Onlayn ictimai-siyasi qəzet
CAR prezidenti Siril Ramafosa Fransa prezidenti Emmanuel Makron, Finlandiya prezidenti Aleksandr Stubb və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Cənubi Afrika prezidenti administrasiyası yayıb.
Bildirilir ki, Ramafosa yaxın günlərdə digər Avropa liderləri ilə də danışaca: “Ramafosa Rusiya prezidenti Vladimir Putinin ötən həftə ABŞ Prezidenti Donald Trampla görüşü ilə bağlı ona verdiyi məlumatı yüksək qiymətləndirdi. Müzakirələr zamanı həmsöhbətlər öz fikirlərini açıq şəkildə bölüşdülər, Cənubi Afrikanın münaqişənin hər iki tərəfi ilə əlaqədə olmasını yüksək qiymətləndirdilər və Ukraynada döyüşlərə son qoymaq üçün səylərini israrla davam etdirəcəklərini bildirdilər”.
Məlumata görə, Ramafosa “döyüşlərə son qoymaq üçün qəti öhdəliyi təsdiqləyən əsas amil kimi Rusiya, Ukrayna və ABŞ liderləri arasında ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb”: “Ramafosa bütün tərəfləri bu məqamdan istifadə etməyə və Rusiya ilə Ukrayna arasında sülhün əldə olunması sahəsində impulsu qorumağa çağırır”.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp iki həftə ərzində Rusiya ilə Ukraynanın danışıqlar masasına oturmayacağı təqdirdə burada günahkarın kim olduğunu aydınlaşdıracağını, bundan sonra ya Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etmək, ya da danışıqlar prosesindən tamamilə çəkilməklə bağlı qərar verəcəyini elan edib. Buna səbəb Putinin onun Zelenski ilə görüş təklifinə əvvəl razılıq verib, sonradan prosesi uzatmağa çalışmasıdır. Ötən həftə Putin Ramafosaya zəng vurub, Ukrayna məsələsini onunla müzakirə edib. Belə görünür ki, Rusiya prezidenti Trampı qəti addımlardan çəkindirmək baxımından real nəticəsi olmayan danışıqlarda fasilə yaranmaması üçün CAR prezidentini vasitəçiliyə cəlb edib.
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ