Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin gövdəsində aşkar edilən dəliklər hava hücumundan müdafiə sistemlərinin zərbəsi ilə əlaqəli ola bilər.
Musavat.com bildirir ki, bu barədə “Agentstvo” media platforması OSINT-analitikləri və hərbi ekspertlərin dəyərləndirmələrinə istinadla məlumat yayıb.
OSINT analitiki Oliver Aleksandr təyyarə qalıqlarında müşahidə olunan izləri araşdırıb və onların quşlarla toqquşma nəticəsində yaranmasının qeyri-mümkün olduğunu bildirib. “Hər bir fraqmentin təyyarəyə dəyərkən kifayət qədər kinetik enerjiyə malik olduğu görünür. Bu, sadəcə deformasiyadan daha çox, güclü zərbələrdən xəbər verir,” – deyə Aleksandr qeyd edib.
Hərbi ekspert Yan Matveyev isə təyyarənin gövdəsində müşahidə olunan zədələrin, xüsusilə silindrik formada olan izlərin, “Pantsir-S1” raket sistemindən buraxılan raketlərin təsiri ilə uyğunluq təşkil etdiyini vurğulayıb. O bildirib ki, əgər təyyarə kruiz yüksəkliyində olarkən vurulubsa, “Pantsir-S1” raketinin gücü onu dərhal sıradan çıxarmaq üçün kifayət etməyə bilər.
Rusiya mülki aviasiya idarəsi qəzanın quş sürüsü ilə toqquşma nəticəsində baş verdiyini iddia etsə də, mütəxəssislərin fikirləri bu ehtimalın zəif olduğunu göstərir. Videogörüntülərdə görünən zədələr raket zərbəsinə işarə edir və hava hücumundan müdafiə sistemlərinin bu qəza ilə bağlı ola biləcəyi ehtimalını gücləndirir.
Hadisənin dəqiq səbəbləri ilə bağlı istintaq davam edir, lakin təyyarənin vurulma ehtimalı hazırda müzakirələrin mərkəzindədir.
Mənbə: Agentstvo, OSINT analizləri, Dmitro Gordon Telegram səhifəsi
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ