Onlayn ictimai-siyasi qəzet
Səudiyyə Ərəbistanı Rusiyanın Qərbdəki aktivlərinin müsadirə ediləcəyi təqdirdə Avropa Birliyinin borc qiymətli kağızlarını satacağı ilə hədələyib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ər-Riyad Qərbə beynəlxalq hüquqa riayət edilməsinin zəruriliyi ilə bağlı “aydın siqnal” verib. Eyni zamanda, bildirilib ki, Krallığın Maliyyə Nazirliyi belə tədbirləri dəstəkləmir.
Departament rəsmiləri “Bloomberg”ə deyiblər ki, Səudiyyə Ərəbistanının G7 üzvləri və digər ölkələrlə münasibətləri qarşılıqlı hörmətə əsaslanır, ona görə də qlobal artıma və beynəlxalq maliyyə sisteminin sabitliyinə töhfə verən məsələlər üzrə dialoqlar davam etdiriləcək.
Körfəz ölkələrinin avroya və Aİ qiymətli kağızlarına ümumi investisiyaları təxminən 15,1 milyard avro təşkil edir.
Bloomberg yazıb ki, Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində G7 ölkələrinin Rusiya Federasiyasının dondurulmuş 300 milyard dollara yaxın aktivlərini müsadirə etmək qərarına gələcəyi təqdirdə, bəzi Avropa borclarını sata biləcəyinə işarə vurub.
Agentliyin mənbələrinə görə, Krallığın Maliyyə Nazirliyi bəzi G7 ölkələrinə Kiyevə kömək etmək üçün Rusiya aktivlərindən istifadə ideyası ilə razılaşmadığını bildirib. Mənbələrdən biri bunun üstüörtülü təhdid kimi səsləndiyini vurğulayıb, çünki Ər-Riyad xüsusi olaraq Fransa Xəzinədarlığı tərəfindən verilən borcları qeyd edib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ