Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hərbi xidmət müddəti azaldılacaq.
Musavat.com-un məlumatına görə, Ermənistanın baş naziri sosial şəbəkə hesabında bu barədə videopaylaşım edib.
Paşinyan özünün “Telegram” kanalında yerləşdirdiyi videoda bildirib ki, 2026-cı ilin 1 yanvarından ölkədə hərbi xidmət müddəti azaldılacaq.
“Əvvəlcə bu reqlamentin 2026-cı ilin yay çağırışından qüvvəyə minməsi nəzərdə tutulurdu. Bu gün mən müdafiə naziri ilə, ötən iclasda isə deputat həmkarlarımla müzakirə apardım və qərara gəldim ki, qanun daha tez, 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin. Yəni, iki il əvəzinə il yarım olacaq”, - Nikol Paşinyan əlavə edib.
Onun bu paylaşımı böyük rezonansa səbəb olub və çoxsaylı şərhlərdə alqışlanıb. Şərh yazanlar baş nazirin ünvanına xoş sözlər söyləməklə yanaşı, ölkədə hər il seçki olmasını arzulayıblar. Bu isə ondan xəbər verir ki, Paşinyanın hərbi xidmət müddətinin azaldılması barədə qərarı məhz 2026-cı il parlament seçkilərinə hesablanıb. Bununla da o, seçkiqabağı reytinqini artıracaq. Bəzi istifadəçilər hərbi xidmət müddətinin azaldılması qərarının hazırda orduda olan çağırışçılara da aid edilməsi xahişini ünvanlayıblar.
Beləliklə, gələn ildən etibarən erməni gənclər 2 il deyil, 1,6 il hərbi xidmət keçəcəklər. Rəsmi İrəvan bu qərarı bölgədə təhlükəsizlik vəziyyətinin yaxşılaşması ilə əsaslandırıb.
Bundan əvvəl isə Ermənistan hökuməti 2021-ci ildən bəri ilk dəfə hərbi xərcləri azaltmağa qərar verib. Belə ki, gələn il üçün 2025-ci illə müqayisədə müdafiə büdcəsi 260 milyon dollar azalıb.
Musavat.com
22 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ