İnsanlara hürriyət, millətlərə istiqlal!

Seymur Talıbovun alimləri şoka salan “istedadı”

Elmi dərəcələrin alınmasında şəffaflıq problemi; təhsil eksperti: “Dünya ölkələrində bu prosesi həyata keçirən ayrıca qurum yoxdur...”

“Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun elmi fəaliyyətini araşdırdım. Şokdayam. Bu adam 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. 2013-cü ildə elmi işini müdafiəyə təqdim edib”.

Bu fikirləri tarixçi alim Zaur Əliyev deyib.

“2012-2013-cü illər arası 14 "məqaləsi" çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Halbuki o jurnallarda məqalə çap etmək üçün alim 6 ay gözləməlidir. Amma bu “alim” qısa zamana ardıcıl məqalələr dərc edib. Azərbaycan elmində şok inqilab edən Seymur Talıbov cəmi il yarım ərzində işini bitirib, müzakirədən keçirib və müdafiə edib. Halbuki müzakirə-seminar və müdafiə üçün ən azı 6 ay vaxt lazımdır.

Plagiat, pulla yazılan elmi işlər – Alim açıqladı

Zaur Əliyev

Proses belədir. Dissertasiya ən uzağı 2 ilə yazılır. 7 məqalə, üstəgəl biri xaricdə tələb edilir. Bunu da ancaq iki ilə etmək olar. Sonra aralarında 3 ay fərqlə iki müzakirə olmalıdır. Seminara qədər 3 ay, müdafiəyə də 1,5 ay. Sənədlər bir aya hazırlanır gedir Ali Attestasiya Komissiyasına. Orada da ən azı 6 ay işə baxılır. İndi özünüz hesablayın... Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov “yazıb”.

S.Talıbov 2014-cü ilin əvvəlində fəlsəfə doktoru diplomu alıb. Cəmi 2 aya. Orada təkcə ekspertlər 2 aya işi oxuyur, rəy verir. 2 ay ərzində texniki baxış keçirilir, Rəyasət Heyətinə çıxır. 1 ay ərzində işə baxılır. Sonra da növbəti ay ərzində diplom təqdim edilir. Özünüz hesablayın... Dünyada elə adam yoxdur ki, sənədləri AAK-a versin və diplomunu belə qısa zamana alsın... 1 il 9 ay ərzində elmi iş götür, mövzunu təsdiqlə, Koordinasiya Şurasından keç, 14 məqalə, dissertasiya yaz, müzakirə-seminar-müdafiədən keç və diplomunu da al! Əsl alimlər bilir ki, bu prosesi ən super-alim 3 ilə güclə çatdıra bilər. Amma Seymur Talıbov elmin supermenidir! Nobel düşür buna görə ona!" - Zaur Əliyev bildirib.

Şübhəsiz, S.Talıbov kimi “alimlər” ölkədə az deyil. Bəs çıxış yolu nədir?

İlqar Orucov: Cari ildə yeni və maraqlı layihələr həyata keçirməyi  planlaşdırırıq - AZƏRTAC

 İlqar Orucov

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki,  elmi dərəcələr və elmi adlar Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyası tərəfindən verilir. Dünya təcrübəsinə nəzərə saldıqda xeyli fərqlər var: “Dünya ölkələrində bu prosesi həyata keçirən ayrıca qurum yoxdur, proses universitetlərdə həyata keçirilir. Ali Attestasiya Komissiyası SSRİ-dən qalıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Bizim ali təhsil müəssisələrimiz hazırkı dönəmdə bu prosesi həyata keçirmək iqtidarında deyil. Buna görə də Ali Attestasiya Komissiyasının şəffaf və birbaşa nizamnamə tələblərindən irəli gələrək fəaliyyət göstərməsi üçün Azərbaycanda mühit yaradılıb. Təəssüf ki, bu qurumla bağlı xoşagəlməz məqamlar var idi.

Bununla əlaqədar müəyyən addımlar atılıb. Ölkə başçısı bu yaxınlarda elmi dərəcələrin verilməsi ilə bağlı yeni əsasnaməni təsdiq etdi. Tələblər gücləndirilib ki, bu da şəffaflığın təmin edilməsi üçün kifayət qədər önəmli məqamdır. Normativ baza, çərçivələrin müəyyən edilməsi vacibdir. Biz ali təhsil müəssisələrimizi həm də tədqiqat mərkəzlərinə çevirməliyik. Bunun üçün zaman lazımdır".

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov hesabat tədbirində çıxışı zamanı demişdi ki, elmi dərəcə və elmi adların verilməsi səlahiyyəti universitetlərdə olmalıdır: “Təhsil haqqında Qanun layihəsinin müzakirəsində də bu məsələni bir neçə dəfə təklif etmişik, amma ciddi müqavimət var. Bunun nə zaman aradan qalxacağını deyə bilmərəm. Biz artıq UNEC dosenti, UNEC professoru adını təsis etmişik. Bizim verdiyimiz bu adla universitetimiz daxilində professor, dosent maaşı almağa iddia etmək mümkündür”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR