Onlayn ictimai-siyasi qəzet
Ermənistanda bəzi qüvvələr, iranşünaslar, türkoloqlar Nikol Paşinyan hökumətinin Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırma, sülh siyasətinə qarşı çıxır. Onlar müxtəlif təxribatçı açıqlamalarla əngəl olmağa çalışırlar.
“Bakı-Xəbər” yazır ki, politoloq Stepan Danielyanın normallaşma prosesinə mane olmaq məqsədilə yazdığı məqalə də buna sübutdur. Danielyan iddia edir ki, Türkiyədə kilsələr ya dağıdılır, ya da məscidə çevrilir, bu ölkədə xristian irsinə qarşı guya hansısa basqılar var.
Türkiyəni İranla müqayisə edən Danielyan yazıb ki, İranda isə xristian mədəniyyətinə və kilsələrinə hörmətlə yanaşılır. Türkiyədə başqa xalqlara və başqa mədəniyyətlərə guya “nifrət var”.
Türkiyəyə və Azərbaycana qarşı nifrətlə silahlanmış Danielyan kimiləri bu uğursuz müqayisəni aparmaqla, əslində özlərinin mahiyyətini açıb ortaya qoyurlar. Unudurlar ki, nə Türkiyədə, nə Azərbaycanda, nə də digər türk dövlətlərində xristian irsinə qarşı mənfi münasibət var. Azərbaycanda da, Türkiyədə də kifayət qədər xristian irsi nümunələri var və onlara dövlət qayğısı çox yüksək səviyyədədir. Əksinə, Ermənistanda və İranda türk irsinə qarşı soyqırımlar həyata keçirilib ki, bunu bilməyən yoxdur. İndiki Ermənistanda Azərbaycan irsinin darmadağın edildiyi, yer üzündən silindiyi faktdır. Danielyan bunları yaddan çıxarır və öz adlarını başqalarına qoyur.
Paşinyanın Bakı və Ankara ilə yaxınlaşma siyasətinə qarşı bu təbliğatın bir nəticəsi, təsiri ola bilərmi? Ermənistan iki türk dövləti ilə normallaşma prosesini yekunlaşdıra biləcəkmi, yoxsa aparılan belə çirkin kampaniya erməniləri ayağamı qaldıracaq?
Azər Badamov
“Yeni Müsavat”a danışan deputat Azər Badamov bildirdi ki, “əqrəbə yedirtsən bal ilə şəkər, yenə də məhsulu olacaq zəhər”. Onun fikrincə, Nizami Gəncəvinin hikmətli sözləri Danielyan kimilər üçün deyilib: “Onlar regionumuza sülhün gəlməsindən, xalqların birgə yaşamasından narahat olanlardır. Çünki bu gün Azərbaycan, Türkiyə və Ermənistan arasında sülh və əməkdaşlıq təşəbbüsləri inkişaf etdiyi bir zamanda, müsəlman-xristian davasını təbliğ etmək ən azından öz xalqına düşmənçilikdən başqa bir şey deyil. Erməni icmaları, kilsələr, erməni mədəniyyəti sərbəst yaşayır və onlara bu işdə heç kim mane olmur. Hətta Türkiyəyə Ermənistandan minlərlə erməni qazanc dalınca gedir və öz rahat həyatlarını qururlar. Azərbaycanda da eynilə xristianlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Hətta Bakının mərkəzində erməni kilsəsi 5 mindən çox erməni ədəbiyyatı ilə bir yerdə qorunur. Azərbaycan öz ərazisində yaşayan bütün xalqlara onun dini və etnik məsubiyyətindən asıllı olmayaraq böyük hörmətlə yanaşır”.
Deputat qeyd etdi ki, məhz dövlətin dəstəyi illə yenidən qurularaq bərpa edilmiş katolik, provaslav kilsələri və sinaqoqlar buna misaldır: “Bəs Ermənistanda nə baş verib? Təbii ki, əhalinin böyük bir hissəsi olan azərbaycanlıları öz doğma yurdlarından güc yolu ilə qaçmasına məcbur edilərək yaşadıqları ərazilərdəki bütün dini etiqad yerləri, mədəni və tarixi irsi yerlə yeksan edən ermənilər deyilmi? Bu gün Danielyan Ermənistan ərazisində qalmış azərbaycanlılara məxsus bir dini abidəni və ya məscidi misal çəkə bilərmi? Xeyr. Çünki hər şey dağıdılıb və barbarlığa məruz qalıb. Hətta İrəvanın mərkəzindəki Göy məscid də farslaşdırılıb. Türklər və ermənilər arasındakı fərq budur”.
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hesab edir ki, erməni tərəfin səhvi Azərbaycana sərf edir: “Ermənilər böyük əksəriyyət qismində sülh müqaviləsinə qarşı çıxsalar özlərinə ziyan edərlər və real fəlakətlə üzləşə bilərlər. Əslində bizə də bu ssenari sərf edir. Ermənilər səhv etsin və biz də bundan öz xeyrimizə yararlanaq. Hansısa danielyanları qoyaq bir tərəfə, xarici işlər naziri Mirzoyan Azərbaycanın konstitusiya dəyişikliyi şərtini qəbul etməyəcəklərindən danışır. Əgər Ermənistan bu cür davranışını davam etdirərsə, dediyi şərtlərdən və bəyanatlardan geri çəkilərsə, Azərbaycan tərəfi sahədə daha sərt addımlar atmaq məcburiyyətində qalacaq. Belə olan halda, yenidən hərbi toqquşma riski yarana bilər. Bu isə yuxarıda qeyd etdiyim kimi, Ermənistan üçün fəlakət ola bilər. Çünki hərbi qarşıdurma onları daha da çətin vəziyyətə salacaq. Ermənilərin nə iqtidarına, nə müxalifətinə, nə də heç birinə güvənmək olmaz”.
Ekspertin sözlərinə görə, onlar Vaşinqtonda bir söz deyir, sabah isə gəlib, həmin bəyanatı təkzib edirlər: “İndi əsas məsələ odur ki, Azərbaycan tərəfi də aydın mövqe sərgiləsin. Mirzoyanın dediyi kimi, doğrudanmı Azərbaycan referendumu şərt kimi irəli sürməyib? Əvvəl də dediyim kimi, Azərbaycan Xarici İşlər Nazirliyindən bu barədə rəsmi açıqlama verilməli, məsələyə tam aydınlıq gətirilməlidir.
O ki qaldı revanşistlərin sülh müqaviləsinin qarşısını almaq cəhdlərinə, bu proses uzunmüddətli dövrdə Ermənistanda dövlətçilik institutlarının zəifləməsinə və daxili sabitliyin pozulmasına gətirib çıxara bilər. Azərbaycanın strateji maraqları kontekstində bu cür daxili destabilizasiya müəyyən üstünlüklər yarada bilər. Ermənistan daxilindəki siyasi qarışıqlıq və zəif liderlik bu prosesin Azərbaycanın şərtləri əsasında həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Buna görə də Azərbaycan öz milli maraqlarına uyğun olaraq, bu imkanlardan rasional şəkildə istifadə etməli və prosesin sürətlənməsinə çalışmalıdır. Azərbaycan üçün maraqlı Ermənistanın rus təsirindən çıxıb qərbyönümlü olması deyil, bu ölkənin daim qarşıdurma, qeyri-sabit vəziyyətdə qalmasıdır. Ermənistan daim Azərbaycan qarşısında zəif durumda qalmalıdır".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ