İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi dialoq milli həmrəyliyin ideoloji bünövrəsidir- Elçin Mirzəbəylidən mühüm yazı

Siyasi dialoq və onun əsasında formalaşdırılması istiqamətində böyük səylər göstərilən sivil, etimadlı siyasi münasibətlər sistemi hər birimizin üzərində düşünməli olduğu, gələcəyimizi birbaşa müəyyən edən bir anlayışdır.

Siyasi dialoq ictimai-siyasi münasibətlərin mədəni məcmusudur. Bu gün Azərbaycanda çoxpartiyalı sistemin, sivil siyasi münasibətlərin ardıcıl bir şəkildə inkişaf etdirilməsi, sabit düşüncə və yaşam tərzinə çevrilməsi bilavasitə siyasi dialoq mühitinin davamlılığından asılıdır.

Təbii ki, hər partiyanın öz proqramı, öz məqsədləri var. Amma məqsədlər nə qədər fərqli olsa da, hədəf birdir – daha güclü Azərbaycan. Bu hədəfə isə yalnız qarşılıqlı anlaşma və milli maraqlar naminə əməkdaşlıq yolu ilə çatmaq mümkündür. Məhz bu yolda siyasi dialoq əvəzolunmaz vasitədir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan siyasi dialoq platforması, ilk dəfə olaraq, ölkənin siyasi partiyalarının mütləq çoxluğunu qarşılıqlı hörmət və etimad mühitində bir araya gətirib.

Bu, sadəcə siyasi hadisə deyil – bu, siyasi mədəniyyətin, ictimai şüurun, milli həmrəyliyin və milli demokratiyanın göstəricisidir.

Milli demokratiya – xalqın iradəsinə əsaslanan, eyni zamanda milli dəyərləri, tarixi kimliyi və dövlətin suveren maraqlarını nəzərə alan idarəetmə və vətəndaş iştirakçılığı modelidir. Bu modeldə siyasi rəqabət, ilk növbədə, ictimai-siyasi mədəniyyətə və milli maraqların olduğu kimi dərk edilməsinə əsaslanır.

Milli maraqlar əsasında qurulan dialoq fərqli ideoloji mövqelərin qarşıdurması yox, hədəf birliyinin ifadəsi olmalıdır. Yəni, partiyalar rəqib ola bilər, amma düşmən ola bilməzlər. Bu anlayış Prezident İlham Əliyevin çağırışlarında yer alan dialoq mədəniyyətinin əsasını təşkil edir.

Prezidentin təqdim etdiyi siyasi dialoq anlayışı "nə istəyirəm" deyil, "nə mümkündür və nə doğrudur" sualları üzərində düşünməyin zəruriliyini önə çıxarır. Burada milli maraqlar – hər kəsin istisnasız olaraq qəbul etməli olduğu vahid siyasi və həm də mədəni çərçivədir.

Siyasi dialoq eyni zamanda sosial-ictimai və fəlsəfi təzahürdür. Yalnız siyasi sistemin deyil, bütövlükdə cəmiyyətin düşüncə tərzinin göstəricisidir.

Qədim dövrlərdən bəri dialoq – müdrikliklə idarə olunan cəmiyyətlərin əsas atributu olub. Sokratdan Konfutsiyə, Əl-Fərabiyə qədər bütün böyük fikir adamları dialoqu cəmiyyətin tərəqqisinin açarı kimi görüblər.

Siyasi dialoq, yalnız söz və fikir mübadiləsi deyil, bu, milli maraqları, dövlətin mənafeyini dərk etmək və ortaq gələcək qurmaq mədəniyyətidir.

Azərbaycan cəmiyyətində bu mədəniyyətin möhkəmlənməsi üçün ilk növbədə maarifçilik işi ön plana çıxmalıdır. Çünki siyasi dialoq dövlət siyasəti olmaqla yanaşı, fərqli fikirlərin milli birlik və ortaq gələcək naminə birgəyaşayışını təmin edən həyat tərzidir.

Prezidentin təşəbbüs və çağırışları, sadəcə siyasi qərarlar deyil, strateji yanaşmalardır. Bu yanaşmalar təhlillərlə, faktlarla, çoxsaylı nümunələrlə davamlı və sistemli şəkildə möhkəmləndirməli, cəmiyyətdə siyasi şüurun, məhz milli maraqlar, dövlətçilik təfəkkürü müstəvisində dərinləşdirilməsinə töhfə verməlidir.

Siyasi dialoq milli həmrəyliyin ideoloji bünövrəsidir.

Siyasi dialoq sabitlik, tərəqqi və inkişaf üçün açar vasitədir.

Siyasi dialoq  fərqli baxışları birləşdirən ortaq gələcəkdir.

Şübhəsiz ki, sabahın daha güclü Azərbaycanının ictimai-siyasi münasibətlər sisteminin etik çərçivəsi, milli maraqlara söykənən sivil və etimadlı siyasi münasibətlər sistemi bu gün qurulan siyasi dialoq mədəniyyətinin üzərində yüksəlir. 

Elçin Mirzəbəyli,
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR