına ehtiyac var. Təəssüf ki, Hesablama Palatası hər il müəyyən qanun pozuntularının tapılmasını aşkarlayır və elan edir, amma bununla bağlı addım ata bilmir. Bir çox ölkələrdə Hesablama Palatası kimi qurumlar mövcuddur, bir çox ölkələrdə də bu qurumun verdiyi rəy istintaq araşdırmalarının aparılması üçün mütləq əsas yaradır. Bizdə belə birbaşa bağlantı yoxdur. İstintaq orqanları əsas götürərək işə başlaya bilərlər. Amma qanunvericilikdə birbaşa belə bağlantı nəzərdə tutulmayıb. Ola bilər ki, yaxın zamanlarda bunun qanuna salınması mütləq hal alsın. Çünki istər büdcə xərcləmələri ilə bağlı yeyintilər olsun, korrupsiya əməlləri olsun, qeyri-məqsədli istifadə olsun, depozitə yatırmaqla əlavə vəsait olsun, fərqi yoxdur. Qanunda nəzərdə tutulmayan qaydalarla bağlı hansısa bir pozuntunu Hesablama Palatası aşkarlayırsa, qanunda belə bağlantı qurmaq, iki cümlə ilə bunu qanuna salmaq lazımdır ki, mütləq bu rəy istintaq orqanları üçün araşdırma başlamağa əsas yaratsın. İstintaq orqanlarının verdiyi qərara görə yox, Hesablama Palatasının artıq rəyi istintaq əməllərinin açılmasına bir göstəriş olmalıdır. Bu olsa, o zaman büdcə xərcləmələri ilə bağlı ortaya çıxan neqativ halların cəzalandırılması mexanizmi də yaranar. İndi təəssüf ki, cəzalandırma mexanizmi çox azdır”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ