İnsanlara hürriyət, millətlərə istiqlal!

Siması, ruhu gözəl xanım - "Qənirə Paşayeva - İTHAF" sərgisi açıldı - FOTOLAR

Sentyabrın 25-də mərhum millət vəkili Qənirə Paşayevanın xatirəsinə həsr olunan “Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı mərasimi keçirilib.

Musavat.com bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyində keçirilən tədbirdə mərhum millət vəkilinin ailə üzvləri, Milli Məclisin deputatları, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi Ufuk Turqaner, tanınmış mədəniyyət və incəsənət xadimləri, xalq rəssamları iştirak edib.

qenire2.jpg (221 KB)

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı sərgi barədə ətraflı məlumat verərək bildirib ki, sərgidə, ikisi Xalq rəssamı, biri Əməkdar rəssam olmaqla, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü olan 7 tanınmış rəssamın əsərləri nümayiş olunur.

qenire1.jpg (248 KB)

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxış edib. Polad Bülbüloğlu Qənirə Paşayevadan qiymətli irs yadigar qaldığını deyib:

"Onunla ilk tanışlığımız gənc jurnalist olduğu dövrlərə təsadüf edir. Onun istedadı, Vətəninə böyük sevgisi hələ o vaxtlardan sezilirdi. Onun reportajları, hazırladığı materiallar həmişə son dərəcə obyektiv olub. Təəssüf ki, Qənirə xanım aramızdan çox tez ayrıldı. Amma özündən sonra böyük irs qoyub getdi. Mədəniyyət komitəsinə rəhbərlik etdiyi dövrlərdə də mədəniyyət adamlarına qarşı çox həssas yanaşıb. Onunla son görüşümüz Şuşada oldu. Bülbülün ev-muzeyindəki tədbirdə iştirak üçün
öz təşəbbüsü ilə gəlmişdi.

Bülbülün xatirəsinə konsert təşkil edilmişdi. Qənirə xanım mənə dedi ki, xüsusilə tədbirdə iştirak etmək üçün Bakıdan bu gün gəlib. Bunu heç vaxt yaddan çıxarmıram. Allah rəhmət etsin".

qenire10.jpg (185 KB)

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə qeyd edib:

"Qənirə xanım milləti üçün çalışaraq, iz qoyub getdi. Bu cür insanları xalq unutmur. Qənirə xanım məzmunlu, zəngin ömür sürüb. Biz uzun müddət birgə çalışmışıq. O, Mədəniyyət komitəsində insanlara, dəyərlə çox fərqli yanaşırdı. İnanıram ki, bu ənənələr davam etdiriləcək. Ruhu şad olsun”.

qenire5.jpg (144 KB)

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov isə xatırladıb ki, Qənirə Paşayeva daim rəssamlara qayğı ilə yanaşıb:

"Qənirə Oaşayeva haqqında keçmiş zamanda danışmaq çox çətindir. Onun kimi həyatı sevən, xeyirxah və işgüzar insana ölüm yaraşmırdı. Onun daxili aləmi də fəaliyyəti kimi zəngin idi. O, Azərbaycan ziyalılarına xüsusi diqqətlə yanaşırdı. O cümlədən, rəssamlarla da yaxşı münasibətləri var idi. Daim sərgilərdə iştirak edirdi, əlindən gələn köməkliyi əsirgəmirdi. Bu sərginin açılışı rəssamların ona olan böyük sevgisinin nəticəsidir. Əməlləri Qənirə xanımı əbədi yaşadacaq”.

qenire7.jpg (175 KB)

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin müşaviri, professor Muhiddin Məcid Qənirə Paşayevanın bütün Türk dünyası üçün dəyərli şəxsiyyət olduğunu bildirib:


“Müasir dövrdə türk dünyası dedikdə ilk ağla gələn insanlardan biridir. Qənirə xanım bir insanın həyatına sığmayan işlər görüb. Şuşa deyəndə Qənirə xanımın gözləri yaşarırdı. Onun Azərbaycanın bütövlük ideyalarına necə bağlı olduğunun şahidi olmuşam. Allah rəhmət eləsin”.

qenire4.jpg (217 KB)

Kərkük Kültür Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi isə qeyd edib ki, Qənirə Paşayeva ilə 1995-ci ildən tanışlığı yaranıb:

"Daha sonralar da qarşılaşdıq və tanışlığımız möhkəm dostluğa çevrildi. Türkmən və Azərbaycan mədəniyyətləri arasında əlaqələrin gücləndirilməsində Qənirə Paşayevanın əvəzsiz rolu olub. Onun haqqında nə qədər danışsaq da, azdır".

Mərhum millət vəkilinin əmisi, Əməkdar elm xadimi professor Qəzənfər Paşayev tədbiri təşkil edən hər kəsə təşəkkürünü bildirib:

"Qənirə Paşayevanın vəfatından bir il keçməsinə baxmayaraq, hələ də onun yoxluğunu dərin kədərlə hiss edirik. Onun haqqında həmişə fəxrlə bəhs etmişəm, ürəklə demişəm ki, o mənim qardaşım qızıdır. Onun bu səviyyəyə gəlməyinə fitri istedadı, insanpərvərliyi, tükənməz enerjisi səbəb oldu. Qənirə xanımın fəaliyyəti həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək qiymətləndirildi və zənnimcə, bu, əbədi belə olacaq”.

qenire9.jpg (198 KB)


Xalq şairi Sabir Rüstəmxanlı Qənirə Paşayevanın zəngin mədəmiyyətə və mənəviyyata sahib olduğunu deyib:

“Qənirə Paşayeva daima incəsənət xadimlərinin yubileylərini təbrik edir, onların fəaliyyətlərinə yenidən nəzər salır, icitimailəşdirir, parlamentə dəvət edib xüsusi hörmətlə yanaşırdı. O, son dərəcə həssas, ruhən yüksək insan idi. Qənirə xanım millətimizin ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmişdi. Onun siması da, ruhu da gözəl idi. Bu mənada, o, Azərbaycan qadını adına nümunə idi”.

Daha sonra Xalq rəssamı Arif Hüseynov Qənirə Paşayevanın ailəsinə xatirə hədiyyəsi – üstünə özəl miniatürlər işlənmiş saz təqdim edib.

qenire3.jpg (236 KB)

Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailə adından çıxış edərək sərginin iştirakçısı olan rəssamlara, təşkilatçı qurumlara, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib: “Qənirə xanım ömrü boyuTürk dünyasının mədəniyyətinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət etdi. O, cismən aramızda olmasa da, öz fəaliyyəti, əsərləri, şeirləri ilə qəlblərdə yaşayacaq”.

Çıxışlardan sonra sərginin açılış lenti kəsilib, qonaqlar əsərlərlə tanış olublar.

Qeyd edək ki, sərginin koordinatoru sənətşünas Ziyarət Qəhrəmanova-Cabarovadır.

qenire6.jpg (315 KB)

Azərbaycanın Əməkdar rəssamı, Millət vəkili Ülviyyə Həmzəyeva, Xalq rəssamları - Arif Huseynov, Sirus Mirzəzadə, ARİ-nin üzvləri - “Bakı” Qalereyasının direktoru Eldəniz Babayev, Fikrət İbrahimli, Gülxan Bəydəmir və Yusif Mirzə Qənirə Paşayevanın həyatı və yaradıcı fəaliyyətinə müraciət edərək sənət əsərləri ilə sərgiyə qatılıblar. Sərgidə müxtəlif janr və texnikalı 40-a yaxın rəngkarlıq tabloları və qrafik lövhələrdən ibarət rəsm əsərləri nümayiş olunur. Kətan üzərində yağlı boya texnikası ilə işlənmiş portret və mənzərə janrlı lövhələr, kağız üzərində tuş, qara qələmlə çəkilmiş portret və mənzərə əsərləri, müxtəlif texnikalı kompozisiyalar, xəttatlıq örnəklərinin yer aldığı sərginin ekspozisiyasındakı əsərlərin hər biri rəssamların Qənirə xanımla olan əvəzsiz xatirələrindən yaranıb.

Sərgi sentyabrın 30-dək davam edəcək və hər gün saat 10.00-dan 18.00-dək baxış üçün açıq olacaq.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

qenire8.jpg (245 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR