İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan Bolqarıstana qaz nəqli dayandırıldı: Nə vaxt bərpa olunacaq?

Azərbaycandan Bolqarıstana qaz nəqli dayandırılıb.

Musavat.com xəbər verir ki, məlumatı Bolqarıstanın "Bulgargaz EAD" qazpaylayıcı şirkəti yayıb. Bildirilir ki, nəqlin dayandırılması texniki səbəblərlə bağlıdır: “Azərbaycanla uzunmüddətli müqavilə çərçivəsində tədarükün müvəqqəti dayandırılması ilə bağlı müvafiq bildiriş yanvarın 6-da alınıb. Yanvarın 11-dən bərpa olunacaq”.

“Bulgargaz” qeyd edir ki, fasilə əvəzedici təbii qazın alınması üçün əlavə xərclərlə nəticələnməyib və regionun təbii qaz bazarına təsir göstərməyib: “Belə hallar təkcə rəqabətli şərtlərə və qiymətlərə nail olmaq üçün deyil, həm də texniki problemlər zamanı tədarükün etibarlılığını təmin etmək üçün mənbələrin və tədarük marşrutlarının şaxələndirilməsinin zəruriliyini bir daha nümayiş etdirir”.

Qeyd edək ki, Bolqarıstanın Azərbaycanla ildə 1 milyard kubmetr həcmində qaz tədarükünə dair uzunmüddətli müqaviləsi var. 2023-cü ildə Bolqarıstan Azərbaycandan 1 milyard 250 milyon kubmetr qaz alıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-sentyabr aylarında Bolqarıstana 425 milyon 361,88 min dollar dəyərində 1 milyard 344 milyon 342,51 min kubmetr Azərbaycan qazı çatdırılıb. Bu, qazın min kubmetrinin Bolqarıstana 316,4 dollara satılması deməkdir.

Azərbaycanın 10 Avropa ölkəsi ilə qaz təchizatı müqaviləsi var: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Slovakiya və Şimali Makedoniya. Bu ölkələrdən üçü ilə - İtaliya, Yunanıstan və Bolqarıstanla sabit tədarük həcmi ilə uzunmüddətli müqavilələr, qalanları ilə isə dəqiq alış həcmi olmayan müqavilələr imzalanıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR