İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “Bu addımı DNK-sı erməniyə məxsus olan insan atıb”

Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında Azərbaycan şəhidlərinin adının “Wikipedia” platformasından çıxarılmasına kəskin etiraz edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, “Wikipedia” platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq.

“Bu addımı 5 nəfər adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus olan insan atıb. Onlar platformanın Azərbaycan seqmentindəki bu addımla kifayətlənməyib, şəhidlərin adının Türkiyə “Wikipedia”sından da çıxarılması ilə bağlı müraciət ediblər. İndi isə Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər”, - deputat qeyd edib.

Siyavuş Novruzov bildirib ki, qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir:

“Bundan artıq ensiklopedik məlumat ola bilərmi?”

Komitə sədri qeyd edib ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib. Odur ki, aidiyyəti orqanlar bununla məşğul olmalıdırlar:

“Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”.

Spiker Sahibə Qafarova “Wikipedia”nın rəsmi, akademik ensiklopediya olmadığını xatırladıb və bildirib ki, bunu nəzərə almaq lazımdır.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR