Onlayn ictimai-siyasi qəzet
Almaniyada Rusiyaya qeyri-qanuni olaraq lüks avtomobillərin tədarükü ilə bağlı 4 nəfər həbs edilib.
Musavat.com xəbər verir ki, bu barədə DPA agentliyi Frankfurt-Mayn gömrük departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, gömrükçülər Offenbach am Main, eləcə də Aschaffenburqda 20-yə yaxın obyektdə axtarış aparıblar.
Həbs edilən 40 yaşlı qadın və 39-44 yaş arası üç kişi Aİ-nin Rusiyaya qarşı hazırkı embarqosunu pozmaqda şübhəli bilinirlər.
"Onlar müvafiq sanksiya qaydalarına zidd olaraq, 2022-ci ilin sonundan bu günə kimi Rusiyaya 170-dən çox lüks avtomobil satıb və müvafiq olaraq daşıyıblar", - gömrük idarəsi qeyd edib.
Gömrükçülər şübhəlilərdən təxminən 300 min avro nağd pul və beş bahalı avtomobili müsadirə ediblər. Bundan əlavə, təxminən 13,3 milyon avro dəyərində aktivlərə də həbs qoyulub.
Prokurorluq iddia edir ki, şübhəlilər gömrük əməkdaşlarına avtomobillərin Qazaxıstan, Qırğızıstan, Belarus və ya Türkiyəyə çatdırılacağını bildirsələr də, sonda onlar Rusiyada qalıb.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ