İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Vahabzadənin “Seçilmiş əsərləri” i qırğız dilinə tərcümə olunub, Bişkekdə təqdimat-FOTOLAR

Qırğızıstanda keçirilən Azərbaycan mədəniyyət günləri çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Musavat.com-un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, aprelin 22-də Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illiyi münasibətilə qırğız dilində yeni nəşr olunmuş "Seçilmiş əsərləri"nin ("Tandalqan çıkarmalar") və "Mənim dostlarım" (1949) adlı ilk kitabının təkrar nəşrinin təqdimatı keçirilib.

Öncə tədbir iştirakçıları üçün Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.
Nəşr TÜRKSOY-un dəstəyi ilə çap edilib.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında B.Vahabzadəni bütün türk dünyasının fəxri adlandırıb. Baş katib vurğulayıb ki, təşkilat böyük şairin 100 illiyi münasibətilə 2025-ci ili "Bəxtiyar Vahabzadəni anma ili" elan edib:

“Kitabda toplanan əsərlər şairin şeir dünyasının inciləridir. Fürsətdən istifadə edib tərcüməçilərə təşəkkür etmək istəyirəm. Onu da qeyd edim ki, Bəxtiyar Vahabzadənin əsərləri başqa dillərə də tərcümə ediləcək”. 

Mədəniyyət naziri Adil Kərimli isə vurğulayıb ki, bu il Prezident İlham Əliyevin sərəncamı ilə B.Vahabzadənin 100 illiyi xüsusi qeyd olunur: “B.Vahabzadənin 100 illik yubileyi bütün türk dövlətlərində də qeyd olunur. Xüsusilə, TÜRKSOY tərəfindən bu çərçivədə çox sayda tədbir təşkil edilib. B.Vahabzadənin seçilmiş əsərlərinin qırğız dilində təqdimatı bu tədbirlərin davamıdır. Mədəniyyət Nazirliyi çox sayda tədbir keçirəcək. Fürsətdən istifadə edib bütün qonaqları Bakıda keçiriləcək təntənəli tədbirlərə dəvət edirəm”.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov isə azərbaycan və qırğız xalqlarının yaxınlığından bəhs edib:
“Biz eyni əcdadların davamçılarıyıq. Qırğızıstanda yaşadıqca bunu daha aydın başa düşürəm. Xalqların yaxınlaşması Ulu Öndər Heydər Əliyevin arzusu idi. O ilk gündən bu istiqamətdə çalışıb. 90-cı illərdə Heydər Əliyev “Manas”ın 1000 illiyində iştirak üçün Bişkekə səfər etmişdi. Qırğızıstanda Azərbaycan günlərinin təşkilatçılarına təşəkkür edirəm çünki mədəniyyət dili yaxınlıq yaradır”.

Mərasimdə xalq artisti Teyyub  Aslanov və əməkdar artist Nuriyyə Hüseynova qonaqlar üçün xalq musiqisi ifa ediblər.
Tədbir qırğız yazıçıların çıxışları ilə davam edib.

 

Nigar HƏSƏNLİ,
Qırğızıstan, Bişkek
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR