İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimal-Qərb bölgəsində meşə yanğınları güclənir: günahkarların cəzası nə olacaq?

Azərbaycanda bu yanğınlar bilavasitə insan amilindən qaynaqlanır

Artıq 4-cü gündür ki, Azərbaycanın Şimal-Qərb bölgəsində meşəlik və dağlıq ərazilərdə yanğın davam edir. Dünən daha bir yanğın ocağı Xaçmaz rayonunun meşəlik ərazisində qeydə alınıb. Şabran rayonunda yanğın ərazisi “Qalaaltı” turizm və istirahət mərkəzinə və hotelə çatıb.

Ötən gecədən etibarən Çıraqqala ətrafında güclü yanğınlar başlayıb. Yanğın gecə saatlarında şiddətlənib. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin səyi nəticəsində yanğına müəyyən qədər müdaxilə olunub. Lakin relyefin mürəkkəb olması yanğını söndürmək üçün çətinlik yaradır. Hotel rəhbərliyi zərurət yaranarsa, obyektdə istirahət edənlərin ərazidən evakuasiyası üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, avqustun 17-də Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilib. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Nazirlik bildirir ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

İradə İbrahimova: Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq  ağackəsənlərlə əlbir olmaqda ittiham edirlər - AZƏRTAC

İradə İbrahimova

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın “Yeni Müsavat”a verdiyi məlumata görə, nazir müavini Firdovsi Əliyev və nazirliyin regionda fəaliyyət göstərən bütün qurumlarının əməkdaşları yanğın baş verən gündən ərazidədir: “Havaların isti və quraq keçməsi ilə əlaqədar  meşə və təbiət əraziləri yanğına daha həssasdır. Bu səbəbdən mütəmadi olaraq vətəndaşlarımıza, təbiət qoynunda istirahət edən turistlərə, meşə ətrafında yaşayan kənd sakinlərinə, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara və fermerlərə müraciət edirik ki, qızmar yay günlərində hədsiz diqqətli olsunlar, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, biçindən sonra sahələrə od vurmasınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb olur. Ona görə də, bir daha vətəndaşlarımıza çağırış edirik ki, təbiətə, insanlara ölçüyəgəlməz zərər vuran yanğınlardan nəticə çıxaraq və hamımızı sarsıdan bu cür ürəkağrıdıcı fəlakətlə bir də üzləşməmək üçün daha da duyarlı olaq”.

Məlumat üçün bildirək ki, hazırda bütün dünyada meşə yanğınları qeydə alınır. Ümumiyyətlə, avqust ayı bir qayda olaraq dünyanın müxtəlif ərazilərində baş verən meşələrdə yanğınlarla yadda qalır. Əksər ərazilərdə yanğınlar təbii səbəblərdən meydana gəlir: torf və müxtəlif tezalışan bitkilər kəskin istilər nəticəsində alovlanır. Lakin Azərbaycanda belə təbii səbəb demək olar ki, mövcud deyil. Ölkəmiz meşələrin sahəsinə görə kasıb ölkələrdən biridir. Cəmi 12 faizə yaxın ərazi meşə ilə örtülüb. Bu meşələrdə torf və ya tezqızışan bitkilər olmadığına görə yanğınlar bilavasitə insan ehtiyatsızlığı, bir sıra hallarda isə məsuliyyətsizliyi üzündən baş verir.

Rəsmi statistika göstərir ki, bu ilin 5 ayında Azərbaycanda meşə yanğınları ötən illə müqayisədə azalıb. Belə ki, əgər ötən ilin yanvar-may aylarında meşə və meşə talalarında 20 yanğın hadisəsi qeydə alınmışdısa, bu il bu rəqəm 13 olub və 35 faiz azalma qeydə alınıb. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımovun mətbuata verdiyi açıqlamada bildirilir ki, 2021-ci ilin ilk 5 ayında açıq sahələrdə - əkin, meyvə bağları, ot tayaları və s. texnogen mənşəli yanğınların sayı 17, bu ilin müvafiq dövründə isə 10 fakt olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyd edilən sahələrdə yanğınların sayında 41 faiz azalma müşahidə edilib.

“Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları”na görə, meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür. Bu yay meşəlik ərazilərə istirahətə gedənlərin sayı dəfələrlə çoxdur. Bu isə nazirlik əməkdaşlarının işini çətinləşdirir. Yay başlayandan indiyədək nazirlik dəfələrlə istirahətə gedən şəxslərə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırıb.

Şabranda yanğınlar zamanı xəsarət alanlar var - YENİLƏNİB + VİDEO - xeberler

Ekologiya və Təbii Sərvətləri Nazirliyindən verilən məlumata əsasən, yay mövsümündən əvvəl xüsusi mühafizə olunan təbiət ərazilərində gücləndirilmiş iş rejimi tətbiq olunur: “Şəxsi heyət manqalara bölünərək onların hər birinə vəzifə təyinatları verilir. Yanğın baş verdiyi  zaman kimin hansı vəzifəni yerinə yetirməli olduğu müəyyənləşdirilir. Şəxsi heyət yanğınsöndürmə zamanı istifadə olunan xüsusi avadanlıqların sazlığına da nəzarət edir”.

Qurumdan qeyd olunub ki, bundan əlavə meşələrin yanğından mühafizəsi üçün yaz mövsümündən başlayaraq yanğın başvermə ehtimalı olan ərazilərdə süni sututarlar da yaradılır: “Həmçinin yanğının əkin, təsərrüfat sahələrindən xüsusi mühafizə olunan ərazilərə keçməməsi üçün mövsümün əvvəlində həmin ərazilərin sərhədi boyunca mineral zolaqlar salınır. O ərazilər şumlanır ki, yanğın baş verərkən alov meşə ərazilərinə keçməsin”.

2021-ci ildən etibarən ETSN və FHN xüsusi mühafizə olunan təbiət ərazilərində birgə təlimlər keçirməyə başlayıb. Təlimlərə yerli kəndlərin əhalisi də cəlb olunur.

FHN-in meşəlik ərazilərdə istirahət edənlərə ünvanladığı xəbərdarlıqda bildirilir ki, meşə yanğınlarının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır: “Meşələrə sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər tezalışan mayelərə bulaşmış əsgi və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması yolverilməzdir”.

Azərbaycanın Meşə Məcəlləsinə əsasən meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar.

Şabranda 13 ev yanıb Yeni Sabah

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 260.1-ci maddəsinə əsasən odla, digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini, digər yaşıllıqları məhv etmə, zədələmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə, 1 ilədək müddətə islah işləri, 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan əlavə, 2020-ci ildə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Qanunvericiliyə əsasən meşədə aşağıdakılar qadağandır:

- Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi;

- Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması;

- Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin, müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması;

- Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının qalıqlarının atılması və yandırılması.

Baxmayaraq ki, meşələrdəki yanğınlara görə ciddi cəzalar müəyyənləşdirilib, Azərbaycanda indiyədək kiminsə meşələrdə yanğına səbəb olduğuna görə cəzalandırıldığına dair məlumata rast gəlinmir. Bu isə yanğın nəticəsində dövlətə, biznesə və vətəndaşlara dəyən zərərin ödənməsi imkanlarını məhdudlaşdırır. Hazırda Dövlət Turizm Agentliyi (DTA) Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar nəticəsində həmin ərazilərdə olan turizm infrastrukturuna dəymiş ziyanı araşdırır: “Rayonlarda baş verən məlum yanğınlarla bağlı prosesləri izləyirik. Aidiyyəti strukturlara sorğular vermişik və bu istiqamətdə məlumatları toplayırıq. Bundan sonra isə turizm infrastrukturuna dəyən ziyanın miqyası müəyyənləşəcək”(Report).

Aydın məsələdir ki, özəl turizm obyektlərinə dəyən zərər yalnız onlar sığortalandığı hallarda sığorta şirkətləri tərəfindən qarşılanır. Sadə vətəndaşlara gəlincə, əgər onların yanğına məruz qalan torpaqlarda sığortalanmış əkin sahələri varsa və həmin sahələrdə yanğın nəticəsində məhsul zay olubsa, bu zaman sığorta haqqı ala bilərlər. Dövlət tərəfindən əsasən vətəndaşların evlərinə dəyən zərərin qarşılanması hallarına rast gəlinir.

Bir sıra ekspertlər dövlət qurumlarının meşəlik ərazilərdə yanğından mühafizə tədbirlərinə etinasız yanaşdıqlarını bildirirlər. Onların fikrincə, meşələrdə yanğın təhlükəsi adətən iyul-sentyabr aylarında böyük olduğuna görə həmin müddətdə əhalinin ən çox üz tutduğu ərazilərdə yanğından mühafizə qüvvələrinin və müvafiq texnikanın sayı artırılmalıdır. Eyni zamanda yanğını törədənlər tapılaraq cəzalandırılmalıdır ki, digər vətəndaşlarda da məsuliyyət hissi formalaşsın...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR