İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan İrəvanın müstəqil olmadığını etiraf etdi - konstitusiya müzakirələri...

Zaur Məmmədov: “İslahatlar real olmayacaqsa, Ermənistanı təlatümlü bir gələcək gözləyir”

“Həmkarlarımızın nədən danışdığımızı başa düşməməsi və Ermənistanın marionet dövlət olduğunu deməsi çox təəssüf doğurur. Məncə, İrəvan ilk dəfədir ki, müstəqil hərəkət edir”. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. 

“Son 30 ildə Ermənistan ilk dəfə dövlətə çevrilib və dövlətçiliyin əsaslarını qoyur. Məsələn, deyə bilərik ki, himni italyan qızından almışıq, başqa bir şeyi Sovet İttifaqından götürmüşük, sərhədi bizə kimsə çəkib deyib ki, burada oturacaqsan, oğurlayacaqsan, uşaqlarını əsgərlikdən qaçıracaqsan, saraylar tikəcəksən, qarnını otaracaqsan. Düşmən qəfil hücuma keçsə, bizə zəng et, bir az fikirləşəcəyik: bizim üçün sərfəlidirsə, səni xilas edəcəyik, olmasa, 100 il əvvəl olduğu kimi, yenə sövdələşmə obyektinə çevriləcəksən”, - o bildirib.

Qeyd edək ki, Alen Simonyan bundan əvvəl də dövlət himninin və gerbinin də dəyişdirilməli olduğunu bildirmişdi. O, özünün “Teleqram” kanalında yazıb: “Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişdirilməlidir. Onun bizim dövlətimiz və erməni musiqisi ilə əlaqəsi olmalıdır. Dövlət himni qaydalara uyğun ifa edilməlidir. Mən himni dahi Aram Xaçaturyanın möhtəşəm musiqisi ilə əvəz etmək lazım olduğunu iddia etmirəm. Amma görünən odur ki, bizə yad, xaricdən gələn mövcud himnin dəyişdirilməsi zərurətdir”.

Məlumat üçün bildirək ki, hazırda Ermənistanda siyasi gündəmində olan əsas məsələlərdən biri ölkəyə yeni konstitusiyanın gərək olması barədə baş nazir Nikol Paşinyanın yanvarın 19-da səsləndirdiyi təkliflərlə bağlıdır. Təklifin irəli sürüldüyü gündən etibarən bu istiqamətdə həm hakim “Mülki müqavilə” partiyasının rəhbərliyi və iqtidar partiyasının deputatları, həm də müxalifət fəalları öz fikirlərini bildirirlər.ə

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyev sülh üçün Ermənistanın konstitusiya və müstəqillik bəyannaməsinin dəyişdirilməsi şərtini irəli sürüb. Ermənistan konstitusiyası müstəqillik bəyannaməsinin müddəalarının yerinə yetirilməsini vəzifə olaraq müəyyənləşdirir: “Müstəqillik bəyannaməsində qondarma "miatsum" ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə Türkiyəyə qarşı iddia irəli sürülür. Bu iddialar konstitusiyadan götürülmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərindən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürür. Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi müzakirələrinin başlanması isə Bakının tələbini nəzərə aldıqlarını göstərir". 

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov 

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda Simonyana qarşı hücumlar çoxdur: “Bu, partiyadaxili rəqibləri tərəfindən, Nikol Paşinyanı tənqid edən müxalifət qruplar tərəfindən edilir. Bu gün Ermənistan hakimiyyəti bildirir ki, Ermənistanın müstəqillik illərini də götürsək, indiyə kimi onlarda dövlətçilik olmayıb. Azərbaycan uzun müddət idi ki, deyirdi Ermənistan müstəqil, suveren deyil. Amma ermənilər bunu təkzib edirdilər. İndi özləri etiraf edirlər ki, Ermənistan müstəqil bir dövlət deyil. Amma konstitusiyalarını dəyişərlərsə, yeni qanunvericilik bazası hazırlayarlarsa, ola bilər ki, müstəqil olsunlar. Bu gün Ermənistanda ən çox müzakirə olunan mövzulardan biri yeni konstitusiya ilə bağlıdır. Bu, mütləq şəkildə lazımdır. Əks təqdirdə, Azərbaycanla sülh olmayacaq. Bunu da yaşından və harada yaşamasından asılı olmayaraq hər bir erməni bilməlidir. Ermənilər uzaqda oturub elə bilirlər ki, Ermənistanda vəziyyət dəyişə bilər, istədikləri addımı ata bilərlər. Gələcəkdə Azərbaycana qarşı torpaq iddiası irəli sürə bilərlər. Əslində faktlar onu göstərir ki, ciddi şəkildə bu gün islahatların aparılmasına ehtiyac var. Əks təqdirdə, əgər o islahatlar real olamayacaqsa, Ermənistanı təlatümlü bir gələcək gözləyir”.

Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qanrabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Beləliklə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Hayların 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR