Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp elan etdiyi prioritet hədəfləri reallaşdırmaqda israrlı olarsa, yeni dünya düzəni fəlakət ssenarisinə çevrilə bilər. Belə ki, Ukrayna savaşını dayandırmağı vəd edən Ağ Evin sahibi ABŞ ərazilərini daha da genişləndirmək niyyəti ilə daha dəhşətli qlobal savaş ehtimalını artırmış kimi görünür. Və prezident Donald Tramp öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Ağ Evin indiki müttəqilərini ABŞ-dan uzaqlaşdırma təhlükəsi yarada bilər.
Məsələ ondadır ki, Ağ Evin yeni sahibi Kanadanı ABŞ-ın ştatları sırasına qatmaq niyyətini bəyan edib. Bununla da kifayətlənməyən prezident Donald Tramp Panama kanalının və Qrenlandiyanın da ABŞ-ın nəzarətinə keçməli olduğunu birmənalı şəkildə vurğulayıb. Onun bu açıqlamaları hazırda beynəlxalq siyasi məkanda ciddi narazılıq və narahatlıq yaratmaqdadır. Və Ağ Evin yeni sahibi öz prioritet hədəflərinə düzəlişlər etməzsə, bu, yaxın gələcəkdə qlobal xaos təhlükəsini qaçılmaz edə bilər.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp əvvəlki hakimiyyəti dönəmində də Qrenlandiyanı satın almaq ideyasını irəli sürmüşdü. Ancaq bu, ABŞ və Avropa Birliyinin üzvü olan Danimarka arasında ciddi siyasi ziddiyyətlərə səbəb olmuşdu. Çünki Qrenlandiya Danimarka Krallığının bir hissəsidir və daxili özünüidarə hüququna malikdir. Əgər, indi Donald Tramp daha da irəli gedərək, Qrenlandiyanı işğal etmək qərarı verərsə, bu, qlobal prosesləri nəzarətdən çıxara biləcək situasiya yaradar.
İlk növbədə Danimarkanın ABŞ-ın bu qərarına qarşı dərhal sərt reaksiya verəcəyi qətiyyən şübhə doğurmur. Üstəlik, NATO üzvü kimi, Danimarkanın hərbi dəstək üçün alyansa müraciət edə biləcəyi də nəzərə alınmalıdır. Nəticədə ABŞ-ın da NATO-nun aparıcı üzvü olması isə bu alyansı ümumiyyətlə, iflic vəziyyətinə sala bilər. Eyni zamanda, BMT çərçivəsində belə işğal cəhdinin beynəlxalq hüququn pozulması sayılacağını da unutmaq olmaz. Və ABŞ-ın həm beynəlxalq məkanda nüfuzunu itirməsi, həm də ən yaxın müttəfiqləri ilə münasibətlərində hərbi qarşıdurmalara qədər inkişaf edə biləcək böhran yaşaması qaçılmaz xarakter daşıyır.
Təbii ki, Tramp administrasiyasını Qrenlandiyanın zəngin təbii sərvətləri, xüsusilə də neft və qaz yataqları şirnikləndirir. Eyni zamanda, Qrenlandiyanın coğrafi mövqeyi də strateji əhəmiyyətə malikdir. Bu səbəbdən də, digər böyük dövlətlərin, xüsusilə də Rusiya və Çinin bu məsələyə dərhal sərt müdaxilə ehtimalı olmamış deyil. Və nəticədə ABŞ-ın uğursuzluğu halında gərginliyin həm də Konqresə daşınmaqla, ölkədaxili siyasi böhrana yol aça biləcəyi istisna deyil.
Göründüyü kimi, Tramp adminstrasiyasının Qrenlandiyanı işğal etmək planlarını reallaşdırması o qədər də asan məsələ deyil. Çünki ABŞ dünyada nə qədər hegemon dövlət olsa da, belə işğal Ağ Evi istənilən halda, uzunmüddətli beynəlxalq sanksiyalara və iqtisadi təzyiqlərlə məruz qoya bilər. Eyni zamanda, ABŞ belə bir qərar verməzdən öncə həm Avropa Birliyi, həm də NATO ilə ortaya çıxa biləcək kəskin problemləri mütləq nəzərə almaq məcburiyyətindədir. Və bu baxımdan, Tramp administrasiyasının həm ABŞ-ın maraqlarına sarsıdıcı zərbə vuracaq, həm də qlobal sabitliyi təhdid edəcək addımlara cəsarət göstərəcəyinə inanmaq çox çətindir.
Təbii ki, bütün bunları nəzərə aldıqda, Ağ Evin yeni sahibinin Qrenlandiya və Kanadanı hədəfə alması daha çox taktiki hərbi-siyasi manipulyasiya təsiri bağışlayır. Belə ki, Donald Tramp əvvəlki hakimiyyəti dönəmində ABŞ-ın NATO-dan çıxması ilə bağlı ideyanı gündəmə gətirmişdi. Donald Tramp hesab edir ki, NATO öz tarixi hərbi-siyasi missiyasını sona çatdırıb. Ona görə də, ABŞ bu nəhəng hərbi-siyasi alyansı maliyyələşdirməklə, digər üzv dövlətlərin təhlükəsizlik maraqlarına xərc çəkməyə borclu deyil. Və indi Donald Tramp NATO üzvü olan dövlətlərə öz hərbi büdcələrini dərhal artırmağı məsləhət görür.
Digər tərəfdən, Ağ Evin yeni sahibi Avropa Birliyini də ABŞ-ın qlobal iqtisadi maraqları qarşısında əsas rəqiblərdən biri hesab edir. Ona görə də, prezident Donald Tramp Avropa Birliyini də hədəfə almaqla, bu nəhəng qurumu zəiflədərək, ABŞ-dan asılı vəziyyətə salmaq niyyətini biruzə verir. Belə ki, Ağ Evin yeni sahibi ABŞ-ın şəriksiz qlobal hərbi-siyasi və maliyyə-iqtisadi hegemonluğunu təmin etmək üçün həm Avropa Birliyinin, həm də NATO-nun küncə sıxışdırılmasına ehtiyac duyur. Və bu iki nəhəng beynəlxalq qurumla münasibətləri gərginləşdirib, siyasi-ideoloji təzyiqləri artırmaq üçün bəhanə qazanmağa çalışır.
Bütün bunları nəzərə aldıqda, Kanada və Qrenlandiya blefi yaxşı hesablanmış geopolitik oyuna bənzəyir. Belə ki, Kanadanın suverenliyinin təhdid olunması əslində, ABŞ-ın məhz NATO-nu qarşıdurma məkanına çəkmək cəhdi kimi görünür. Çünki NATO-nun üzvü olan Kanadanın suveren hüquqları bu hərbi-siyasi alyansın himayəsi altındadır. Əgər, NATO-da patronajlıq statusuna malik olan ABŞ-ın Kanada ilə bağlı təhdidləri reaksiyasız buraxılarsa, onda bu alyansda təmsil edilən digər üzv dövlətlər də nə vaxtsa eyni taleyi yaşaya bilərlər. Və bu baxımdan, NATO ölkələrinin ABŞ-a sərt müqavimət göstərməklə, Ağ Evin yeni sahibinə siyasi qarşıdurma üçün bəhanə verəcəkləri şübhə doğurmur.
Eyni zamanda, Qrenlandiya məsələsi də birbaşa Danimarkanı hədəfə almaq cəhdi kimi görünmür. Belə ki, Qrenlandiya üzərində administrativ hüquqlara malik olan Danimarka həm NATO, həm də Avropa Birliyinə üzvdür. Yəni, Ağ Evin yeni sahibi yenə də Danimarka üzərindən NATO və Avropa Birliyi ilə siyasi qarşıdurma mühiti üçün bəhanə qazanmağa çalışır. Və zaman keçdikcə, bu bəhanələrin əslində, məzmununun ciddi şəkildə dəyişdiriləcəyi, tamamilə başqa istiqamətlərə yönəldiləcəyi də qətiyyən şübhə doğurmur.
Belə anlaşılır ki, prezident Donald Tramp üçün Kanada və Qrenlandiyanın ABŞ-ın tərkibinə qatılması yaxın perspektiv üçün nəzərdə tutulmuş hədəf deyil. Ağ Evin yeni sahibi ilk növbədə Avropa Birliyi və NATO-ya siyasi-ideoloji savaş açmaq üçün bu iki nəhəng qurumla real qarşıdurma mühitinin yaradılmasına can atır. Əgər, bu prosesin nəticəsində prezident Donald Tramp zəifləmiş NATO-nun "təhlükəsizlik çətiri"ndən məhrum olacaq Avropa Birliyini ABŞ-ın qlobal siyasi-iqtisadi rəqibləri sırasından çıxara bilərsə, onda növbəti mərhələyə start verilə bilər. Və həmin növbəti mərhələdə ABŞ-ın həm Kanada, həm də Qrenlandiya hədəflərinə bu dəfə radikal şəkildə irəliləməyə çalışacağı şübhə doğurmur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ