İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirin dərd

 

Deyir, 2 avqust milli kino günümüz təntənəli şəkildə qeyd olunacaqdır. Əla. Əsas təntənədir, kino olmasa da olar. Hətta elə o təntənələri çəkib kino adıyla festivallara göndərmək lazımdır. Prinsipcə, bizim bu bayram təxminən o cür yaranmışdır: kimsə kino aparatı gətirib, Bakıda neftin fontan vurmağını lentə alıb, olub milli Azərbaycan kinosu. Eyni məntiqlə Bakıya ilk avtomobilin gətirilməsini də “Milli avtomobil sənayemizin yaranması günü” kimi qeyd edə bilərdik, niyə heç kimin ağlına gəlməyib, başa düşmürəm.

Bu təkcə bizim keyfiyyətimiz deyil, bütün bölgə bu cürdür. İranda bir ağsaqqal var, işi-gücü Zəngəzur dəhlizi haqda bəyanatlar verməkdir. Səhər namazına durur, deyir qoymarıq o dəhliz açılsın. Günorta duasını eləyir, deyir ərmənilərlə qardaşıq. Axşam yatmazdan qabaq da “Zəngəzurun ağzını bağlamaq” cadusu oxuyur, uykuya gedir. Sanki bunların ayrı işi-gücü, dərdi-səri yoxdur. Ara yerdə qonaqlar havaya uçur. 

Ta söz açılıb, AzTV-nin Tehranda açılan yeni səfirlik binamızdan reportajına baxdım, xeyli tragikomik mənzərə idi. Aparıcı deyirdi ki, bina gülləkeçirməyən qapılarla, müdafiə sədləriylə qorunur. Həqiqətən, videodan İranın ağlamalı vəziyyəti aydın olurdu. Bircə o qalmışdı səfirliyin binası ətrafında su xəndəkləri qazılsın (açığı, küçədən video olmadığı üçün buna çox əmin deyiləm), hasarların üstünə raketdən müdafiə qurğuları qoyulsun, darvazalar minalansın, damda snayperlər, nə bilim, həyətdə tanklar, toplar... Sanki bu İranda səfirləri ayrı cür qorumaq mümkün deyildir. Başımıza gələnlər də göstərib. Ancaq neynirsən, əsas odur Tehranda vaxtlı-vaxtında Zəngəzur haqda zart-zurt edilsin. Əsas odur Orta Doğuda vaxtaşırı qarışıqlıq salınsın, uşaqlar ölsün, evlər xaraba qalsın. 

Hə, bir də gəlinlərin açıq qalan kəkillərinə dövlət nəzarəti məsələsi var, onu yadımızdan çıxarmayaq. Əsas mövzulardan biri odur. Hərdən mənə elə gəlir ki, İran Zəngəzur dəhlizinə qadınların saçları gözüylə baxır - açılsa, haram imiş. Bir az poetik alındı, əlbəttə. Qayıdaq, necə deyərlər, “öz qoyunlarımızın yanına”.

Bu arada, fürsətdən və təntənəli bayramdan istifadə edərək bir suala da aydınlıq gətirilməsinin mənası ortaya çıxır: Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Şəfiqə Məmmədova kabinet, maşın və dövlət telefonunu təhvil verdimi. Çünki keçən ay xəbər yayıldı, sən demə Şəfiqə xanım hələ də kürsüdən qopmayıbmış, təzə sədr Rasim Balayev isə, yalan olmasın, ortalıqda qalıbmış. Təklif edirəm bu temada da kino çəkilsin: aslanla güləşirsən, dərini soyurlar sağ qalırsan, ancaq kabinet və maşın uğrunda davada məğlub olursan. Hələ filmin axırında nazirliyin kino idarəsinin müdiri Orxan müəllim çaparaq kadra girsin və desin ki, sübut elə görək sən həqiqətən Beyrəksənmi, nə bilək, bəlkə Yalıncıqsan. 

Vallah da. Qarışıq dünyada yaşayırıq. Süni intellekt hər şeyi montaj edə-edə zibilini çıxarıb. Adam bəzən səhərlər üz-gözünü yuyandan sonra güzgüyə şübhə ilə baxır: “Bu mənəmmi, mən deyiləmmi?” 

Prinsipcə, şair bunu hələ neçə yüz illər öncə yazmışdır: “Məni sorma mənə, məndə deyiləm, Bir mən vardır məndə məndən içəri. Sənin eşqin məni məndən alıbdır, Nə şirin dərd bu dərmandan içəri”.

Hərdən belə şeirlərdən verin uşaqlarınız oxusun, ləzzət aparsınlar. 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR