Onlayn ictimai-siyasi qəzet
Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkisi ölkənin siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri, keçmiş baş nazir Tufan Erhürman səslərin 62,8 faizini toplayaraq seçkilərin qalibi olub. Onun rəqibi, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,7 faiz səs toplayıb. Erhürman qələbə bəyanatında bildirdi ki, Kipr türkləri artıq ədalətli, şəffaf və sülhə əsaslanan gələcək istəyir:
“Biz Kipr türklərinin hüquq və ləyaqətini qoruyaraq, daha ədalətli və dinc gələcəyə doğru addımlayacağıq. Xarici siyasətimiz Türkiyə ilə məsləhətləşmələr formasında davam edəcək, kimsənin bundan şübhəsi olmasın”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Tufan Erhürmanı təbrik edərək Ankaranın Şimali Kiprin suveren hüquq və maraqlarını qorumağa davam edəcəyini bəyan edib.
Naim Aydoğdu
“Yeni Müsavat”a danışan Lefkoşada yaşayan iş adamı, Qarabağ qazisi Naim Aydoğdunun sözlərinə görə, bu nəticə əslində uzun illər yığılıb qalan narazılığın ifadəsidir: “Ulusal Birlik Partiyası (UBP) daxilində uzun müddətdir davam edən siyasi çəkişmələr, daxili qarşıdurmalar və korrupsiya ittihamları seçicilərdə ciddi narazılıq yaradıb. Partiya daxilindəki bu gərginlik nəticəsində UBP-yə sadiq olan elektoratın mühüm hissəsi bu dəfə səsini Tufan Erhürmana verdi”.
Ekspertlərin fikrincə, seçicilər bu dəfə fərqli bir siyasət, daha şəffaf və sosialyönümlü idarəetmə istədiklərini göstərdilər. Erhürmanın seçki kampaniyası da məhz bu mövzular üzərində qurulmuşdu - hesabatlılıq, sosial ədalət, gənclərin qərarvermədə iştirakı və “öz gələcəyimizi özümüz müəyyən edək” mesajı.
1970-ci ildə Lefkoşada anadan olan Tufan Erhürman hüquqşünas, akademik və təcrübəli siyasətçidir. Ankara Universitetinin Hüquq fakültəsini bitirib, konstitusiya hüququ üzrə magistr və doktor dərəcələri alıb.
Erhürman 2013-cü ildən parlament üzvüdür, 2018-2019-cu illərdə isə Şimali Kiprin baş naziri olub. Onun rəhbərliyi dövrü şəffaf idarəçilik və sosial islahatlarla yadda qalıb.
Yeni prezident siyasi baxışlarına görə sosial-demokrat xətti təmsil edir. O, Kipr məsələsində iki icmalı federasiya modelini dəstəkləyir və Kipr türklərinin beynəlxalq səviyyədə tanınması üçün diplomatik səylərin artırılmasını vacib sayır.
Erhürmanın qələbəsi ilə Şimali Kiprdə yeni siyasi dövr başlayır. Seçici artıq təkcə partiya loyallığına deyil, idarəetmə keyfiyyətinə səs verir.
Yeni hökumətin qarşısında bir neçə mühüm məsələ dayanır: İqtisadi sabitliyin bərpası və sosial ədalətin təmin edilməsi, cəmiyyətin etimadını sarsıdan korrupsiya hallarına son qoyulması, Türkiyə ilə strateji əməkdaşlığın davam etdirilməsi, eyni zamanda daxili siyasi müstəqilliyin qorunması, beynəlxalq tanınma istiqamətində diplomatik fəallığın artırılması.
Tufan Erhürmanın qələbəsi həm də yeni nəsil siyasətçilərin yüksəlişi kimi qiymətləndirilə bilər. Bu seçkinin nəticəsi göstərdi ki, Şimali Kiprdə seçici artıq dəyişiklik, ədalət və şəffaflıq istəyir".
“Ötən gün Şimali Kiprdə keçirilən prezident seçkisində Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürmanın qələbəsi heç də birmənalı qarşılanmayıb. Əslində seçkilərdə müxalif partiya nümayəndəsinin qalib gəlməsində iqtisadi səbəblər daha çoxdur. Erhürmanın şüarlarında konfederativ dövlət (Şimalı Kiprlə Cənubi Kiprin birləşməsi) amili önə çəkilsə də, digər amillər daha güclü idi”.
Natiq Cəfərli
Bu sözləri Teleqraf-a ReAl Partiyasının sədri Natiq Cəfərli deyib. O, vaxtilə “Annan Planı” (BMT-nin keçmiş baş katibi Kofi Annanın adını daşıyan plan) türk və yunan hissələrinə bölünmüş Kipr adasının müstəqil dövlətdə birləşməsinin təklif edildiyini xatırladıb: “Buna isə o vaxt Şimalı Kipr razılıq versə də, Cənubi Kipr dəstək verməmişdi. Ona görə də hazırkı reallıq Erhürmanın istək və arzuları ilə bağlı deyil. Cənubi Kipr konfederativ dövlət modelində birgə yaşayışa razı olmur. Onlar bütövlükdə bölgənin Kiprə daxil edilməsini istəyir. Bu mənada Erhürmanın siyasi şüarları Türkiyədə narahatlıq yaratsa da, ciddi proseslərə yol açmayacaq”.
Natiq Cəfərliyə görə, ŞKTC-nin Prezidenti Ersin Tatarın seçkilərdə məğlubiyyəti birbaşa iqtisadi amillərlə bağlıdır: “Şimali Kiprdə yüksək inflyasiya var. Son üç ildə ölkədə tək lirə ilə deyil, dollar və avro müstəvisində artım mövcuddur. Mənzil və ərzaq qiymətlərinin artması narazılığı gücləndirib. Ersin Tatar da məhz iqtisadi problemləri həll edə bilmədiyinə görə seçkilərdə Erhürmana uduzdu. Siyasi şüarlarla bağlı narahatlıq olsa da, onun reallaşması mümkün deyil. Şimali Kiprlə Türkiyə arasında ciddi fikir ayrılıqlarının olacağı ehtimalı azdır. Mövqelərdə müəyyən korreksiyalar olsa belə Şimali Kipr Türkiyədən asılıdır. Təhlükəsizlik, iqtisadi məsələlər bir yana qalsın, içməli su belə Türkiyədən alınır”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
24 Oktyabr 2025
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ